Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:49

“Baku 2015 – Giriş qadağandır”... Yerli sürücülər üçün...


Avropa Oyunlarına hələ on gün qalıb, lakin sürücülər “Oyunlar zolağı”nın oyununa düşdüklərindən qəzəblədirlər. Bakıda tıxac üstünə tıxac, dərd üstünə dərd gəlib.

“Oturduğum yerdə 40 manat ziyana düşdüm, mən səliqəli sürücüyəm, qayda pozmuram, amma indi məndən asılı olmadan qaydanı pozdum”. Bakının Sulutəpə qəsəbəsində yaşayan sürücü Nailə AzadlıqRadiosuna müsahibəsində deyir ki, “Oyunlar zolağı”nın oyununa düşüb:

“Avropa oyunlarına görə küçələrə sarı zolağın çəkildiyindən, qadağanın da mayın 29-da qüvvəyə mindyindən xəbərim vardı. Mayın 30-da maşınla günorta evdən çıxdım, avtovağzal istiqamətinə yaxınlaşanda gördüm ki, əməlli-başlı tıxac yaranıb. Bu yol 7 zolağa kimi qalxır, 500-700 metrdən sonra 4 zolağa keçir.

Adi vaxtlarda belə yol daralandan sonra oranı tıxacsız keçmək olmur. Qarşıda hansısa zolağa girişin qadağan olduğunu göstərən heç bir nişan da yoxdur. Sağdan-soldan maşınlar məni sıxır, Bakıda bilmirsinizmi, tıxac olanda necə sürürlər, məni də sıxa-sıxa sağdakı axırıncı zolağa çıxardılar. Maşınları bir-birindən bir neçə santimetr ayırır, bütün diqqətim orda idi, maşını sürməyim? Bir də baxdım ki, sarı zolaqdayam”.

“Gecə saat 1-də sarı zolaq hayıdırmı?”

Nailə “sarı zolaq” hekayəsini hər kəsə yarıhirsli, yarızarafat danışır. Sürücü Xəyal Məmmədxanlının isə zarafat eləməyə halı yoxdur, qadağa qüvvəyə minəndən bəri qadağanı pozmasa da, “Oyunlar zolağı” ucbatından yaranmış tıxaclar onu hövsələdən çıxarıb:

“Mayın 31-də gecə saat 1-də Tbilisi prospektindən üzü 20 yanvara sarı 1 saatdan çox saatda 10-20 km-lə hərəkət eləmişəm. Sadəcə biabırçılıqdır, gecə saat 1-də “sarı zolaq” hayıdırmı? Mən “sarı zolaq” məsələsini Azərbaycan vətəndaşlarına, Bakı sakinlərinə qarşı hörmətsizlik kimi, onları aşağılamaq kimi qarşılayıram. Oyunlara hələ 11 gün var.

Tıxac üstə tıxac gəlib
Tıxac üstə tıxac gəlib

Mən hələ o zolaqlarda Avropa Oyunlarına məxsus avtomobilin getdiyini görməmişəm. İkincisi, tutaq ki, Oyunlar başlayıb, bu məhdudiyyəti günün müəyyən saatlarından tətbiq etmək olardı. Daha gecə yarısı yox. Adamları niyə belə gülünc vəziyyətə salırlar? Ölkənin gücü-qüdrəti onun xaricilərə necə görünməsi ilə yox, öz vətəndaşlarına qoyduğu hörmətlə ölçülməlidir”.

Yoldakı iki zolaq - biri sarı, biri ağ

Sarı zolaqlar şəhərin bir neçə küçəsində, prospektində çəkilib. AzadlıqRadiosunun müxbirlərinin müşahidələrinə görə, bəzi yollar iki zolaq olduğu halda birinin “sarı zolağa” keçirilməsi birinci yolun yükünü bir neçə qat artırıb, adi saatlarda belə hərəkət saatda 10-20 km-dir.

Məsələn, Heydər Əliyev prospekti - Ziya Bünyadov prospekti -“20 Yanvar” dairəsi - 20 Yanvar tunelinə girəndə 3 zolaqdan ikisi sarı xətlə ayrılıb, hansı zolağa girişin qadağa olduğunu göstərən nişana isə yolun yarısını qət edəndən sonra rast gəlirsən.

Azneft meydanından Dövlət Bayrağı Meydanına doğru gedən yol ikizolaqlıdır. Soldakı zolaq sarı xətlə işarələnib, sağ zolaq isə hamı üçündür. Ancaq sağ zolaqda ya avtomobillər dayanıb, ya da avtobus dayanacağı var. Bu isə sürücüləri qadağanı istəmədən pozmağa məcbur edir.

“Niyyət təhlükəsizlik olsaydı...”

Xəyal Məmmədxanlı da öz müşahidələrini bölüşür: “Bəzi yollar var ki, 3 zolaqlıdır: birincisi sağa dönmək, ortadakı düz getmək, soldakı zolaq isə sola dönmək üçün nəzərdə tutulub. Ortadakı zolağı sarı xəttlə ayırıblar. İndi düz getmək istəyən hansı zolaqda hərəkət etsin?

İndi hər şey qarışıb bir-birinə. Sanki sürücülərin qayda pozmasına qəsdən şərait yaradıblar ki, pul qazansınlar. Əgər niyyət təhlükəsizlik məsələsi olsaydı, bunun çox yaxşı sivil yolları vardı”.

“Sarı zolaq”la bağlı bəzi yerlərdə yol hərəkəti düzgün təşkil edilməyib”. Bunu AzadlıqRadiosuna müsahibəsində hüquqşünas Ərşad Hüseynov deyir. Onun sözlərinə görə, sarı zolağın çəkilməsi zamanı bir sıra nöqsanlara yol verilib.

Ərşad Hüseynov deyir ki, sürücülər məcburiyyətdən qaydanı pozsalar, buna görə cərimə olunsalar, məhkəməyə müraciət edə bilərlər: “Ancaq biz bir neçə gündür, təbliğat aparıb sürücülərə məsləhət edirik ki, sarı zolağın qüvvədə olduğu müddətdə şəxsi avtomobildən istifadə etməyin, yox, məcbursunuzsa, alternativ yol seçin, bu da yoxdursa, çalışın, sarı zolağa girməyin”.

Yol polisi icazə verərsə...

Ancaq hüquqşünas ona da ümid edir ki, yol polisi məcburiyyətdən “sarı zolaq” qadağasını pozan sürücülərə güzəştə gedəcək. Adının çəkilməsini istəməyən yol polisi AzadlıqRadiosuna deyib ki, pik saatlarda, tıxac yarandığı təqdirdə onlar yola nəzarət edirlər:

“Baku 2015 – Giriş qadağandır” nişanının asıldığı və ya yazıldığı sarı zolağa keçməyin cəriməsi 40 manatdır. İyunun 1-nə qədər 1500-ə yaxın sürücü cərimələnib. “Sarı zolaq” büdcəyə təxminən 60 min manat xeyir gətirib.

“Bu zaman biz avtomobillərə işarə edirik ki, sarı xətli zolaqla yollarına davam etsinlər, təbii ki, onlara cərimə yazılmayacaq. Ancaq yol polisi göstəriş vermədiyi təqdirdə sarı xətti keçsələr, cərimə ödəməli olacaqlar”.

Gəlir gətirən qadağan

“Baku 2015 – Giriş qadağandır” nişanının asıldığı və ya yazıldığı sarı zolağa keçməyin cəriməsi 40 manatdır. Bakı şəhər Dövlət Yol Polis İdarəsindən ANSpress-ə verilən məlumata görə, iyunun 1-nə qədər 1500-ə yaxın sürücü cərimələnib. “Sarı zolaq” büdcəyə təxminən 60 min manat xeyir gətirib.

Bundan başqa "Oyunlar zolağı" digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən, 80 manat və 4 cərimə balı ilə cərimələnəcəklər.

“Oyunlar zolağı” iyulun 1-nə qədər qüvvədədir.

XS
SM
MD
LG