Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:29

Həmməruzəçilər: «Sabitlik insan haqları hesabına olmamalıdır»


AŞPA - 2013
AŞPA - 2013

-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası iyunun 22-də başlanıb. Bir gün sonra bu qurumAzərbaycanla bağlı hesabatı müzakirəyə çıxaracaq. «Azərbaycanda demokratik institutların vəziyyəti» adlanan hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro AgramuntTadeusz Iwiński hazırlayıb.

AŞPA-nın vebsaytında yerləşdirilən məlumatda bildirilir ki, Azərbaycanda 2015-ci ilin noyabrında parlament seçkiləri keçiriləcəyindən, Monitorinq Komitəsi bu ölkədə demokratik təsisatların fəaliyyətini araşdırıb. Bu zaman AŞPA-nın 2013-cü ilin noyabrında irəli sürdüyü tövsiyələrin necə yerinə yetirildiyi də dəyərləndirib. Sözügedən Komitə hakimiyyət qollarının qarşılıqlı nəzarətinə, məhkəmə sisteminin müstəqilliyi səviyyəsinə və seçki məsələlərinə ayrıca diqqət yetirib. QHT liderlərinə, jurnalistlərə, onların vəkilləri və digərlərinə qarşı cinayət təqibinin güclənməsi barədə məlumatlardan narahat olan komitə özəlliklə həmin qətnamənin 18.2 və 18.4 saylı bəndlərinin necə gerçəkləşdirildiyini nəzərdən keçirib.

KOMİTƏ DƏRİN NARAHATLIQ BİLDİRİR

«Komitə 2013-cü il oktyabr seçkisinin azad, ədalətli və şəffaf keçirildiyini qəbul edir, eyni zamanda Venesiya Komissiyasının Seçki Məcəlləsinə dair ən mühüm tövsiyələrindən bəzilərinin icra olunmamasından təəssüfləndiyini bildirir. Komitə hakimiyyətin səylərinə baxmayaraq, məhkəmənin müstəqil olmadığını qeyd edir, məhkəmə proseslərində ədalət və təqsirsizlik prezumpsiyasına sayqı baxımından narahatlığını dilə gətirir. Qurum şəffaflığın təminatı və korrupsiya ilə mübarizə sahələrində, terrorçuluğun maliyyələşdirilməsinin və çirkli pulların yuyulmasının qarşısının alınmasında ölkənin cəhdlərini dəstəkləyir. Komitə eyni zamanda birləşmə və ifadə azadlığı hüquqları arasında adekvat balansın yaradılmasına çağırır. Bu hüquqlar Avropa İnsan Haqları Konvensiyasında təmin olunub».

«Qurum Azərbaycanda insan haqlarına təzyiqlərdən dərin narahatlığını bildirir. Azərbaycanda QHT-lər və insan haqları müdafiəçiləri üçün şərtlər pisləşib, müstəqil mediaya, ifadə azadlığı təbliğatçılarına təzyiqlər çoxalıb. Komitə hakimiyyəti hökumətin tənqidçilərinin sistematik təqibinə son qoymağa çağırır, İnsan Haqları Məsələləri üzrə Birgə İşçi Qrupun fəaliyyətini bərpa etməsini alqışlayır».

ASSAMBLEYAYA ÇAĞIRIŞ

«Bu narahatlıqları və baş verənləri nəzərə alaraq, Assambleya hakimiyyəti Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının Nazirlər Komitəsi qətnamələrinə uyğun və tam icrasına çağırmalıdır. Hakimiyyət bölgüsü, seçki prosesləri, məhkəmələr, ifadə və birləşmə azadlıqları sahəsində bir sıra tövsiyələr irəli sürülməlidir».

Həmməruzəçilər yazırlar ki, Azərbaycan hakimiyyəti onlara ölkənin hər tərəfdən təhlükəyə məruz qaldığını, xarici və daxili qüvvələrin ölkədə sabitliyi pozmağa cəhd göstərdiyini deyib.

«Hakimiyyət təkid edirdi ki, özəlliklə Avropa Oyunları öncəsi ölkədə sabitliyin təminatı üçün tədbirlər görülməlidir. Hökumətin narahatlığını anlayır, ancaq qeyd edirik ki, sabitlik insan haqları standartlarının zədələnməsi hesabına yaradılmamalıdır. Avropa Şurasının üzvü kimi, hakimiyyəti öz öhdəliklərinə hörmət etməyə çağırırıq. Sabit demokratiya qarşılıqlı nəzarəti həyata keçirən hakimiyyət bölgüsü tələb edir. Parlament də daxil, əsl siyasi dialoqa imkan yaradılmalı və parlamentin icraya nəzarəti gücləndirilməlidir... Sabit demokratiya ideyaların azad qarşıdurmasının yarandığı azad və ədalətli seçkilərlə əldə olunur. Görünən odur ki, indiyədək Avropa Şurasının hüquqi və institusional çərçivəyə və seçki praktikasına dair tövsiyələrinin bəziləri hələ də həllini gözləyir. Özəlliklə müstəqil və qərəzsiz şikayət mexanizmləri təmin olunmalıdır. Növbəti seçkilər 2015-ci ilin noyabrında keçiriləcək. Venesiya Komissiyasının tövsiyələrinə və Nazirlər Komitəsinin qətnamələrinə söykənərək irəli getmək lazımdır. Ümumiyyətlə, seçki prosesi boyunca, özəlliklə ifadə və birləşmə azadlıqlarına münasibətdə demokratik proseslərə uyğun mühit yaradılmalıdır».

TÖVSİYƏLƏR

Hesabatda tənqidi səslərə qarşı iddia olunan repressiyalardan, QHT qanunvericiliyinə dəyişikliklərdən, ifadə azadlığının məhdudlaşdırılması üçün cinayət qanunvericiliyinin qanunsuz tətbiqindən də narahatlıq bildirilir.

Məruzəçilər bir sıra tövsiyələr irəli sürürlər: Avropa Məhkəməsinin qərarları tam icra olunsun; icra orqanına parlamentin nəzarəti gücləndirilsin; məhkəmənin tam müstəqilliyi təmin edilsin; Venesiya Komissiyasının seçkilərə dair tövsiyələrinin icrası sürətləndirilsin; seçki administrasiyasının tərkibi, namizəd və seçicilərin qeydiyyatı sahəsində islahatlar davam etdirilsin və s.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov apa-ya açıqlamasında sessiyada Azərbaycana qarşı səslənəcək qeyri-obyektiv tənqidlərə hazırlaşdıqlarını bildirib:

«Məruzədə xeyli tənqidi məqamlar var. Reallığı əks etdirən məqamlara, təbii ki, normal yanaşmaq lazımdır. Amma o məqamlar ki qeyri-obyektivdir və ikili standartlardan ibarətdir, onlara qarşı kəskin mövqeyimizi bildirəcəyik. Məruzədə çox vacib bir məsələ - Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqamlar da var. Onları dəstəkləyəcəyik ki, məruzə qəbul olunsa, bu fikirlər sənəddə əksini tapsın. Amma biz bilirik ki, Ermənistan tərəfi yalanlar yayıb, hansısa məsələləri dəyişdirməyə cəhd edəcək. Ona görə bu məsələdə də işimizi möhkəm tutmuşuq».

XS
SM
MD
LG