-
"Səhər küçəyə çıxanda bizi ilk qarşılayan sahibsiz itlər olur. Uşaqlar tez-tez belə itlərin hücumlarına məruz qaldıqlarına görə məktəbə buraxmırıq".
Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri deyir. Onlar kənddə hər gün sayı artan sahibsiz heyvanlar sarıdan narahatlıq keçirirlər.
VƏHŞİ İTLƏR 6 QOYUNU PARÇALAYIB
Sakinlərin sözlərinə görə, dəfələrlə kənd bələdiyyəsinə müraciət etsələr də xeyri olmayıb.
Kənd sakini Murad Mətləbli:
"Hər dəfə deyirlər ölçü götürərik, elə də qalıb".
Sakinlər sahibsiz itlərin artmasını ərazidə zibilliklərin artması ilə əlaqələndirirlər.
"Zibilliklərdə tapdıqlarından yeyib bir az da kökəlirlər, sonra da üstümüzə hücum çəkirlər. Neçə uşağı qapıb".
Bu ilin aprelində sahibsiz itlər kəndin xırdabuynuzlu heyvanlarını otaran Elbrus Cəfərova da hücum edib. Heyvanları otarmağa aparan kəndli 9 vəhşi itin hücumuna məruz qalıb. Qonşuların müdaxiləsinə baxmayaraq sahibsiz itlər qoyunlardan 4-nü yaralayıb, 2-ni isə parçalayaraq öldürüb.
BƏLƏDİYYƏ DEYİR Kİ...
"Yuxarı Öysüzlüdə quduzlaşmış canlıların sayı günbəgün artır. Təhlükə mənbəyinə çevrilən itlər azyaşlı uşaqların oyun meydançasında daha çox gözə çarpdığından bu məsələ bizi daha çox narahat edir".
Sakinlərin deməsinə görə, sahibsiz itlərə təkcə Yuxarı Öysüzlü kəndində deyil, Tovuzun mərkəzində, Ağdam və digər yaşayış məntəqlərində də rast gəlmək mümkündür.
Kənd bələdiyyəsindən "Qaynar xətt"ə bildiriblər ki, sahibsiz vəhşi heyvanlarla bağlı tədbir görülür. Kənddə xeyli vəhşi heyvan məhv edilsə də, qonşu kəndlərdən yenə gəlir.