-
Shaffer Azərbaycanı rezonanslar doğuran mətbuatına, kəskin siyasi debatlarına, realist seçicilərinə görə tərifləyir...
Araşdırma
Azərbaycan hökumətinin "müstəqil eksperti"
Mütəşəkkil Cinayətlərin və Korrupsiyanın Araşdırılması layihəsi - OCCRP «Xədicə» layihəsi çərçivəsində Azərbaycan hökumətinin ABŞ-dakı lobbi siyasəti haqda araşdırmasının ikinci hissəsini dərc edib.
Araşdırmada deyilir ki, Azərbaycan hökuməti bu işini yaxşı qurub- onun birlikdə çalışdığı amerikalı alim Brenda Shaffer həm lobbi işinin öhdəsindən uğurla gəlir, həm də Azərbaycanla bağlı olduğunu müfəvvəqiyyətlə gizlədə bilir.
Araşdırma müəllifi narahatdır ki, ABŞ qəzetləri, beyin mərkəzləri və universitetləri Shaffer-i Azərbaycan hökumətindən pul almasına önəm vermədən müstəqil araşdırmaçı kimi təqdim edir.
1999-cu ildə Azərbaycan hökuməti Harvard Universitetində Xəzər Araşdırmaları Proqramı təsis edir və Brenda Shaffer-i quruma rəhbər təyin edir.
Araşdırmanın müəllifi yuxarıda adı çəkilən mətbuat orqanlarına müraciət edib soruşub ki, niyə Azərbaycan hökumətindən pul alması iddia olunan şəxsi “müstəqil” ekspert kimi qələmə vermisiz. "New York Times" və "Washington Post" qəzetləri Shaffer-in yazılarının altına onun Dövlət Neft Şirkətində məsləhətçi işləməsindən xəbərsiz olduqlarını əlavə ediblər.
Brenda Shaffer neft üzrə ekspertdir, ABŞ və İsrail universitetlərində dərs deyir. İndiyə qədər Shaffer Azərbaycan haqqında "New York Times", "Washington Post", "Reuters", "Jerusalem Post" kimi nüfuzlu ABŞ və İsrail media orqanlarında 14 yazı dərc etdirib.
Araşdırmanın birinci hissəsində iddia edilirdi ki, Shaffer Konqresin Nümayəndələr Palatasındakı dinləmələrdə Azərbaycan hökumətinin siyasətini müdafiə edən çıxış edərkən özünün Azərbaycan Dövlət Neft Şirkətinin işçisi olması haqda məlumat verməyib.
Araşdırmanın müəllifi yuxarıda adı çəkilən mətbuat orqanlarına müraciət edib soruşub ki, niyə Azərbaycan hökumətindən pul alması iddia olunan şəxsi “müstəqil” ekspert kimi qələmə vermisiz. "New York Times" və "Washington Post" qəzetləri Shaffer-in yazılarının altına onun Dövlət Neft Şirkətində məsləhətçi işləməsindən xəbərsiz olduqlarını əlavə ediblər.
ABŞ-dakı Karnegi Fondunun tədbirlərinin birində çıxışında Shaffer iddia edir ki, Azərbaycanda seçkilərdə və digər sahələrdə pozuntular haqda məlumatların belə ictimailəşməsinin səbəbi bu ölkədə açıq cəmiyyətin mövcud olmasıdır.
Shaffer Azərbaycanı rezonanslar doğuran mətbuatına, kəskin siyasi debatlarına, realist seçicilərinə görə tərifləyir.
Shaffer deyir ki, Azərbaycanın seçkilərdən sonra daha da demokratik olmaq üçün daha ciddi addımlar atacağına inanır: “Daha yaxşı işləyəcək.. əgər ABŞ onun yanında olarsa... Əgər Azərbaycanda demokratiyanın vəziyyətindən doğrudan da narahatsınızsa, onunla partnyor olun, onun dostu olun”.
Araşdırmada iddia edilir ki, AzadlıqRadiosunda Shaffer-in Azərbaycan hökuməti ilə yaxınlığı barədə məqalə dərc olunduqdan sonra bəzi beyin mərkəzləri ondan uzaqlaşmağa başladılar.
Amma Shaffer hələ də fəaliyyətini davam etdirir - bu günlərdə iki beyin mərkəzi onun yazılarını dərc edib, amma Shaffer-i yalnız alim kimi təqdim edib.
(“Xədicə” layihəsi həbsdə olan jurnalist Xədicə İsmayılovanın yarımçıq qalmış araşdırmalarını davam etdirmək məqsədilə təsis olunub: onlarla beynəlxalq araşdırmaçı jurnalist bu layihədə çalışır).