“Yeni Müsavat” şənbə buraxılışında Azərbaycanın istirahət mərkəzlərindəki qiymətlərlə Türkiyəni müqayisə edib və belə nəticəyə gəlib ki, Bodrumda istirahət etmək daha ucuzdur.
Məqalə müəllifi yazır ki,Nabranda istirahət söz birləşməsinin altında bir çox detallar var: “Yəni bu istirahəti günü 10 manata da başa gətirmək olar, günü 100 manata da. Nabrandakı bir çox istirahət mərkəzlərində, xüsusən də sovet dövründə tikilmiş, insanların daha çox “putyovka” vasitəsilə gəldiyi istirahət mərkəzlərində yerli işbazlar otaqları ucuz qiymətə kirayəyə verir. Bu tip yerlərdə adambaşına 6-7 manata olan otaqlar var. Amma tam şəraitsiz və təbii ki, yemək servisi olmadan. Quru çarpayı və dörd divar”.
“Yeni Müsavat” yazır ki, belə yerdə qalanlar yeməklərini özləri hazırlayırlar: “İstirahət mərkəzlərində isə vəziyyət qəlizdir. Məlum olub ki, burada bir nəfərin 3 dəfə yemək daxil olmaqla bir günlük istirahəti 50 manata başa gəlir.
5 yaşa qədər uşaqlar pulsuz, 5 yaşdan yuxarı böyüklər isə qeyd olunmuş tariflə, yəni 50 manat ödəməklə istirahət edə bilər. 1 və 2 nəfərlik otaqlar var. 4 nəfərə 2 otaq təqdim edilir.
İstirahət mərkəzindəki yeməklərin məbləği isə aşağıdakı kimidir: səhər yeməyi 6 manat, nahar - 8 manat, şam yeməyi - 8 manat. Yəni bir günlük yemək məsrəfi 22 manat edir. Bunun üzərinə otaqda gecələməni də əlavə etsək, ümumi məbləğ 87 manatdır. Yəni bir günlük «Atlant» istirahəti təkbaşına gələn adama 87 manata başa gəlir. Bu istirahətin 7 günlük planlaşdırıldığını nəzərə alsaq, ümumi məbləğ 609 manatdır. Nəzərə almalıyıq ki, bura nəqliyyat xərcləri daxil deyil.
Antalyada isə 1 həftə 550 manata da istirahət etmək olar” - qəzet yazır.
4.5 milyard ziyan, şişən borclar və bərbad idarəçilik; Qorxmaz Hüseynovun başı üzərində «qara buludlar»
Beynəlxalq audit şirkəti “Ernst & Young Holdings” (CIS) Azərbaycanın su monopolisti “Azərsu” ASC-nin bərbad maliyyə göstəricilərini üzə çıxarıb. “Azadlıq” qəzeti yazır ki, 2014-cü ildə səhmdar cəmiyyəti 886 milyon manat ziyana düşüb. Hərçənd ki, bu, şirkətin 2013-cü ildə düşdüyü ziyandan 162,6 milyon manat azdır. “Azərsu” həmin ili 1 milyard manatdan çox ziyanla başa vurub, - qəzet yazır: “Maliyyə hesabatına əsasən şirkətin su satışı, kanalizasiya və sair xidmətindən gəlirləri 140 milyon 979 min manat olub.
Bu, 2013-cü ildəkindən 4,5 faiz çoxdur. Satışın maya dəyəri 5,6 faiz azalaraq 87 milyon 991 min manat olub.
Beləliklə, şirkət satışdan 53 milyon manat mənfəət əldə edib. Bu, 2013-cü ildəkindən 11,4 milyon manat çoxdur. Auditior rəyində qeyd-şərt var. Sənədə əsasən, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 milyon manat çoxdur. Ona görə “daim fəaliyyət göstərən müəssisə kimi onun fəaliyyətinin davam etdirilməsində qeyri-müəyyənlik var”..
“Azadlıq” qəzeti yazır ki, xərclənən vəsaitin çoxrəqəmli olması xüsusilə paytaxtı problemlərdən xilas etməyib: “Paytaxtın su və kanalizasiya sistemində təsərrüfatsızlıq, su və kanalizasiya xətlərinin bu işlərdə heç bir səriştəsi olmayan, birgünlük şirkətlərə (mətbuatdan məlumdur ki, bu birgünlük şirkətlərin çoxu “Azərsu” rəhbərliyinin qohumlarına məxsus olur) həvalə edilməsi, investisiya xərclərinin şişirdilməsi, abonentlərdən yığım səviyyəsinin hələ də aşağı olması və digər amillər üzündən ölkənin su operatorunun maliyyə vəziyyəti bərbad durumdadır”.
“Region qeydiyyatlı maşınların paytaxta buraxılmaması Konstitusiayya ziddir”
“Nazirlər Kabinetinin komissiyasının Bakıya girişə məhdudiyyət qoymaq səlahiyyəti yoxdur”. Bunu “Bizim yol” 4 iyul tarixli sayında yazır: “Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının (YHTK) sədri Abid Şərifov rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacağı barədə açıqlama verib.
O rayonlardan Bakıya gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin olmadığını və olmayacağını söyləyib.
Milli Məclisin deputatı, Ümid Partiyasının sədri İqbal Ağazadə bildirir ki, belə bir qaydanın qəbul edilməsi Konstitusiya və mövcud qanunvericiliklə ziddiyyət təşkil edir.
"Hərəkətə heç bir halda məhdudiyyət qoyula bilməz. Lakin dünyanın müxtəlif ölkələrində mərkəzi küçələrə buraxılış haqqında bu tipli qayda-qanunlar var. Bu, xüsusilə yük maşınlarına aid edilir. Minik maşınlarına isə aid olmur. Hesab edirəm ki, Konstitusiya Məhkəməsi istənilən halda bu qərarı ləğv etməlidir".
İ.Ağazadə əlavə etdi ki, qaydanın qəbulu Azərbaycanın şəhər və kənd əhalisi arasında diskriminasiya hesab edilə bilər.
Bakı şəhərində tıxacların yaranmasının əsas səbəbi bölgələrdən gələn maşınlar deyil. Hətta Bakıda tıxac yaradan səbəblərin ilk 5 sırasında rayondan gələn avtomobillər yoxdur.
Ekspert Azər Allahverənov "Bizim Yol"a açıqlamasında bildirib ki, Bakı şəhərində tıxacların yaranmasının əsas səbəbi bölgələrdən gələn maşınlar deyil. Bu, yanlış bir fikirdir. Hətta Bakıda tıxac yaradan səbəblərin ilk 5 sırasında rayondan gələn avtomobillər yoxdur. Məsələyə bu cür yanaşmaq olmaz və problemin aternativ həlli yollarını tapmaq lazımdır.
Belə bir qayda yalnız müvəqqəti xarakterli ola bilər”.
Alim Qasımov filmə çəkilir
“Yeni Azərbaycan” qəzeti yazır ki, Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının maraqlı məqamları müxtəlif ölkə kinematoqrafçılarının filmlərində böyük ekranlara gətiriləcək:
“Mədəniyyət və Turizm Nazirliyinin "Dublyaj" studiyasında dövlət sifarişi ilə çəkilən "Bakı-Avropa Oyunları 2015" tammetrajlı sənədli filmində yer alan rollardan birini də Azərbaycanın xalq artisti Alim Qasımov canlandıracaq.
Filmin ssenari müəllifi Sergey Şaçin, rejissoru Natalya Zavoznenko ölkəmizin ev sahibliyi etdiyi bu idman bayramını ilk gündən diqqətlə müşahidə ediblər.
Rejissor Natalya Zavoznenko daha çox idmançıların qarşılaşdığı psixoloji məqamları kameranın yaddaşına köçürməyə üstünlük verir.
İdmanın gözəllik, təntənə, insanları birləşdirən mühüm amil olduğunu söyləyən rejissor deyib: “Məsələn, qalib məğlub etdiyi rəqibini çiyninə alaraq, ona yardım əlini uzadır. Çox təsirli kadrdır. İlk Avropa Oyunlarında belə humanist məqamlar kifayət qədərdir”.
Ancaq “Yeni Azərbaycan” yazmır ki, filmin büdcəsi nə qədərdir və hansı mənbədən maliyyələşəcək.