Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:04

Azərbaycan Birləşmiş Ştatlara niyə lazımdır?


Elin Süleymanov
Elin Süleymanov

-

«Birləşmiş Ştatların yeni İpək Yolu qovşağı kimi Azərbaycana niyə ehtiyacı var?». «Global Post» Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun belə bir başlıqlı məqaləsini dərc edib.

«Qədim İpək Yolu Asiyadan Avropaya dəyərli mallar, ideyalar və informasiya, kağız, barıt ixtiraları gətirib... İndi dünya və regional liderlər yeni İpək Yolu planı qurublar. Bu yol təkcə yollar deyil, kəmərlər, kabel xətləri, aeroportlar və limanlardan ibarətdir», - səfir yazır. O, həmin ticarət və mədəni mübadilə dəhlizi boyunca yerləşən ölkələrin iqtisadi və siyasi faydalar götürəcəklərini qeyd edir.

Elin Süleymanov Rusiya və İranın Qafqaz və Orta Asiyada nüfuzunu genişləndirdiyini vurğulayır:

«Bu region Birləşmiş Ştatlar və müttəfiqləri üçün çox vacibdir. Strateji cəbhədə Birləşmiş Ştatlar Əfqanıstan və Pakistan kimi ölkələrdə terrorla müharibəni təchiz etməlidir. Enerji və iqtisadi cəbhələrdə İpək Yolu ABŞ və Qərbi Avropa üçün vacib 3 layihəyə təsir göstərəcək. Azərbaycan bu layihələrin mərkəzində durur».

Səfir həmin layihələrin Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryol xətti olduğunu, onların Qərb üçün əhəmiyyətini qeyd edir:

«Dünya siyasətçiləri üçün dərs ortadadır: yeni İpək Yolu bu mövcud infrastrukturu gücləndirməli, Azərbaycan Şərqlə Qərb arasında ticarət və multikultural marşrutun əsas qovşağı olaraq qalmalıdır».

«Nəhəng enerji resursları olan və yerli bazarı artan Azərbaycan artıq Şərqlə Qərbi birləşdirib. Azərbaycanla ABŞ-ın ticarət dövriyyəsi 2.3 milyard dollardır, səkkiz «Boeing» təyyarəsinin alınması sazişi bu dövriyyəni artırmaqdadır. Saziş Amerikada 11 mindən çox iş yerini dəstəkləyir».

«Qədim zamanlarda olduğu kimi, indi də İpək Yolu ideyalar və məhsullar mübadiləsi mərkəzi olacaq. Tarixən terrorçuluğu deyil, ticarəti, təriqət savaşını deyil, mədəni birgəyaşayışı irəli aparan Azərbaycan 21-ci əsrdə İpək Yolunu sülh və firavanlıq qüvvəsinə çevirə bilər», - Elin Süleymanov yazır.

HDP tərəfdarları Diyarbəkirdə seçkilərin nəticələrini bayram edirlər – 7 iyun 2015
HDP tərəfdarları Diyarbəkirdə seçkilərin nəticələrini bayram edirlər – 7 iyun 2015

TÜRKİYƏDƏ SEÇKİ: ERDOĞAN-A ZƏRBƏ, KÜRDLƏR ÜÇÜN QƏLƏBƏ

«The Washington Post» iyunun 7-də Türkiyədə keçirilmiş parlament seçkilərindən yazır. Həmin seçkidə hakim AKP parlament çoxluğunu qazana bilməyib.

Ishaan Tharoor yazır ki, türkiyəli seçicilər prezident Recep Tayyip Erdoğan-a dramatik zərbə vurdular. Tarixdə ilk dəfə olaraq etnik kürdlərin üstünlük təşkil etdiyi partiya Böyük Millət Məclisinə keçdi. «Bu, Türkiyə demokratiyasında yeni məqam, eləcə də Erdoğan-ın prezident səlahiyyətini artırmaq niyyətinə birbaşa dirəniş əlamətidir».

«Bu, Türkiyə siyasətində nüvə partlayışıdır», - Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Türkiyə üzrə eksperti Bülent Alirıza deyir.

Xalq Demokratik Partiyası (HDP) səslərin 12 faizini toplayıb. HDP 550 yerlik parlamentdə 78 yer alacaq. «3 il öncə formalaşmış bir partiya üçün bu, böyük uğurdur. Bu partiyanın Türkiyənin cənub-şərqində 30 illik kürd separatçı hərəkatı ilə birbaşa bağlılığı var. 1980-ci illərin əvvəllərindən PKK ilə hökumət qüvvələrinin mübarizəsində 40 min nəfər həlak olub».

«Bu gündən HDP Türkiyənin partiyasıdır. HDP Türkiyədir, Türkiyə HDP-dir», - partiya lideri Selahattin Demirtaş bazar günü keçirdiyi mətbuat konfransında deyib.

HDP seçkiyə Türkiyənin, demək olar, bütün etnik qruplarından namizədlərlə gedib, çoxsaylı qadın namizədi də olub, ilk gey namizədi də. HDP-nin proqressiv proqramı AKP-ni sevməyənləri özünə cəlb edə bilib.

«HDP-nin uğuru Türkiyə demokratiyasının göstəricisidir. HDP parlamentariləri arasında PKK-nın həbs olunmuş və ya qətlə yetirilmiş liderlərinin qohumları var. Demirtaş-ın isə qardaşının partizanlarla birlikdə savaşdığı bildirilir».

Moldovoda Rusiya hərbçiləri
Moldovoda Rusiya hərbçiləri

«İndi kürdləri siyasətdən kənarlaşdırmaq mümkün olmayacaq. 1990-cı illərin vətəndaş müharibəsinə baxmayaraq, kürdlər siyasi baxımdan inkişaf ediblər və türk dövlətində möhkəm irs buraxıblar», - İstanbulda Kadir Has Universitetində beynəlxalq münasibətlər üzrə professor Akın Ünver deyib.

DNESTRYANIDA RUSİYA MÜHARİBƏYƏ GEDƏCƏKMİ?

Vladimir Frolov «The Moscow Times» qəzetində yazır ki, Qərb Moldovanın separatçı Dnestryanı bölgəsində potensial münaqişənin qarşısını almalıdır. Burada Rusiya-Ukrayna münaqişəsinə oxşar durum yaranmaqdır.

«Mayın 21-də Ukrayna parlamenti Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasına səs verib. Bununla 1995-ci il sazişi də kəsilib. Bu saziş Rusiyaya Ukrayna ərazisindən Dnestryanıdakı qüvvələrinə çıxış üçün tranzit hüququ verirdi. Eyni zamanda Moldova Rusiya hərbçilərinin Kişinyov aeroportu ilə gediş-gəlişi qaydalarını sərtləşdirib».

«Rusiya hərbi təyyarələrinin Ukrayna üzərindən uçuşuna qadağa qoyulması Moskvaya tammiqyaslı hərbi reaksiya üçün əsas verə bilər. Dumanın sədr müavini Sergei Zheleznyak deyib ki, Dnestryanıda Rusiya qüvvələrinə hücum Ukrayna ilə müharibə və «Rusiyanın Kiyev üzərinə yürüşü» anlamına gəlir».

«Rusiyanın Dnestryanı bölgədəki qüvvəsi hücum əməliyyatları üçün kiçikdir, Krımdan Odessaya hücum isə indiki halda Rusiya ordusunun imkanı xaricindədir. Sonrakı məqsəd separatçı nəzarətini genişləndirmək ola bilər. Rusiya onları suveren dövlətlər kimi tanıya, özü üçün Ukraynaya qarşı böyük bufer zona qazana bilər. Bunun qarşısını almaq naminə Qərb Moldova ilə işləməli, Dnestryanıdakı Rusiya qüvvələrinin Kişinyov aeroportu vasitəsilə təchizatına icazə verilməlidir. Qüvvələrin artırılmamasına ATƏT missiyası nəzarət etməlidir. Ancaq tezliklə işə başlamaq lazımdır», - müəllif yazır.

XS
SM
MD
LG