-
Müstəqil «Cənub xəbərləri» qəzetinin son nömrəsində intiharlarla bağlı yazı dərc edilib. Qəzetdə yazılanlara görə, bu il mayın 29-da Masallı rayonun Hacıtəpə kəndində intihar hadisəsi baş verib. 17 yaşlı Səbinə Kərimova həyətlərindəki tövlədə özünü asıb. Səbinə Bakıda kollecdə təhsil alırdı, nişanlı idi.
Qəzetdə həmçinin yazılanlara görə, cənub rayonlarında may ayında 4 intihar hadisəsi olub. İntihar hadisələrindən biri də Cəlilabad rayonunda baş verib. Qarabağ qazisi Mirtahir Seyidov rayon polis şöbəsinin qarşısında özünü yandırıb. Onun özünə qəsd etməsinə səbəb kimi yerli icra orqanların şikayətlərinə biganə qalması göstərilir. Mirtahir Seyidov Bakıya aparılsa da, onu qurtarmaq mümkün olmayıb.
«Cənub xəbərləri» qəzetinin naşiri və baş redaktoru Zahir Əmənov deyir ki, intiharlarla bağlı ötən ilin dekabr nömrəsində də yazı veriblər. Onun bildirdiyinə görə, ötən ilin dekabrında özlərinə qəsd edənlərin əksəriyyəti qızlar olub. Qəzet həmin ayda Azərbaycanda 11 intihar hadisəsinin baş verdiyini yazır.
İNTİHARLARIN DƏQİQ STATİSTİKASI APARILMIR
Baş redaktor deyir ki, intiharlarla bağlı ayrıca rəsmi statistika yoxdur. Bütün ölüm halları bir rəqəm altında gedir. Buna görə də qəsdlərlə bağlı dolğun məlumat əldə etmək mümkün deyil. Onun fikrincə, intihar hadisələrin dinamikası əldə olduqdan sonra səbəbləri sistemləşdirmək olar:
«Bunun dəqiq düsturu yoxdur. İntiharları o adamların dünya görüşlərində axtarmaq lazımdır. Məktəblərdə uşağın psixoloji amillərini nəzərə almaq vacibdir. Məktəblərdə «İnsan və cəmiyyət» dərsliyi daha geniş şəkildə keçirilməlidir. Sovet dövründə informasıyalar az gəlirdi. İndi informasiyaların axını var. Bu da səbəb ola bilər».
«ÖZÜNƏ QƏSD EDƏNLƏRİN ARASINDA MƏKTƏBLİ UŞAQLAR DA VAR»
Lənkəran Müəllimlər Cəmiyyətin sədri Rahim Nuriyev də intihar hadisələrini insanların psixi durumu ilə əlaqələndirir:
«İntiharlar tez-tez baş verir. Buna görə də intiharlar xüsusi araşdırma tələb edir. Özünə qəsd edənlərin arasında məktəbli uşaqlar da var. Ailədə, məktəbdə yeniyetmələrə daha diqqətlə yanaşmaq lazımdır. Burda psixoloji amil də rol oynayır. Düşdükləri durumdan çıxış yolu tapa bilmirlər, nəticədə özlərinə qəsd edirlər».
«İŞ YOX, YOXSULLUQ DA BİR TƏRƏFDƏN»
Astara şəhər sakini, sosial şəbəkələrin aktiv istifadəçisi Elçin İbrahimli isə əksər intiharları maddi durumla bağlayır:
«İş yox, yoxsulluq da bir tərəfdən. Biz bilirik, kənd yerlərində ailələrin maddi durumu heç də yaxşı deyil. İnsanlar kredit altındadırlar. İntiharların çoxu bu səbəblərdən baş verir».
Rayon rəsmiləri isə intiharların maddi səbəblərlə izah edilməsi fikri ilə bir elə də razılaşmırlar.