Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:39

Arif Məmmədov: «Məni işdən çıxarmaq elə də asan iş deyil»


Arif Məmmədov
Arif Məmmədov

-

«facebook» sosial şəbəkəsindəki statuslarına görə tənqid olunan azərbaycanlı diplomat, İslam Konfransı Təşkilatının Avropa Birliyindəki missiyasına rəhbərlik edən Arif Məmmədov vinegret.az saytına müsahibə verib.

- Azərbaycana işləməyən diplomat olmağınız əlinizi və dilinizi açdı, sizə daha çox sərbəstlik verdi, nəticədə 16 mərtəbəli binada yanğın faciəsi ilə bağlı belə status yazdınız?

- Bu status bir növ qəlbimin fəryadı idi. Ancaq bunu təkcə yanan 16-mərtəbəli binaya görə yazmadım. İçimdə xeyli şey yığılıb və özü də tək məndə yox. Mənim yazdıqlarımı hamı danışır. Sadəcə açıq demirlər, evdə, mətbəxdə, qonaqlıqda, istirahətdə pıçıldaşırlar…

Hansısa reaksiyanın ola biləcəyini bilirdim… Bu faciə baş verəndə «facebook»da övladını itirən ananın ağlamağı, yaxud yanan binaya daxil ola bilməyən atanın gözləri mənə ciddi təsir elədi. Bilirsiniz, hər şey qəfil olur. İnsanı belə addım atmağa təhrik edən bir neçə fakt olmalıdır. Heç bilmirəm həmin an bunu nə dərəcə şüurlu şəkildə etmişəm. Bəli, yazırlar ki, mən 20 illik təcrübəsi olan diplomatam və emosiyalarıma nəzarət etməliydim. Ancaq bu mərhələdə mən ya evdə yaxınlarımla müzakirə açıb ağrıdan qışqırmalı idim, ya da bunu insanlarla bölüşməliydim. Bu, qəlbin belə fəryadı idi.

- Rəsmi Bakı İƏT qarşısında məsələ qaldırıb ki, Arif Məmmədov təşkilatın AB-də səfiri vəzifəsindən geri çağırılsın.

- İƏT nüfuzlu beynəlxalq təşkilatdır. Üzv ölkələrin sayına görə 57 üzvlə dünyanın ikinci ən iri təşkilatıdır. Orda Bakının öyrəşdiyi tərzdə işləmirlər. Baş katib ölkəsindən xeyli kənarda tanınan təcrübəli siyasətçidir. Geri çağırılmağımla bağlı sorğunun göndərilib-göndərilməməsi, göndərilibsə, kim tərəfindən edilməsi barədə məlumatım yoxdur. Ancaq düşünürəm ki, baş katib hər hansı qərarı qəbul etməzdən öncə xeyli düşünəcək. Bundan əlavə, mənim müqaviləm var və bu müqaviləni pozmaq proseduru olduqca mürəkkəbdir. Bura, layiqli adamın işdən azad edilib bir saniyənin içində məhv edilə biləcəyi Bakı deyil. Prosedurlar BMT standartlarına çox yaxındır. Bu, BMT baş katibinə hər hansı ölkədəki nümayəndəsini onun vətəndaşı olduğu ölkənin tələbi ilə geri çağırmaq üçün müraciət etməyə bərabərdir. Baxaq görək bu nə ilə bitəcək.​

Aydın Doğan
Aydın Doğan

AZƏRBAYCAN HAKİMİYYƏTİ İLƏ AYDIN DOĞAN-IN ARASINI KİM VURUB?

«Yeni Müsavat» qəzeti «Azərbaycan hakimiyyəti ilə Aydın Doğan-ın arasını kim vurub» sualına cavab axtarır.

Qəzet yazır: «Türkiyənin nüfuzlu işadamı və media maqnatı Aydın Doğan yenidən Azərbaycanda hədəfə çıxıb. Hakimiyyət mənsubları Aydın Doğan-ın Azərbaycana qarşı qərəzli olduğu, hər fürsətdə Azərbaycan dövləti, hakimiyyətin əleyhinə təbliğat apardığını qeyd edirlər. Sonuncu dəfə isə A.Doğan-ın sahibi olduğu «Hürriyet» qəzetində araşdırmaçı jurnalist Xədicə İsmayılı müdafiə edən və haqsız olaraq həbs edildiyi ilə bağlı yaz dərc olunub. Məqalənin müəllifi «Hürriyet» qəzetinin əməkdaşı Tolga Tanış həm də Ilham Əliyevə qarşı birləşmiş araşdırmaçı-jurnalistlərdən biridir.

Məlum yazıdan sonra hakimiyyət mediasında A.Doğan-a qarşı yazılar dərc olunur. Ancaq bu günlərdə məlum olub ki, Azərbaycanda Aydın Doğan-a məxsus olan telekanalların yayımı yığışdırılır. Əvvəlcə Doğan ailəsinə məxsus «Kanal D» televiziya kanalının yayımı kabel televiziyalarından yığışdırılıb. «ATV+» kabel televiziyası özünün «facebook» hesabında məlumat yayaraq bildirib ki, «CNN Türk», «Kanal D» və «Samanyolu Haber» kanallarının yayımı dayandırılıb. Bundan başqa, «Azərspace» peykində test üsulu ilə yayımlanan bu kanallar yayımdan çıxarılıb».

Qəzet yazır ki, bununla da Azərbaycanda yalnız «Türksat» peykində Aydın Doğan-a məxsus kanallara baxmaq mümkün olacaq.

Fazil Mustafa
Fazil Mustafa

NİYƏ ERMƏNİ DEPUTAT SEÇİLİR, AZƏRBAYCANLI YOX?

«Türkiyədə ermənilərin deputat seçilməsi azərbaycanlılardan daha fəal olmalarının nəticəsidir»

Bunu modern.az-a deputat Fazil Mustafa deyib.

Sayt yazır ki, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə erməni millət vəkilləri seçiliblər.

İstər-istəməz belə sual ortaya çıxır: Nəyə görə azərbaycanlı həmyerlilərimiz Türkiyə parlamentində təmsil olunmur?

Fazil Mustafa sayta bildirib ki, bu vaxta qədər azərbaycanlı deputatlar Türkiyə parlamentində müxtəlif dövrlərdə təmsil olunub: «Amma builki parlament seçkisində azərbaycanlıların seçilməməsinin səbəbini müəyyən dərəcədə müqayisəli təhlil etmək lazımdır. Niyə Türkiyə kimi dövlətdə erməni deputat seçilir, azərbaycanlı seçilə bilmir? Çünki erməni strateji məsələlərə yanaşmada bizdən xeyli irəlidə olduğuna görə seçilə bilir. Bir neçə azərbaycanlı bir yer uğrunda mübarizə aparır, nəticədə səslər parçalanır, yerinə kürdlər seçilir. Bu da bizim uzaqgörən hazırlıq proqramımızın olmaması ilə bağlıdır. Qarabağın itirilməsini də bunda axtarmaq lazımdır.

Eyni vəziyyət Borçalıda da, Güney və Quzey Azərbaycanda da var. Yəni başqa ölkələrin parlamentlərində təmsilçilik məsələsində də eyni problemi yaşayarıq. Bir-birimizə dəstək verib ortaq güc nümayiş etdirə bilmirik. Türkiyədəki seçki də bunu göstərdi. Necə olur ki, erməni özünə düşmən kimi sayan Türkiyə mühitində qalib gələ bilir, azərbaycanlı qalib gələ bilmir?! Bu məsələ çox üzücüdür. Amma görünür, biz çox təkmilləşmə dövrünü keçməliyik».

Eldar Quliyev
Eldar Quliyev

I AVROPA OYUNLARI AZƏRBAYCANI DÜNYAYA DAHA YAXINDAN TANIDACAQ

I Avropa Oyunları yaxınlaşdıqca, rəsmi qəzetlərdə deputatlar bu haqda daha çox danışırlar.

Eldar Quliyev «Azərbaycan» qəzetində yazır: «I Avropa Oyunlarının məşəlinin səyahətini izləyən hər kəs bir daha Azərbaycanın bölgələrinin, hətta düşmənlə üz-üzə dayanmış cəbhəyanı rayonların inkişafını, o yerlərin sakinlərinin qətiyyətini görmək imkanı əldə etdi. Odur ki, I Avropa Oyunlarının məşəli Azərbaycanın dünya tərəfindən yaxından tanınması və ölkəmizin dəyərlərinin təbliği üçün mühüm addım oldu. Bütün dünya Azərbaycanın sülhsevər və dinamik inkişaf edən ölkə olduğunu gördü. Artıq məşəlin Bakı estafeti başlayıb. İyunun 7-də prezident İlham Əliyev tərəfindən məşəlin qəbul edilməsi hər birimizdə qürur və fərəh hissi doğurur.

Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə, layiqincə təşkil edəcək və bu, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində daha önəmli yer tutmasına şərait yaradacaq. Təcrübə göstərir ki, bu cür beynəlxalq yarışlar ölkəyə turizm axınını da sürətləndirir ki, bu da mühüm iqtisadi divident deməkdir. Ən əsası, Azərbaycan I Avropa Oyunlarının keçirildiyi ilk ölkə kimi adını tarixə yazacaq və ölkəmizdə müəyyən olunan model və standartlar gələcək oyunların hər biri üçün nümunə olacaq».

XS
SM
MD
LG