Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:39

"Belə get, qarşına göl çıxacaq..."


Seymur Baycan
Seymur Baycan

-

"Çətin günlər keçirmişdim burda. Partlayıram. Danışmaq istəyirəm. Kimə danışacam? Yanımdakılar öz aləmlərindədirlər."

Seymur Baycan

Kədərli səyahət

Necə vaxtdır uşaqlar məcazi mənada (hansı mənada yazdığını gərək mütləq qeyd edəsən) yaxamdan yapışıb elə hey “bizi zooparka apar”, “bizi zooparka apar” deyirdilər.

Aparmaq istəyirdim. Heç cürə alınmırdı. Gah mən Bakıda olmurdum, gah da uşaqların vaxtı olmurdu. Məktəbə gedirdilər. Nəhayət, qətiyyət göstərdim.

Biz ötən ay bir bazar günü zooparka tərəf üz tutduq. “Gənclik” metrosundan çıxanda, çaşıb qaldım. Burada o qədər dəyişikliklər baş vermişdi ki, hansı səmtə gedəcəyimi müəyyən edə bilmədim.

Son illər ölkəmizdə aparılan tikinti, quruculuq, abadlıq işlərinin çox geniş vüsət alması nəticəsində əvvəllər yaxşı tanıdığın yerdə çaşıb qalırsan, şair demişkən, bilmirsən haraya, hayana gedəsən.

Mən də belə bir vəziyyətə düşdüm. Uşaqların yanında pərt olmuşdum. Vəziyyətdən çıxmaq üçün başladım bu mövzuda danışmağa. Dedim ki, uşaqlar, buraları əvvəl yaxşı tanıyırdım. İndi bura dəyişib.

Hətta əvvəl buranı yaxşı tanıdığımı sübut etmək xeyrinə bir-iki əhvalat danışdım. Bir nəfər maşının şüşələrini silirdi. Yaxınlaşdım bu adama. Ədəb-ərkanla salamlaşdım. Dedim:

- Hər vaxtınız xeyir olsun.

- Salam-əleyküm.

Nədənsə bu adamdan zooparkın yerini birbaşa soruşmaq istəmədim. Demədim, zoopark hansı tərəfdədi, ora necə getmək olar?

Dedim, əvvəllər buranı yaxşı tanıyırdım. İndi çox dəyişib buralar. Adam sözümü kəsdi. İmkan vermədi oraların dəyişməsindən danışam. Mən də zooparkın yerini soruşdum.

Dedi ki, belə get, qarşına göl çıxacaq, istəsən gölün başına fırlanarsan, istəsən yanından düz gedərsən. Orda soruş, deyəcəklər.

Xeyli vaxt onun sözü beynimdə fırlandı. Bu nə qəribə söz idi? İstəsən, gölün başına fırlanarsan, istəsən, yanından düz gedərsən. Nağıl dili yüyrək olar. Gəlib çatdıq zooparka.

Susuzlamışdım. Həm də ac idim. Uşaqlara dedim, bir stəkan çay içək. Sonra girərik zooparka. Çay sifariş verdik. Peçenye və rulet də aldım. Uşaqlar heyvanlara doğru can atırdılar. Onların narahatçılığına fikir vermədim. Çayımızı içdik. Peçenyeləri yedim.

Getdik heyvanların yanına. Kaş, getməyəydik. Zooparkda həngamə vardı. Hardansa avtobuslarla uşaqlar gəlmişdi. Uşaqların başının üstündə həm analar, həm də müəllimələr dayanmışdı...

Çünki aralarında qadınlara “müəllimə” deyənlər də vardı, “mama”, “ana” deyənlər də. Digər tərəfdən, davranışlar da burda həm ana, həm də müəllimə olduğunu göstərirdi.

Uşaqlar özlərini çox pis aparırdılar. Dəli kimi ora-bura qaçışır, qışqırışır, bir-birlərini didirdilər, heyvanlara qarşı isə qəribə münasibət göstərirdilər. Hətta iki uşaq heyvanların üzünə tüpürdü. Uşaqlar qəfəsə yaxınlaşdılar. Heyvan da uşaqlara yaxınlaşdı və bu zaman uşaqlar onun üzünə tüpürdülər.

Bu mənzərə mənə pis təsir etdi. Müəllimələr və analar isə ancaq şəkillər çəkdirirdilər. Hərdən bir də uşaqların üstünə qışqırırdılar. Müəllimələr heç də müəllimələrə oxşamırdılar.

Məsələn, küçədə onları görsən, ağlına gəlməz ki, bu adamın peşəsi müəllimədir. Baxırdım onlara, düşünürdüm, bu qadınlar öz uşaqlarına və şagirdlərinə nə öyrədə bilərlər?

Bir nəfər qız vardı. Texnikuma girmişdi. Deyirdi ki, müəllimə girdi sinifə. Onun ilk dərsi imiş. Guya qızlarla tanış olurmuş. Adları, familiyaları oxuduqca qızlar qalxırmış ayağa. Bu da suallar verirmiş-hardansan, kimsən, nəçisən, atan-anan kimdi? Axırda da soruşurmuş ki, qızsan, yoxsa gəlin?

Sözün həqiqi mənasında zooparka gəlməyimə çox peşman olmuşdum. Heyvanların vəziyyəti çox ağır idi. Onlara baxanda adamın yazığı gəlirdi. O cür zooparkın olmağındansa, olmamağı daha yaxşıdı.

Heyvanları o cür miskin, aciz, yazıq vəziyyətdə görmək istəmirəm. Adamda təbiət haqqında çox pis təəssürat yaranır. Dilsiz-ağızsız canlılara elə zülm verməyin mənası nədir?

Uşaqlarda təbiətə maraq oyatmaq? Uşağa elə təbiət göstərməyin ancaq zərəri ola bilər. Bir də ki, uşaqlar ümumiyyətlə təbiəti hiss etmək istəyirlərmi? Hələ bir az kənardan gəlmiş sivil adam heyvanları o vəziyyətdə görsə, ürəyi ağrıyar.

Ya bir az xərc çəkib, o zooparkı abıra salmaq, ya da bağlamaq lazımdı. Üçüncu variant da var. Heyvanları paylasınlar imkanlı şəxslərə, onlar da bu heyvanları aparıb bağlarında saxlasınlar.

Ürəyim sıxıldı zooparkda. Bərk kədərlənmişdim. Birdən-birə özümü boşluqda hiss etdim. Uşaqlar da artıq heyvanlara baxıb, qurtarmışdılar. Burda dayanmağın mənası yox idi. Getdikcə, özüm öz gözümdə mənasızlaşırdım.

Beynimdə qarmaqarışıq fikirlər dolaşırdı. 2000-ci illərin əvvəlində jurnalistikaya yeni gəlmiş gəncləri zooparkdan reportaj yazmağa göndərirdilər. Ona görə qəzetlərdə tez-tez zooparkdan reportajlar oxuyurduq.

Hətta bizim yaxın dostlarımızdan biri zooparkdan yazdığı reportajda babat quş buraxmışdı. Redaktor da buraxılan quşu görməmişdi. Reportaj dərc olunandan sonra aləm qarışmışdı.

Beləcə, yazı haqqında düşünməyə başladım. Ovqatımın təsiri altında yazı və yazmaq prosesi əhəmiyyətini itirməyə başladı. Fikirləşdim, nəyə lazımdı bütün bunlar? Mənası nədir? Əhəmiyyəti varmı?

Bəlkə də ortada heç nə, heç bir proses yoxdu, bütün bunlar illüziyadır. Özümü çox lazımsız hiss etdim. Əlacım olsaydı, özüm öz ayağımla gəlmişkən, uşaqlara “sağ olun” deyib, könüllü şəkildə qəfəslərdən birinə girib, oturardım. Onsuz da o qəfəsdə oturan heyvanlarla öz həyatım arasında ciddi bir fərq görmürəm.

Uşaqlara dedim acmışam. Gedib yemək yeyəyin. Zooparkdan çıxanda hardansa yenə uşaqlar gətirdilər. Uşaqların görünüşləri diqqətimi cəlb etdi. Ayaq saxladıq. Bu uşaqlara böyükləri göstəriş verdi. Onlar bir neçə şən mahnı oxudular.

Özləri də çəpik çalırdılar.Bilmədim, doğurdan da şəndirlər, yoxsa özlərini şən göstərirlər. Sonra bu uşaqları düzdülər qəfəslərin qabağına və uşaqlar himn oxumağa başladılar.

Günüm zəhərə dönmüşdü. Gəlib çıxdıq “Azadlıq” prospektinə. Prospektlə yuxarıdan üzüaşağı addımlayarkən xeyli hadisələr yadıma düşdü. Xatırladığım hadisələrin də çoxu kədərli idi.

Çətin günlər keçirmişdim burda. Partlayıram. Danışmaq istəyirəm. Kimə danışacam? Yanımdakılar öz aləmlərindədirlər.

Statusumdan istifadə edərək danışıb-danışıb, boş yerə niyə zəhlələrini töküm? Bilirəm ki, danışdıqlarım onlar üçün maraqlı olmayacaq. Heç nə başa düşməyəcəklər.

Xəstəxananın yanından keçdiyimiz vaxt uşaqlardan böyüyünə dedim:

- Nənən burda işləyirdi.

Uşaq üzümə baxdı. Soruşdu:

- Hansı nənəm?

Birdən mənə aydın oldu ki, bu uşağın dayısıyam. Öz nənəmdən danışıram. Mənim nənəm onun nənəsi olmayıb. Ümumiyyətlə, onlar heç bir-birlərini görməyiblər. Bu doğulanda, o birisi artıq ölmüşdü.

Kultura.az

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG