Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:51

«Üsyankar səfir» yeni müraciət yaydı: «Millətimizin səbri artıq tükənib»


Arif Məmmədov
Arif Məmmədov

-

Diplomat Arif Məmmədovla bağlı qalmaqal medianın gündəmindən düşmür. İyunun 6-da «Azadlıq»da oxuyuruq: «Üsyankar səfir» yeni müraciət yaydı: «Millətimizin səbri artıq tükənib».

Məqalədə deyilir ki, Arif Məmmədovun ünvanına yeni ittihamlar səslənir, Strasburqdakı türk diasporunun lideri Mustafa Alıncan onu mənimsəmədə ittiham edib: «Mən Arif Məmmədov haqqında mətbuatda son vaxtlar yayılan məlumatların nə qədər səhih olduğunu söyləyə bilmərəm. Bunu isə dəqiq bilirəm ki, Strasburqdakı «Azərbaycan evi» məhz Arif Məmmədovun günahı ucbatından bağlandı. Arif Məmmədov «Azərbaycan evi»nə gedib-gələn insanlardan yalançı, saxta donoslar yazırdı. Eyni zamanda «Azərbaycan evi»nin saxlanması üçün toplanan pulları mənimsəyirdi», - Mustafa Alıncan bildirib.

«Azadlıq» yazır ki, Azərbaycanda da hakimiyyət təmsilçiləri və iqtidara yaxın mətbuat Arif Məmmədovu dövlətə xəyanətdə suçlamaqda davam edir.

Arif Məmmədov isə iyunun 5-də «facebook» səhifəsində xalqa müraciət edərək barəsində yazılanlara cavab verib:

«Bu gün (5 iyun - red.) günün ikinci yarısından mənə qarşı hücumlar yenidən başladı. Murzilkada nazir Məmmədyarovla olan şəkildən tutaraq bütün digər faktlar yalandı. Mənim belə kostyumum yoxdur və heç zaman olmayıb. Fikir versəniz, aydın görünür ki şəkil fotomontajdır. Elə məqalədən göturülən (qeyd: Avropa Şurasında çıxışım) şəkildir və kiminsə şəklinə yapışdırılıb. Siz bu qədər axmaqlıq və səriştəsizliyi haradasa görmüsünüzmü? Uca Allahımız bizdən səbirli olmağımızı istəyir. Amma, deyəsən, millətimizin səbri artıq tükənibdir. Baş əyirəm mənim sevimli xalqımın qarşısında».

ELMAR MƏMMƏDYAROV İLHAM ƏLİYEVƏ QARŞI ÇIXANLARI GİZLƏDİR?

Virtualaz sual edir: «Elmar Məmmədyarov İlham Əliyevə qarşı çıxanları gizlədir?».

Məqalədə oxuyuruq: «Bəs nazir öz tabeliyində olan şəxslərin özbaşınalığına, lap açıq desək, qiyamçı ruhuna necə reaksiya verdi? Heç bir reaksiyası olmadı!

Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Yadınıza salıram, XİN-in düz 5 əməkdaşı səfir Arif Məmmədovun müxalifətçi mövqeyini dəstəkləmişdi. Və onların arasında XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də var. Elmar Məmmədyarov isə onların birini də işdən qovmadı! Bu, nədir, yoxsa Məmmədyarov özü də səfirin mövqeyi ilə razıdır?!

Bir anlığa özlüyünüzdə belə bir mənzərəni təsəvvür edin: hansısa bir amerikalı səfir sosial şəbəkələrdə amerikalı məmurları korrupsiyada ittiham edən bəyanatla çıxış edib, deyək ki, Marie Harf və ya Jen Psaki, cəhənnəm, lap elə John Kirby isə bu tənqiddən vəcdə gələrək sevinc içində çəpik çalır. Yaxşı, Harf belə özbaşınalıq eləsə, onun başına nə oyunlar açarlar?! Onu təkcə işdən də qovmazlar. Onu Dövlət Departamentindən elə qovarlar ki, heç izi-tozu da qalmaz.

Məmmədyarov isə susur. Heç bir iş də görmür. Azərbaycan XİN-in əməkdaşları - Cavid Musayev, Ramiz Vəliyev, Anar Mədətli, Fərəh Gözəlova, nəhayət, Hikmət Hacıyevin özü XİN-də və səfirliklərdəki vəzifələrinin icrasını hələ də davam edirlər. XİN başçısı isə canını İslam Konfransı Təşkilatına səfir Arif Məmmədovu vəzifəsindən kənarlaşdırmaq xahişi ilə müraciət etməklə qurtarmış saydı. Vəssalam. Daha heç nə...».

Məqalədə daha sonra deyilir ki, bu, pis presedentlərə yol aça bilər: «Belə çıxır ki, sabah bizim Almaniyadakı səfirimiz də Almaniya XİN-in bəyanatlarını dəstəkləyib Leyla Yunusa azadlıq tələb edəcək. Tutaq ki, Polad Bülbüloğlu da rəsmi Bakını Qarabağ məsələsində kifayət qədər kompromisə getməməkdə tənqid etməyə başlayacaq».

Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

«DİPLOMAT QİYAMI»NIN PƏRDƏARXASI

«Yeni Müsavat» da həmin mövzudan yayına bilməyib. «Diplomat qiyamı»nın pərdəarxasında baş verənlərə reaksiyaları təqdim edib.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə qəzetə deyib ki, bunlar hakimiyyətin təyin etdiyi kadrlardır, hakimiyyətin yeritdiyi xarici siyasətin ifadəçisidirlər: «Bu mənada onun niyə elə danışır, niyə başqa cür danışmır məsələsi barədə qərarı da hakimiyyət verəcək. Zatən onların dediklərini bu və ya digər şəkildə Azərbaycan müxalifəti olaraq hər zaman mətbuatda deyirik. İndi onlar müxalifətmi olub, yaxud içəridə nə baş verir, buna hakimiyyət aydınlıq gətirə bilər, bizim aydınlıq gətirə biləcəyimiz bir şey yoxdur».

Deputat Zahid Oruc isə hesab edir ki, Arif Məmmədov hadisəsini «səfirin də ürəyi var» yanaşması ilə qiymətləndirənlər hakimiyyət əleyhinə asi çıxa biləcək hər kəsi özlərinə müttəfiq seçiblər: «Karyerasının 20-ci ilində olan bir diplomatı ötən illər ərzində yada salmayanlar, yaxud keçmişdə onun təmsil olunduğu qurumlarda Azərbaycanın yürütdüyü siyasəti qətiyyətlə pisləyənlər indi bütün ittiham bəyanatlarından səfirin adını çıxarmaqla məşğuldular».

Deputatdan daha bir sitat: «Azərbaycan diplomatlarının biganə qalmaq istəmədiyi daxili məsələlərin hər birinin ayrılıqda izahı var. Son hadisə göstərir ki, ölkəmizi xaricdə təmsil edən komanda ilə hökumət strukturları və parlament arasında dərin rabitəni qurmaq, onların fəaliyyətini koordinasiya etmək mümkün olmayıb».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirdədir ki, müxalifətin A.Məmmədov kimi təcrübəli diplomatlara ehtiyacı var. O, hakimiyyətin siyasətini tənqid edirsə, aktiv diplomat fəaliyyətinə son qoyub siyasi fəaliyyətə keçməlidir: «Bu, normal qaydadır. Həm hökumətin direktivlərini yerinə yetirmək, həm də direktivini yerinə yetirdiyin hakimiyyətin siyasətini bəyənməmək bir araya sığmır».

İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının açılışında
İlham Əliyev Azərbaycan Boks Federasiyasının inzibati binasının açılışında

İLHAM ƏLİYEV: «BƏZƏN İDMANDA BELƏ HALLAR OLUR»

«Xalq» qəzeti Bakıda Azərbaycan Boks Federasiyasının yeni inzibati binasının açılışından yazır.

Açılışda iştirak edən prezident İlham Əliyev azərbaycanlı boksçulara deyib:

«Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər.

Həmçinin qadınlar da yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun yarışını müşahidə edirdim. Həmin yarışda o, qalib oldu, amma qələbəni rəqibinə verdilər. Belə bir ədalətsizlik oldu. Bəzən idmanda belə hallar olur. Buna görə əsas odur ki, idmançı ruhdan düşməsin, rinqdə özünü təsdiqləməyə davam etsin. Tamaşaçılardan isə heç nəyi gizlətmək olmaz. Hər şey göz qabağındadır. Buna görə də sizə yarışlarda uğurlar və ölkəmizi layiqincə təmsil etməyi arzulayıram».

ABONENT DANIŞMADIĞI VAXTIN PULUNU NIYƏ ÖDƏMƏLIDIR?

«Bizim yol» belə bir suala cavab axtarır: «Abonent danışmadığı vaxtın pulunu niyə ödəməlidir?».

Foto illüstrasiya
Foto illüstrasiya

Qəzet yazır ki, «Azercell»in Vaqif Əliyev adlı Sim-Sim abunəçisi «Bizimkilər» tarifinə qoşulub. «Bu tarifdə şəbəkəxarici zənglərin bir dəqiqəsi 14 qəpik, şəbəkədaxili zənglərin bir dəqiqəsi isə 7 qəpikdir. Danışıq intervalı isə 30 saniyə ilə hesablanır. Analoji vəziyyət şəbəkəxarici zənglər üçün də keçərlidir. Bu isə o deməkdir ki, məsələn, danışıq müddətinin 1 dəqiqəsi 1 saniyə də olsa keçirsə, abunəçidən dəqiqə yarımın pulu çıxılacaq. Bu halda 1 saniyəyə görə 30 saniyə intervalı tarifinə əsasən (7:2) 3.5 qəpik yox, yuvarlaqlaşdırılmış şəkildə 4 qəpik olur. Yəni faktiki olaraq, 1 dəqiqə 1 saniyə üçün 11 qəpik balansdan çıxılır. Halbuki əvvəllər balansdan silinmələrdə 0.05 qəpik çıxılmalar da mümkün idi. Məsələn, 3.5 qəpik. Hətta saniyələrin hesablanmasında da problem var. Məsələn, danışıq müddəti düz 1 dəqiqə 00 saniyə olursa, bu zaman da dəqiqə yarımın pulu hesablanaraq 11 qəpik balansdan çıxılır. Bu isə abunəçinin balansından əlavə məbləğin çıxılması deməkdir» - deyə şikayətçi bildirib.

«Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz mobil operatorların bu qədər interval tətbiq etməsini düzgün saymayıb: «Düşünmürəm ki, bu, mobil operatorlara başucalığı gətirən bir haldır».

«Azercell Telekom» MMC isə qəzetə bildirib ki, bütün çıxış zənglərinin hesablama intervalı dəyişdirilib. Beləliklə, bu interval Fakturalı Xətt nömrələri üçün 15 saniyə, Fakturasız (SimSim) Xətt nömrələri üçün isə 30 saniyə təyin edilib. Məlumatda deyilir ki, müvafiq dəyişiklik abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqavilələrinin şərtlərinə və qanunvericiliyə uyğun aparılıb.

XS
SM
MD
LG