-
Türkiyənin 9-cu prezidenti Süleyman Demirel iyunun 17-də Ankara Güvən Xəstəxanasında vəfat edib.
O, mayın 13-də ürək çatışmazlığı və kəskin tənəffüs yolları infeksiyası ilə xəstəxanaya yerləşdirilmişdi.
Süleyman Demirel 1924-cü il noyabrın 1-də İsparta şəhərində anadan olub.
1993-2000-ci illərdə Türkiyə prezidenti, müxtəlif dövrlərdə isə beş dəfə baş nazir olub. İxtisasca mühəndisdir.
Süleyman Demirel Azərbaycan ictimaiyyəti üçün də zaman-zaman xatırlanan, fəaliyyəti müzakirə edilən dövlət xadimi olub.
1993-cü il AXC hakimiyyəti dövründə Ali Sovetin sədri olmuş İsa Qəmbər Süleyman Demirel-lə bağlı sualları cavablandırır.
- İsa bəy, Süleyman Demirel ilə AXC hakimiyyəti arasında əməkdaşlıq hansı səviyyədə olub?
- Süleyman Demirel Türkiyənin son dönəminin ən tanınmış, ən təsirli dövlət xadimlərindən biri olub. Təbii ki, onun vəfatı həm özü, həm də dövründəki hadisələri gündəmə gətirəcək. Azərbaycan cəmiyyətində Süleyman Demirel-lə bağlı yekdil fikir yoxdur. Onun Azərbaycana, xüsusən demokratik hakimiyyətə, Elçibəy hakimiyyətinə dəstək vermədiyi barədə fikir kifayət qədər populyardır.
- Bu fikrin əsasları varmı?
- Təbii, bu yanaşmanın əsasları var. Amma onu da qeyd etmək lazımdır ki, Azərbaycan xalqının Türkiyədən gözləntisi həddindən artıq böyük olub. Bu gözləntiləri tam şəkildə reallaşdırmaq nəinki Süleyman Demirel üçün, ümumiyyətlə Türkiyənin heç də hər zaman imkanları daxilində olmayıb. Təbii ki, çox işlər görmək mümkün idi, ancaq reallıqları da nəzərə alsaq, daha düzgün olardı. O dönəmdə Süleyman Demirel praqmatik bir siyasətçi kimi o dövrün demokrat, idealist prezidenti ilə uyuşa, çalışa bilmədi. Mən Süleyman Demirel-in adının Azərbaycanda hakimiyyət çevrilişində çəkilməsi yanaşmasından uzağam. Sadəcə, həmin vaxt hakimiyyət dəyişikliyi ssenarisi müəyyən xarici qüvvələr tərəfindən işlənmişdi. Hər bir dövlət xadimi kimi Süleyman Demirel də o situasiyada Türkiyə, özünün təmsil etdiyi siyasi qüvvələrin marağına daha faydalı ola biləcəyini güman etdiyi addımlar atmış ola bilər.
- İsa bəy, Cəbhə hakimiyyəti ilə Demirel hakimiyyəti arasında ziddiyyətlər nədən doğmuşdu?
- Məncə, yuxarıda bu ziddiyyətləri göstərdim. Bu, fərqli dövlət maraqları, fərqli siyasi fəlsəfələrdən doğan ziddiyyətlər idi. Konkret Əbülfəz Elçibəyin Süleyman Demirel-dən nəyi istədiyi və nələrdən söhbət getdiyi barədə isə dəfələrlə yazılıb, deyilib.