-
«Bəzi böyük güclər dünyanı, o cümlədən Azərbaycanı da idarə etmək istəyirlər. Azərbaycanın maraqları var və bu maraqları reallaşdırmaq üçün kimlərinsə hansısa planlarına «yox» deməliyik. Böyük dövlətlərin əksəriyyəti Azərbaycanı idarə etmək istəyir, prezident İlham Əliyevin müstəqil siyasəti onların çoxuna sərf etmir. Qarşıdan parlament seçkiləri, Şahmat Olimpiadası, İslam Həmrəylik Oyunları və digər yarışlar gəlir. Azərbaycan ambisiyasını ortaya qoyub və bunun əsası var. Xalqımızın bacarığı, qonaqpərvərliyi göz önündədir. Heç kim bizi anarxiya, xaos yaratdığı dövlətlərlə eyniləşdirə bilməz».
Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu fikirdədir. O, iyunun 29-da Bakı Dövlət Universitetində «Azərbaycan milli mətbuatı – 140» mövzusunda keçirilən elmi-praktik konfransdakı çıxış edib.
Əli Həsənov bildirib ki, müstəqil media Azərbaycan dövlətinin problemlərini çiyninə götürə, xarici mətbuatdakı qərəzli yazılara cavab verə bilir:
«Hər bir jurnalist unutmamalıdır ki, xalqı, dövləti təmsil edir, dövlətə, Vətənə bağlılıq arxa plana keçməməlidir. Müasir dünyada o qədər standartlar yaranıb ki, indiyə qədər təbliğ etdiyimiz Qərb media standartları da artıq yaramır. Qərbin təmsil etdiyi transmilli mediada bəlli mərkəzlərin maraqları ifadə olunur və bu maraqlar yeganə obyektiv informasiya kimi təqdim edilir... Dünyada siyasi məhbus axtarırlar. Bu gün bir nömrəli siyasi məhbus Misirin seçilmiş prezidenti Mohamed Morsi-dir. Bu gün çoxstandartlılığın hökm sürdüyü dünyada bəzi jurnalistlər belələrinə (Qərb mediasına – red.) dəstəvuz verir, onlara yadım göstərirlər. Bu məsələlərdə xaricdə yaşayan bəzi Azərbaycan jurnalistlərindən də istifadə edirlər».