Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:40

Qalib Şəfahət. Şeirlər və hekayələr


Qalib Şəfahət
Qalib Şəfahət

-

Qalib Şəfahət

Şeirlər

GÖZÜNÜ AÇ

Gözünü aç, bir baxım,
Bir də görüm özümü.
Baxışın mürgüləyir -
Vərəqləyim gözümü.

Gözünü aç, bağlama,
Yeirim hardadı, bilim.
Qəlbim əsir düşübdü -
Gedib yolunda ölüm.

Gözlərini bir aç, bax,
Gözlərin nə haldadı?
Həsrət çoxdan çatıbdı -
Vüsal hələ yoldadı.

Göz yaşın quruyubmu?
Havam çatmır, boğuldum.
Ürəyində öləcəm -
Gözlərində doğuldum.

UZUN GECƏ

Bu gecə oxşayır sənə,
sənin kimi qaranlıqdı.
Mənim bəxtim səhərədək
O yanlıq, ya bu yanlıqdı.

Açılacaq bu gecə də
açılmayan mən olacam.
Mən olacam uzaqlarda,
elə mənsiz sən olacam.

Gələn gecəni gözləyib,
qaranlığa tələsəcən.
Sən mənə tərəf gəlsən də,
mən səni heç görməyəcəm.

Bu gecəni sərib yerə
üstündən adlamaq olmur.
Ya da bir kənara qoyub,
nə büküb, qatlamaq olmur.

Bu gecə uzun gecədi,
uzandıqca uzanacaq.
Ha qaçsaq da çatammarıq,
gecəmiz yolda qalacaq.


ÜRƏYİNDƏ

Çöl yaman soyuqdur, gülüm
Yatır məni ürəyində.
Sən ümman ol,mən bir qayıq
Batır məni ürəyində.

Dərdə yara düşən kimi,
Qəlbə qara düşən kimi,
Bir az dara düşən kimi,
Götür məni ürəyində.

Ağıllı bil, ya divanə
Yolum qəlbində yubana.
Son mənzillə son ünvana
Çatdır məni ürəyinə.

VUR BAŞIMA ÜRƏYİMİ

Yarımadı bir işə ki!
Vur başıma ürəyimi.
Əlindən niyə düşə ki?..
Vur başıma ürəyimi.

Sevib, sevilə bilməyib,
Danışıb, dinə bilməyib.
Sənsiz ki, ölə bilməyib,
Vur başıma ürəyimi.

İndən belə nə faydası,
Dərdim toy tutub oynasın.
Vur sınsın qəlbin aynası,
Vur başıma ürəyimi.

Etibarsız sirdaş kimi,
Başsız qalan bir baş kimi,
Al əlinə, vur daş kimi-
Vur başıma ürəyimi.

Nə çırpınsın, nə döyünsün,
Qoy daş olub, daşa dönsün.
Ürəyim başıma dəysin,
Vur başıma ürəyimi.

Dərdimə bir dərd qatılıb,
Eşqim başıma atılıb.
Qəlbim eşqimə satılb,
Vur başıma ürəyimi.

Qapısı qəlbiin açıqdı..
Bəlkə baş alıb qaçıbdı?
Dərdimdən ki, diri çıxdı!
Vur başıma ürəyimi.

ÜRƏYİM QURAQDA QALIB

Ürəyimə yağmır yağış,
ürəyim quraqda qalıb.
Hamıdan uzağa gedib,
hamıdan uzaqda qalıb.

Gücü yoxdu, güc verməyir,
cücərdən yox, cücərməyir,
Heç kəs onu becərməyir-
əkindən qıraqda qalıb.

Gözə dəyməyir, görələr,
ələ yetməyir, dərələr,
dərib bir qıza verələr,
Elə künc - bucaqda qalıb.

APARAQ BU ÖMRÜ PAYIZA QƏDƏR

Bahardan keçmişik, yaydan keçmişik,
Aparaq bu ömrü payıza qədər.
Günəşli, gündüzlü aydan keçmişik,
Aparaq bu ömrü payıza qədər.

Şirin öpüşləri dodaqdan qalan,
Hələ dərilməyib budaqda qalan.
Məndən kənaz gəzib, uzaqda qalan,
Aparaq bu ömrü payıza qədər.

Ağzında dünyanın tamı qaçanda,
Rəngi saralanda, qanı qaçanda,
Səndən uzalaşıb hamı qaçanda,
Aparaq bu ömrü payıza qədər.

Arzular zirvədən enib qalanda,
Ümidlər gözündə sönüb qalanda.
Yollarım payıza dönüb qalanda,
Aparaq bu ömrü payıza qədər.

Ömür yollarında sən demə qısa,
Əsən xəzan yeli batmasın yasa.
Gözlərində eynək, əlində əsa,
Aparaq bu ömrü payıza qədər.

Səni də, məni də bax, üzdən keçir,
Nəyin var, nəyin yox, bir gözdən keçir.
Onsuz da bu ömür payızdan keçir,
Aparaq bu ömrü payıza qədər.

GÖZLƏDİM

Əvvəl səni gözlədim,
Sonra eşqimi -
Ondan sonra ölümü.

Nə sən gəldin,
Nə eşqim...
Açdım gözlərimi
Qapının ağzını
Kəsdirib ölüm!

EŞQİMİZ

Özgə idik,
Bir olduq...
Birləşdirdi bizi.
Sənə də, mənə də
Sahib çıxdı
Eşqimiz.

GƏLMƏZDİM

İncitmişdin qəlbimi,

küsdürmüşdün məni.

Bəlkə də ...

Gəlməzdim!

Arzuları

qova-qova,

Gəlib

çıxmışam sizə.


OYATMAĞA ƏLİM GƏLMƏDİ

Xəyallarım,
Məndən uzaq düşdün.
Sənsiz darıxdım,
Aradım, axtardım
Bir qız qucağında
Xumarlanıb yatan
gördüm.
Qıymadım oyatmağa -
Əlim gəlmədi.
Əfv etdim
Səni.


***

Yuduq
keçmişimizi…
Gələcəkdə
Təmiz
görünmək üçün.
Ləkəli yerlərin
sapı
süzüldü.

***

Sənə bağladığım
ümidlərin
yerini
boş qoymuşam.
Nə vaxt istəsən,
yaza bilərsən
özünü
öz əllərinlə…

Bizim oyunumuz

Barmaqların

Elə ölüdür ki,

Qəlbimə nə qədər

Döysən də,

Nağara çubuqları kimi,

Sən istəyən havanı çalmayacaq.

Nə sənin sümüyünə düşəcək,

Nə də ki, mənim.

Nə sənin havan olacaq,

Nə də ki, mənim.

Havasızlıqdan boğulduq.

Oynamağa nə sənin həvəsin olacaq,

Nə də ki, mənim.

Bizim oyunumuz baş tutmayacaq,

Başını tutub qaçacaq.

HEKAYƏLƏR

O KƏND BİZİM KƏNDİMİZDİR

(hekayə)

Onda əsgər idim. Cəbhə bölgəsində xidmət edirdim. Düşmənlə üz-üzə dayanmışdıq. Həmin günü müşahidə postunda keşik çəkirdik.

Yaşlı bir qadının yanında da orta yaşlıbir kişi asta-asta səngərə yaxınlaşdığını gördük. Əvvəlçə gözlərimə inanmadım. Neçə vaxt idi mülki geyimdə adam görmürdüm. Mənə xəyal kimi gəlirdi. Bir də diqqətlə baxdım. Yox, bu həqiqət idi.

Şübhələnməyə başladım: “Bu qadın niyə səngərə yaxınlaşsın axı? Nə işi ola bilər burada?! Özləri yaxşı bilir ki, buradan o yana düşmənin zəbt etdiyi ərazilərdir. Ya düşmən tərəfin növbəti hiyləsidir, ya da onlar tərəfdən kimsə canından bezib bizim tərəfə keçib,” – fikirləşdim.

- Dayan! - kamandası verdim.

Kişi ayağını saxladı, qadın başından yaylığını açıb yelləyə-yelləyə bizə yaxınlaşırdı. Yerimdə donub qalmışdım. Əsgər yoldaşımla bir-birimizin üzünə baxırdıq. Nə edəcəyimizi bilmirdik. Postda mülki şəxslərlə təmas yolverilməz idi.

Yaxınlaşdıqca qadının səsi aydınca eşidilirdi:

-Oğlum, narahat olmayın, mən sizdən o yanda yerləşən kənddənəm. Kəndimiz yadıma düşüb. Dedim, yaxından görə bilməsəm də, heç olmasa uzaqdan baxım. Yaşlı adamam, bu gündən sabaha etibar yoxdur.

“Kəndimiz” deyəndə kövrəldim. Bir anlıq öz kəndimiz yadıma düşdü. Biz də öz kəndimizi Göyçə mahalında qoyub çıxmışdıq. Əsgər olmaq, bir ananı qıracaq qədər qəddar olmaq deyil ki…

Ziddiyətli düşüncələr içində idim. Qadın isə davam edirdi:

– İndi bu kənddə yaşayırıq. - Əli ilə gəldiyi tərəfi göstərdi. - Neçə gün idi əzizlərimi yuxuda görürdüm. Gileylənir, məni etibarsızlıqda günahlandırırdılar. Deyirdilər, bu illər ərzində bizi niyə arayıb axtarmırsan? Cavab verə bilmirdim. Deyə bilmirdim, yollar əvvəlki yollar deyil. Bu kənddən o kəndə 20-30 dəqiqəlik piyada yol indi çox uzanıb. 20 ildir o kəndə yol gedirəm, hələ də gedib çata bilmirəm.

Öz hıçqırtıma oyandım. Yuxumu oğluma danışdım. Uzaqdan olsa da öz kəndimizə baxmaq istədiyimi söylədim.

Qadın həsrətlə qarşıdakı viran qoyulmuş kəndə baxırdı.

Dərindən köksünü ötürüb dedi:

-Ay bala, gör bir necə yerlə-yeksan eləyiblər. O gözəl kəndimizdən əsər-əlamət qalmayıb, xarabalığa bənzəyır.

Günəş şəfəqlərikəndin ortasındakı tikilinin dam örtüyünü parıldadırdı:

-Hə, bax, orda xalçaçılıq muzeyi var idi. Qız-gəlin xalça toxuyardılar orda. Özü də əsl Qarabağ xalcası. Yəqin indi dağıdıblar. Bizim evin yanındaydı. Eh,.. necə gözəl günlər idi…

Oğlu gülümsünərək dedi:

-Ay ana, bəs deyirdin gözüm yaxşı görmür. Göz dəyməsin, gələndə məndən yeyin gəlirdin?!.

-Hə, a bala, yurd həsrəti ağır dərddi. O tərəfin adı çəkiləndə ayağım da açılır, gözümə də işıq gəlir.

Dünyanın gözəl vaxtlarındayolum bir yerədüşəndə ev-eşiyi kişiyə tapşırardım. Bu dəfə o da yoxdu, rəhmətə getmişdi. Qapıları bağlayıb açarlarını özümlə götürmüşdüm. Hələ də saxlayıram. Deyirəm yəqin ki, qismət olacaq, nə vaxtsa o tərəflərə bir də gedə biləcəyəm.

Arvad düz gözümün içinə baxırdı. Sanki demək istəyirdi, izn versəydin kəndimizə gedib dəyərdim. Baxışlarından oxuyurdum. Özümü günahkar kimi hiss edirdim. Onun arzusunu yerinə yetirməkdə çox aciz idim.

O, dillənəndə xəyaldan ayrıldım.

-Kaş heç olmasa o qəbiristanlığa (qəbirsanlıq sərhədə yaxın yerləşirdi) gedib əzizlərimiziziyarət edə biləydim. Yox, bilirəm, mümkün deyil.

Sağollaşıb gedəndə, mənə, ”bala, imkan tapsan, bizə gələrsən, bax, evimiz o görünən təpənin üstdəki evdi, mütləq gəl ha!”- dedi.

- Gələcəyəm, - deyib söz verdim.

Hərbi xidmətib başa vurub, tərxis olunmuşdum. Bənövşə nənəyə verdiyim söz yadımdan çıxmamışdı.

Məni oğlu qarşıladı. Evə dəvət edib, çay süfrəsi açdı. Amma Bənövşə nənə gözə dəymirdi. Görünür evdəyoxdu, olsaydı, gəlib mənimlə görüşərdi.

Oğlu mənim döyukdüyümü görüb sözə başladı:

-Yəqin Bənövşə nənəni axtarırsan. Yazıq arvad elə bil o ziyarətə bənd imiş. Gəldik, sağ-salamat yerinə girib yatdı. Səhəryuxudan oyanmadı. Sözsüz-sovsuz dünyadan köçdü.

Allah rəhmət eləsin,- deyib ayrıldım. Tezliklə yolumu gözləyən yaxınlarıma qovuşacaqım. İçimdə bir təlatüm vardı. Bilmirəm yaxınlarıma qovuşmaq arzusundan idi, yoxsa o kənd haqqında təəssüratlar mənı çox darıxdırırdı.

Avtobus uzaqlaşdıqca kənd mənə daha da yaxınlaşırdı. Mən onu tərk etmişdim, o kənd isə məni tərk etmirdi.Evimizə kimi mənimlə gəldi. İndi kəndimizdən baxıram o kəndə…

O kənd bizim kəndimizdir!..

Avropadan gətirilən eşşəklər

(hekayə)

Mahal müəllim gördü ki, müəllimlikdən bir şey çıxmır, daşını atdı:

- Əşi, bu müəllimlik adama nə verir ki? Uşaqlar da həddi-buluğa çatıb. Onlara bir gün ağlamaq lazımdır… Hələ onları oxutmaq var, əllərini bir yerə çatdırmaq var, ev-eşik qurmaq var. Kim edəcək bunu məndən başqa. Müəllimliklə də nəsə eləmək mümkün deyil.

Sovet hökuməti dağılandan sonra kolxoz, sovxoz sistemi də dağılırdı. Xeyli torpaq götürüb fərdi təsərrüfat yaratdı. Kolxozdan qalmış qırıx-salxak texnikanın orasına-burasına əl gəzdirib, birtəhər işlərini yola verirdi. Arada fikirləşirdi:

- Ə, vallah nə çıxsa təsərrüfatdan çıxacaq. Nə var ey, bu müəllimlikdə?! Səhərdən axşama kimi başın-beynin xarab olur, ortalıqda da bir şey yoxdu. İndi maşallah, maldan- qoyundan alırsan, qatırsan çoban-çoluğun qabağına, səninki yol göstərib, nəzarət eləməkdi. Vaxtını uşağa dərs öyrətməyə sərf edənə kimi, mala-qoyuna sərf elə ki, ortada bir xeyrin olsun. Yoxsa, dərs dediyin uşaq oxuyacaq, ya oxumayacaq, nə bilim gələcəkdə nəsə bir şey alınacaq, ya alınmayacaq? Bir də mənim nəyimə gərəkdi, kim oxudu, kim oxumadı? Oxuyan özü üçün oxuyur. İndi elə bir zamandı, hər kəs közü öz qabağına çəkir.

Maddi imkanı yaxşılaşdıqca təsərrüfatını daha da genişləndirirdi. Gələcəkdə süd məhsulları şirkəti də açdırmaq fikrinə düşmüşdü. Arada xaricə gedib, südlük-ətlik cins mal-qoyun alıb gətirirdi.

Bir dəfə yenə cins mal gətirmək ücün xaricə getm işdi. Xeyli mal-qara aldı. Onu təsərrüfatda saxlanılan at, eşşək ilxısı da çox maraqlandırdı. Fikirləşdi ki, niyə mənim təsərrufatımda da olmasın? Keçən dəfə cins atlar almışdı. Bu dəfə eşşək almaq fikrinə düşdü. Con bu eşşəkləri elə təriflədi ki, onda maraq oyatdı:

- Əşı, deyək dünyada atdan cıdır yarışmasında istifadə edirlər, bəs eşşəyi niyə belə tərifləyir?

Condan qiymətini soruşdu. Min dollardı,-dedi.

Təəcüblü gəldi ona. Bizdə eşşəyi 15-20 manata verən sevinir. Bəs bu eşşəyi niyə belə mataha mıindirir? Harda olur olsun, eşşək eşşəkdi. Avropada oldu, Amerkada oldu, lap bizim Azərbaycanda oldu. Vallah bizim eşşəklə rin tayı-bərabəri yoxdu. Daşa da aparırlar, ağaca da! Qabağına qanqaldan- qunqaldan tökürsən, özü üçün yeyib sakitcə durur yerində. Amma, maraq ücün bir cüt alıb aparacam. Qoy desinlər, Mahal müllimin təsərrüfatında Avropadan gətirilmiş eşşək də var.

Gələndə çobanları Məmişnən Bəbişə bərk-bərk tapşırdı eşşəkləri:

- Ə, Məmiş, Bəbiş bu elə-belə eşşəklər deyil ha. Avropadan alıb gətirmişəm. Hərəsinə min dollar pul saymışam. Gözünüz üstündə olsun. Otunu, suyunu da vaxtı-vaxtında verin. Çox işə-gücə salmayın ha…

Məmiş Bəbişin qulağına pıçıldadı:

- Ə, Bəbiş, bir il malın-qoyunun arxasınca sürünürük, təsərrüfatda can qoyuruq, ikimizin aldığımız pul bir eşşəyin qiyməti qədərdi. Əsas eşşək kimi işləmək deyil, eşşək də olsan, gərək qiymətin olsun.

Bəbiş də:

- Qağa, neynək, əlacımız nədi. Başqa bir yerdən qazancımızmı var? Yoxsa, acından ölərik. Birtəhər başımızı girələyək. Bizə eşşək qədər də qiymət verməyən bir cəmiyyətdə yaşayırıq. Yaxşısı budur başımızı sallayaq, işimizlə məşğul olaq. Kasıbı kasıbçılığdan bəla tapır.

- Görən Avropada bizim eşşəklərə o qiyməti verən olarmı?

- Yox, kimdi o qiyməti verən. Özümüzünkülər o qiyməti verir ki, Avropalı da versin? Gərək qiymətləndirilə biləsən ki,qiymət verələr?

- Vallah nə eşşəyimizin, nə də itimizin qiyməti var? Bizim itlər gecə-gündüz bu boyda sürünün keşiyini çəkir, qurd-quzğuyla əlləşir, ya qabağına bir parça sümük atırıq, ya da bir tikə çörək. Amma Avropadan gətirilən itlərə necə pəh-pəhlə qulluq edirlər. Özü də evin içində. Hələ onlara göstərilən qulluğa bax, verilən yeməklərə bax! Heç olmasa həftədə iki dəfə şampunla çimdirirlər. Evdə yeyib, evdə yatır. Bizim itlər,özümüz kimi qaragünlüdürlər. Qarda-boranda çöldə-bayırda fırlanırlar. Bir daldalanacaq yerləri yoxdu.

- Sən bunları hardan bilir sən?

- Xalam oğlu Zakir şəhərdən gəlmişdi, o danışırdı. Vallah ağzım açıq qaldı. Hec o itlər görən günü, biz adam ola-ola görmürük.

- Bəbiş, bu Avropadan gətirilən eşşəklər başımıza bəla olacaq? Öz eşşəklərimizə nə var ki, nə cür rəftar edirsən et, kimdi sənə söz deyən. Lap ölsün!

- Vallah düz deyirsən, gərək bir az ehtiyatlı olaq.

Mahal müəllimin təsərüfatındakı Avropa eşşəklərinin soraği hər tərəfə yayılmışdı. Eşidən–bilən maraq üçün baxmağa gəlirdi ki, görəsən bizim eşşəklərdən fərqi nədir bunların? Bir dəfə Məmişin qohu mu Şülüm Şəmi (arada məzəli zarafatlar etdiyinə görə Şülüm Şəmi deyirdilər) üzünü gələnlərə tutub:

- Kim deyər, bu eşşəklər bizim eşşəklərdən nə ilə fərqlənir? Kim tapsa atamın başı haqqı, bir qonaqlıq verəjəm.

Hamı diqqətlə baxdı.Heç kəs bir söz deyə bilmədi:

- Tapmadınızsa mən özüm deyim. Deyəsən qonaqlıq heç kəsə qismət olmujax. Bunların başı iri deyil. Qulaqları balacadı. Gözləri xırdadı. Bədənləri incədi. Sual verə bilərsiniz niyə? Cavab verən varsa desin? Yoxsa özüm deyim. Başları ona görə yekə deyil ki, başına döyən yoxdu başlarını şişirdə. Qulaqları ona görə balacadı ki, qulaqlarını oraya, buraya şəh ləmirlər nəsə eşitsinlər. Gözləri ona görə xırdadı ki, ağır yük görəndə böyümür. Bədənləri ona görə incədir ki, onlar, bir qayda ilə yedirdilir. Ta bizimkilər kimi tapmayanda ac qalıb,tapanda da görməmiş kimi yeyib, qarınlarını şişirtmirlər.

Kimsə əlini əlinə vurub bərkdən güldü:

- Sənə Şülüm Şəmi deyənin atasına rəhmət!

…Xeyli müddət idi ki, eşşəklərə canla- başla qulluq edirdilər. Bir dəfə Mahal müəllim fermaya gələndə eşəyin yaxın günlərdə balası olacağını dedilər.

Mahal müəllim də yarı zarafat, yarı ciddi:

- Ə Məmiş, Bəbiş söz verirəm, eşşək doğandan sonra sizə əməlli- başlı bir qonaqlıq verəcəm. Başınızı açın!

Mahal müəllim gedəndən sonra Bəbiş Məmişə üzünü tutub:

- Məmiş məni bir şey maraqlandırır, tutalım bu eşşək doğdu. Lap elə dişi oldu. Yekələndi. O da doğmaq ərəfəsinə çatdı. Bizim eşşəklərnən bir yerdə olmağa

Mahal müəllim icazə vermir. Bəs bunun balası atasınnanmı olacaq? Ə, biyabırçılıqdı. Nə pis qanunları var ə. Bizim eşşəklər çöldə-bayırda nə edirlər, nə iş görürlər, xəbərimiz də olmur? Bir də deyirlər, eşşək də olsa atası öz balasına , balası öz anasına belə şeylərdə yaxın getmir. Amma bunlar bir yerdədilər. Başqa yolları da yoxdu. Bizim eşşəkləri də pozacaqlar, vallah, bu Avropa eşşəkləri.

- Gör nəyə fikir verirsən, işin-gücün yoxdumu? – Məmiş sifətini turşutdu.

Bir dəfə Bəbişin kefinin saz vaxtı idi. Məmişdən xəlvət :

- Nə olur olsun, bu eşşəyi də minib çapajam. Görum bunlar nejə qaçır? Yük yükləmirik-yükləmirik, heç olmasa qaçmaqları varmı?

Bəbiş erkək eşşəyi xeyli o yana-bu yana çapdı. Elə bil eşşəkdən nəyinsə qisasını alırdı. Həm də xoşu gəlirdi, eşşəyin qaçış ından. Dişi eşşək qulaqlarını şəkləyib elə bil tamaşaya baxırdı. Qəflətən eşşəyin ayağı büdrədi, yerə sərildi. Bəbişin ayağı eşşəyin altında qaldı. Özünü toplayıb, ayağını eşşəyin altından çıxardı. Ayağını sürüyə-sürüyə Məmişın yanına qaçıb, əhvalatı ona danışdı. Məmişi elə bil tok vurdu:

- Nə danışırsan, başımıza oyunmu açdın, yoxsa?

Erkək eşşək gözlərini bərəldib ölmüşdü. Dişi eşşək gözə dəymirdi.

- Yaxşı, erkəyi öldürdün, bəs dişi tayı hanı?

- Mən sənin yanına gedəndə burda idi. Bəlkə də etirazını bildiri b, qaçıb gedib?

- Hara qaçıb, ə?

- Gəldiyi yerə. Yəqin, bizim hərəkətlərimizə dözməyib, balasını da götürüb qaçıb ki, xilas ola. O eşşəklər Avropadan gətirilibsə, hər şey çıxar onlardan.

- Yaxşı hərəkət eyləyəydin də… Eşşək yol tanıyır ki, gəldiyi yerə qayıda. Sən bu kənddən o kəndə gedə bilmirsən. O necə Avropaya qayıtsın?

- Nə olsun eşşəkdi, çox insanlardan yaxşı qanır.

- Ə, giç- gic danışma?.

- Nə deyəcəyik? Vallah, mən yalan danışa bilmirəm, elə olduğu kimi danışacam!

- Elə olduğu kim də bizi eşşək əvəzi işlədəcək.

- Vallah, bir bəhanə tapammıram. Elə nə var düzünü dəjəm. Dəjəm ki, qaçırdırdım, görüm bizimkilər möhkəm qaçır, yoxsa bu Avropadan gətirilən eşşəklər? Əvvəlcə yerindən elə möhkəm götürüldü ki, dedim afərin, elə Avropa Avropadı də. Bir də gördüm sərildi yerə. Mən də belində. Ə, az qaldı öləm. Başım daşa elə dəydi ki… Hələ üstəlik ayağım altında qaldı. Çəkib zornan çıxardım. Ayağımı yerə zornan basıram. Hələ yaxşı ki, özüm altında qalmadım. Yoxsa qolum-qabırğam sınacaydı.

- Onda Mahal müəllimə xəbər verək, bilsin vəziyyət nə yerdədi.

…Mahal müəllim çox qəzəbli görünürdü. Elə bil yaxınını itirmişdi. Tərs-tərs Bəbişin üzünə baxıb:

- Ə Bəbiş, eşşəyi niyə öldürmüsən? Bəs sənə tapşırmamışdım, onlara yaxşı bax? Budur baxmağın?

Bəbiş kəkələyə-kəkələyə:

- Mmmən qqəsnən öldürməmişəm, aa, Mahal müəllim. Minib çapırdım, bir də yyerə ssərildi. Öözü ölüb.

- Ayə, durduğu yerdə də eşşək ölər?

- İinsan da öölür.

- Ayə, insan insandı, eşşək eşşək. İnsan ölür özünə, bizə nə dəxili? Eşşəyi niyə öldürmüsən?

- Yyyəni deyirsən insan ölə bilər, eşşək yox?

- Yaxşı, bir il səni eşşək kimi işlədərəm. Ondan sonra bəlkə fərqi anlayasan. Yoxsa qandıra bilməyəcəm!

Bəbiş başını aşağı dikib, mızıldana-mızıldana:

- Mənə də Bəbiş deyərlər! İstəyirsən, on il də işlət, ay sən deyəni Bəbiş qandı ha!

“Satacağam” (hekayə)

Yayın cırhacır vaxtı idi. Neçə gün idi ki, günəş göydən od ələyirdi. İstidən ağacların yarpaqları da qovrulub bükülmüşdü. Əldə bükülüb, qoltuğa qoyulan qəzetə bənzəyirdi. Ağacın budaqları da üzünü günəşə tərəf tutmaqdan çəkinirmiş kimi başını torpağa əymişdi. Havadan qovruq iyi gəlirdi. Belə bir gündə kənddə ev-eşik ola-ola uşaqları şəhərdə saxlamaq özü bir günah idi. Elə bir iş-güc qalmamışdı, məktəb yay tətilinə bağlanmışdı. Arabir gedib məktəbə dəyir, müəllimlərlə ordan-burdan söhbət edib evə qayıdırdıq. Pulu, maaşımızı gözləyirdik, hələ almamışdıq. Alsaydıq, rayona, kəndə gedib yaxşıca dincəlmək olardı. Neçə gün bundan əvvəl atam da kənddən zəng eləmişdi:

- A bala, yayın istisində o şəhərdə uşaqlari niyə bişirirsiz? Onları da götürün gəlin bir az istirahət eləyin, mer-meyvənin bol, kəndin yaxşı vaxtıdı. Gözümüz yolda qalıb...

Yalandan dedim ki, vacib işlərim var, qurtarım, gələcəyik. Əslində özüm də darıxırdım kəndə getmək üçün. Amma pul-parasız, əliboş atıla-atıla hara gedəsən? Hara hərləsən hər üzünə yaxşı çıxmırdı.

***

Axşamtərəfi hava bir az sınmışdı, hərdənbir sərin meh əsirdi. Stol qoyub həyətdə uşaqlarla çay içirdik. Evə baş salmaq mümkün deyildi. İçəridə bürkü adamı boğurdu. Birdən telofonuma zəng gəldi. Köhnə tanışım, qəzet redaktoru Fərhad idi.

-Alo! Eşidirəm.

- Salam müəllim, mənəm, Fərhad müəllim. Necəsiniz?

-Sağ olun, Fərhad müəllim.

-Həə, sizi ürəkdən təbrik edirəm, müəllim! Şeirlərinizi qəzetimizin bu nömrəsində çap etmişik. Bilirsiniz necə gurultu qoparıb? Bəs necə!.. Həqiqi sənət əsəri belədi də!

-Sağ olun, minnətdaram! - Dil-ağız elədim. - Köşkdən alıb baxaram…

-Nə? Köşkdən alıb baxarsan? Ayıb sözdü, müəllim. Sizinçün on dənə ayırıb qoymuşam qırağa.

-Mənə xəcalət verirsiniz...

-Xəcalətli düşmənin olsun! Necə bilirsən, deyirəm, bu münasibətlə bir görüşək, hə?..

-Nə deyirəm, görüşək deyirsən, görüşək də.

Səhəri gün görüşməyi şərtləşdik. Fikirləşdim ki, sabah əvvəl gedib bankomatdan maaşımı çıxardaram, sonra da Fərhada babat bir qonaqlıq verərəm. Zaraft deyil, hər nədi, kişi o boyda yaxşılıq eləyib.

***

Fərhadla iki ay bundan əvvəl küçədə təsadüfən rastlaşmışdıq. Tələbəlik illərindən tanışdıq. Eyni institutda oxumuşduq. O da mənim kimi gec evlənmişdi, hələ də kirayədə yaşayırdı. Yaxşı ki, uşaqlarımız balacaydı, yükümüz o qədər ağır deyildi.

Ordan-burdan söhbətləşərək hal-əhval tutduqdan sonra Fərhad çantasından bir qəzet çıxarıb mənə göstərdi:

-Başımı başlara qoşmuşam, - dedi, - qəzet buraxıram. Artıq 3 sayı işıq üzü görüb.

Qəzeti alıb vərəqlədim. Adı “Müəllim dünyası” idi. Amma hər şeydən yazı vardı. Uğurlar arzuladım.

Fərhad soruşdu:

-Yazırsanmı? - Başımı tərpətməklə təsdiqlədim. - Yazdıqlarını yenə sandığa yığmaqla məşğulsan, yoxsa çap etdirməyə başlamısan?

Tələbəlik illərindən şeir yazsam da onları çap etdirməyə ürək eləmirdim. Bundan Fərhadın xəbəri vardı.

-Hələ yox, - dedim.

-Yeri gəlmişkən, bizim qəzetimizdə çap etdirə bilərsən. Bəsdi özünü qorxutdun. Sən bəzi ad çıxartmış şairlərdən yaxşı yazırsan.

-Nə bilim, - dedim.

-Düz sözümdü, mənə inan. Göndər çap edim, bir də görəcəksən şöhrətin ölkəynən birdi.

-Əşi, sən də şişirtmə, nə şöhrət-filan... Adi şeirlərdi. Bir də, indi kimdi şeirə-sənətə qiymət verən, oxuyan...

-Sənə elə gəlir, canım. Sən onları mənə göndər, qalanı ilə işin yoxdu.

Ayrılarkən bir də təkid etdi. Mən də dilucu “yaxşı, göndərərəm”, - söz verdim.

***

Aradan bir həftə keçmişdi. Fərhad yenə zəng etdi:

-Nə oldu, şeirləri gözləyirəm. Niyə göndərmirsən?..

- Başım qarışıqdı, - dedim, - göndərərəm.

Könülsüz də olsa şeirlərimdən bir xeylisini seçib göndərdim.

Səhərisi Fərhad telefonda şeirlərimi oxuduğunu söylədi, onları o ki var təriflədi. Növbəti nömrənin bir qoşa səhifəsini mənə həsr edəcəyini dedi. Təcili şəklimi də istədi. Onu da göndərdim...

***

Uşaqlarınmı bəxtindəndi (istidən canları qurtaracaqdı), Fərhadınmı, maaşımızı “bankomata” yükləmişdilər. Pulları çıxarıb cibimə basdım. Əvvəl evə zəng vurdum. Arvad-uşağı sevindirdim. Dedim, hazırlaşın, kəndə gedirik.

Bankomatdan təzəcə aralanmışdım Fərhadla rastlaşdım. Demə, bu tərəflərdə işi varmış. Çox mehriban görüşdük. O saat da başladı:

-Sənə dedim axı. Bilirsən dost-tanış şeirlərini necə qarşılayıb? Dünəndən bəri hərə bir tərəfdən zəng vurub səninlə maraqlanır, şeirlərini tərifləyir. Belə getsə bir-iki aya şöhrətin bütün ölkəni bürüyəcək.

-Sağ ol, - utana-utana dil-ağız elədim.

Qoltuğundakı qəzetləri bu dəfə mənim qoltuğuma verdi. Özümü də yaxınlıqdakı çayxanaya çəkdi.

Fərhad, doğrudan da, qəzetin bir qoşa səhifəsini mənim şəklimə, şeirlərimə həsr etmişdi. Baxıb tez də kənara qoydum. Evdə arxayınca, doyunca baxmağa vaxtım çox olacaqdı.

Çayımızı içə-içə ordan-burdan söhbətləşirdik. Arada təklif etdim ki, kafelərin birinə gedək, qəlyanaltı eləyək, Fərhad razılaşmadı. Demə qara qızın dərdi başqa imiş.

Birdən-birə bulud kimi tutuldu.

-Açığı, müəllim, bu nömrə üstümə ziyana oturub. Əvvəlki nömrələri tanış direktorlara paylayır, məktəblərdə müəllimlərə satdırırdım. Mətbəəyə bir az borcum vardı, tapıb ödəyincə gecikdim. Məktəblər bağlandı, müəllimlər tətilə buraxıldılar. Diretorlar qəzetimə yaxın durmadılar, qaldı belimdə. Heç bilmirəm bu yükün altından necə çıxacağam?! Evdə uşağın biri xəstədi. Onu müalicə etdirmək üçün təcili pul lazımdı. Nə isə, başımı lap itirmişəm.

-Belə ki, çətindi, gərək bu işə girişməyəydin.

-Nə bilim, dost-tanış həvəsləndirdi. Dedim, yəqin kömək durarlar. Amma durmadılar, hərəsi bir tərəfə dağıldı, qaldım tək.

Halına yansam da əlimdən bir iş gəlmirdi. Ona görə də susurdum.

-Bəlkə siz mənə bir az kömək edəsiniz, müəllim? - Gözlənilmədən dedi.

Karıxıb qaldım. Bilmədim nə cavab verim. Dadar-doymaz maaşımı güclə almışdım. Valideynlərimin gözü yoldaydı. Arvad-uşağım yəqin indi kəndə getməyə hazırlaşır, məni gözləyirdilər.

-Axı mən sənə necə kömək edə bilərəm? - dedim. - Tutaq ki, on-on beş, lap iyirmi-otuz qəzet aldım, bununla sənin yaran sağalacaq?

-Yox, müəllim, mənim yaram o cür sağalan deyil.

Dediyi məbləği dilinə gətirəndə mat qaldım. Elə bil iy çəkmişdi, bankomatdan nə qədər pul çıxardığımdan xəbəri vardı.

Ona yazığım gəldi. Xüsusən xəstə uşağına. Dalını-qabağını fikirləşmədən özümə bir qədər xərclik saxlayıb maaşımın hamısını onun ovcuna basdım.

-Amma qəzetin hamısını mənə verəcəksən, - dedim.

-Nəyinə lazımdı? - Soruşdu.

Metroda öz şeir kitabını sərnişinlərə satan şair yadıma düşdü.

-Aparıb satacağam, - dedim.

-Sən küçədə qəzet satacaqsan? - Təəccüblə dedi.

-Məgər mən küçədə qəzet satanlardan artığam, ya onlar məndən əskikdi?

Qəzeti taksiyə qoyub evə gətirdim. Arvadım sevincək qarşıma yeridi.

-Kənddəkilərə hədiyyə-filan almısan?..

-Hə, - istehza ilə qımışdım.

Qəzetləri görəndə gözü kəlləsinə şıxdı.

-Hamısı qəzetdi ki!

-Qəzet olmağına qəzetdi, arvad, amma adi qəzet deyil, onlarda mənim şeirlərim, həm də ilk şeirlərim çap olunub!

-Olsun də, bu qədəri neynirsən?

-Satacağam! - Hirslə dedi.

Nərdivan (hekayə)

O, bu nərdivani zibillikdən tapmışdı. Bu nərdivan onun üçün göydəndüşmə oldu. “Yəqin daha sahibinin xoşuna gəlməyib. Bəlkə də təzəsini alıb, ya da artıq yer tutduğuna görə atıblar. Amma tam yararsız halda da deyil. Bir az köhnəlsə də, işlətmək olar. Nərdivana ehtiyacım var. Təzə nərdivan nəyimə gərəkdi? Elə bunu işlətsəm, ömrümün axırına kimi bəsimdi. Kim bilir bundan sonra neçə il yaşayacağam, bu nərdivan neçə müddət işimə yarayacaq?!.”

Daha əvvəlki gücü yox idi. Canı o qədər möhkəm ağrıyırdı ki, bu qışı çıxacağına ümidi qalmamışdı. Bu qış ayaqları da şişmişdi. Sözünə baxmırdı. Taqətdən düşmüşdü sankı. Bir müddət xəstəxanada yatdı. Səhhətində yaxşılaşma olsa da, ayaqları tam düzəlmədi. Axsadığına görə əsadan istifadə etməyə başladı.

Bütün bunlar təbii ki, onun həyatına təsirsiz ötüşmürdü. Əvvəlki kimi bağında işləyə, əkib-becərdiyi ağaclarına qulluq edə bilmirdi. Bircə gün bağa baxmayanda kişi özünü günahkar kimi hiss edirdi. Yaz-payız aylarında ağacların budaqlarını budamaq, payızda yetişən meyvələri dərmək lazım gəlirdi. Artıq bütün bu işləri nərdivansız etmək mümkün deyildi. Oğlu Qafarın da belə işlərdən uşaqlıqdan xoşu gəlmirdi.

Bir neçə dəfə nərdivan almaq xəyalına düşsə də sonra bu fikrindən daşınmışdı. Bilirdi ki, oğlu Qafara desə ki, “ay bala bir nərdivan al”, başısoyuqluq edəcək, ya yadından çıxacaq, ya işinin çox olduğunu bəhanə gətirəcək, ya da onu məzəmmət edib deyəcək ki, “ay kişi, nəyinə gərəkdi sənin nərdivan, qoca kişisən, canının qədrini bil, ağacdan yıxılarsan, qolun-qıçın sınar, sən Allah, bu bağbanlığı burax, başımıza oyun açma. Onsuz da ayaqların ağrıyır, bu qış nə qədər əziyyət çəkmisən. Mer-meyvə lazımdı, bazardan alıb gətirərəm”, – deyib min cür bəhanə ilə nərdivan almaqdan imtina edəcəkdi. Bunları bildiyindən nərdivanı götürüb evə gətirmişdi.

Qafar nərdivani görüb xeyli deyinmışdı. Nərdivanı həyətdə yerbəyer edə-edə o da oğlunu qınamışdı:

- Eh ay bala, gərək hər şeyin qədrini biləsən. Mən hər şeyin qədrini bilə-bilə bu yerə gəlib çatmışam, sən niyə beləsən, bilmırəm.

Qafar özünü haqlı saysa da, söhbəti dəyişmişdi:

- Yaxşı sən Allah, necə istəyirsən, elə də elə, – dedi. – Daha sənin işinə qarışmayacam.

Qafar evləndikdən bir neçə il sonra Murad dünyaya gəlmışdi. Ailənin yeganə övladı idi. Atasına hörmət əlaməti olaraq Qafar onun adını balasına qoymuşdu.

Muradı evdə hamı çox istəyirdı. Babasının məhəbbəti isə bir başqa cür idi. Bütün meylini uşağa salan baba ona xüsusi nəvaziş, qayğı göstərirdi. Onunla tay -tuş kimi davranırdı.

… Oğlu ilə gəlini həmişəki kimi səhər tezdən işə getmişdilər. Xeylı müddət nəvəsi ilə oynayan babanı mürgü tutmuş, elə divanın üstündə yatıb qalmışdı.

Çığırtı səsinə yerindən dik atıldı. Axsaya-axsaya həyətə yüyürdü.

Murad ağacın başındakı qumru quşun yuvasına baxmaq üçün ağaca çıxmış, yuvaya qayıdan qumru quşdan qorxaraq tələsik ağacdan düşmək istəyəndə, paltarı budaqlara ilişib ağacdan asılı qalmışdı. Qorxudan qışqıran uşağın səsı ərşə qalxırdı. Yazıq baba gündüzlər bağ evlərində heç kəsin olmadığını bilirdi. Çətin də olsa, nəvəsını özü xilas etməlı idi. İlk yadına düşən nərdivan oldu. Həyəcanlansa da nəvəsinə ürək-dirək verməyə başladı:

- Qorxma, mənım balam, bu saat baban səni ağacdan düşürəcək…

Nərdivanı ağacın gövdəsinə söykəyib ağaca çıxdı. Nəvəsinin paltarını budaqdan ayırıb qucağına aldı. Asta-asta nərdivanla yerə düşürdü. Uşaq qorxudan tir-tir əsirdi. Murad kişi uşağa su verib onu sakitləşdirməyə başladı:

- Çoxmu qorxdun, mənim balam, iç özünə gəl.

… Atası işdən qayıdanda, uşaq özünü onun qucağına atıb:

- Ata, baba olmasaydı ağacın başından yerə yıxılıb öləcəkdim, baba qurtardı məni, – deyə dili-dodağı əsə-əsə hadisəni ona danışdı.

Qafar eşitdiyinə inanmadı:

- A kişi, bu dələduz düzmü deyir? Yenə nə oyun çıxarıb?!

- Hə, a bala, düz deyir, şükür ki, bəladan sovuşduq.

- Sənə çətin olmadı ki? Necə çıxa bildin o hündürlükdə ağaca?

- Çətin oldu, a bala. Ətrafda bir adam da yox idi. Nərdivan köməyimə çatdı, yoxsa çıxa bilməzdım.

Qafar bir atasına, bir də ağaca söykənmiş nərdivana baxdı. Başını aşağı salıb gözlərini yerə dikdı.

XS
SM
MD
LG