-
«Yaxın 17 gündə gözlər Bakıda olacaq. Təəssüf ki, Avropa Olimpiya Komitəsi hökumətdən insan hüquqları ilə bağlı ciddi addım atmağı tələb etmir».
Bunu ABŞ Nümayəndələr Palatasının üzvü, Helsinki Komissiyasının sədri Chris Smith Bakıda birinci Avropa Oyunlarının açılış mərasimi zamanı yaydığı bəyanatda bildirib.
Onun dediyinə görə, «Bakıdakı rəngli festival heç kəsin gözünü Azərbaycan hökumətinin dəhşətlərinə, insan haqlarını rekord sayda pozmasına kor etməməlidir».
Chris Smith yazır ki, son iki ildir hökumət müstəqil medianı kəskin məhdudlaşdırıb. O vurğulayır ki, ölkədə sonuncu azad media resurslarına qarşı kampaniya nəticəsində AzadlıqRadiosu ötən ay Bakıdakı bürosunu bağlayıb: «Azadlıq Radiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayıl cinayət ittihamları ilə həbsxanadadır. Hesab edilir ki, həbsdə olan digər jurnalistlər, ictimai fəallar, dindarlar məhz siyasi səbəblərlə tutulub».
Chris Smith bəyanatında vurğulayır ki, Azərbaycan ATƏT-in Layihə Koordinatorluğunu da bağlamaqla ATƏT öhdəliklərinə etinasızlığını göstərir.