-
"Atam, anam öləndən sonra onların pay torpaqları da mənə qaldı. 62 sotdur. Sosial yardım üçün gedəndə deyirlər ki, pay torpağın var, sosial yardım düşmür. Əlil adamam, o pay torpağı nəyimə lazımdır?"
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bu məsələ ilə bağlı tez-tez AzadlıqRadiosuna münasibət bildirən sosial yardımların təşkili sektorunun müdiri Salam Rzayevin deməsinə görə, pay torpağı da pul şəklində hesablandığına görə vətəndaşa ünvanlı sosial yardım təyin etmək mümkün deyil:
ƏNGƏL MENTALİTETDƏN GƏLİR
"Bu adamın adında pay torpağı varsa, istifadə etmirsə, sata və dolana bilər. Torpaq onun əmlakı olduğuna görə o əmlak bu adama pul şəklində hesablanır. Nazirlər Kabinetinin 32 saylı qərarı var - orta aylıq gəlirin hesablanması qaydası. Ona əsasən vətəndaşın pay torpağı varsa, o torpaq onun gəlirinə hesablanır. Adam başına ehtiyac meyarı 100 manatdır. O torpaqdan gələn gəlir hesablanır, 50 manat əlillik müavinətinin üstünə gəlir, ona görə də həmin xanıma ünvanlı sosial yardım təyin etmək mümkün olmur. O vətəndaş yalnız torpağı satandan 1 il sonra ünvanlı sosial yardım üçün müraciət edə bilər".
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da bu məsələyə tez-tez münasibət bildirir:
“Müəyyən mentalitetə uyğun olaraq insanlar onlara verilən torpaq sahələrini satmaq istəmirlər. Amma həmin torpaqları da becərmirlər. Torpaq sahələri də onların olduğu üçün ailə üzvləri neçə yaşında olmasından asılı olmayaraq işləyən kimi qeydiyyata alınır. Həqiqətdə isə mövcud problemlər hələ də qalmaqdadır”.