Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:57

"Stratfor" Cənubi Qafqazda hərbi təlimlərdən yazır


Ötən il iyulun 7-də cəbhə xəttində keçirilmiş təlimlərdən görüntü
Ötən il iyulun 7-də cəbhə xəttində keçirilmiş təlimlərdən görüntü

“Türkiyənin hərbi əməkdaşlığı Rusiyanı da Qafqazda hərbi addımlara sövq edir”; “Bu, Azərbaycan tərəfdən Yerevana iki-cəbhədən hücum təhlükəsini mümkün edir. Böyük hərbi münaqişə olarsa, Türkiyə də müdaxilə edə bilər”

-

“Son altı həftə ərzində Türkiyə, Gürcüstan və Azərbaycanın hərbi əməkdaşlığı güclənib. Mayın 31-dən iyunun 10-dək Türkiyə, Gürcüstan və Azərbaycan hərbi qüvvələri Türkiyənin şərqində “Qafqaz qartalı” adlı hərbi təlimlər keçiriblər. Bir neçə gün öncə, mayın 25-də isə Bakı Azərbaycan və Türkiyə silahlı qüvvələrinin taktiki təlimlərinə ev sahibliyi edib. Bu təlimlər bu il keçirilən oxşar tədbirlərdən yalnız bir neçəsidir və ötən il daha məhdud olmuş hərbi əməkdaşlığın davamı sayılır”. Bunu “Stratfor” araşdırmalar mərkəzi yazır.

“Üç ölkənin Cənubi Qafqazda hərbi fəaliyyətində son güclənmə bir tərəfdən Moskvanın Ukrayna münaqişəsində iştirakıyla üst-üstə düşür, digər tərəfdən Ankaranın şərq və şimalşərq xəttində geosiyasi rolunu genişləndirmək istəyini göstərir. Moskva isə Türkiyə, Gürcüstan və Azərbaycanın artan hərbi fəaliyyətindən yararlanıb özünün Ermənistanda hərbi mövqeyini gücləndirməsini əsaslandıracaq. Eyni zamanda, digər qonşuları ilə əməkdaşlığının güclənməsinə baxmayaraq, Azərbaycan hərbi avadanlıq və texnologiya baxımından Moskvadan asılı qalacaq”.

“Stratfor” Azərbaycanla Türkiyənin hərbi əməkdaşlığının tarixinin 1992-ci ilə gedib çıxdığını, 2010-cu ildə iki ölkənin rəsmi strateji tərəfdaşlığa başladığını qeyd edir. 2012-ci ildə isə ilk dəfə olaraq Gürcüstan qüvvələri Türkiyə-Azərbaycan təlimlərinə qoşulub. Ötən il 3 ölkənin müdafiə nazirləri ildə iki dəfə üçtərəfli görüş və daha intensiv hərbi təlimlər keçirməyə qərar veriblər.

YEREVANDAN BAXIŞ

“Üç qonşunun birgə hərbi təlimləri hazırda ciddi iqtisadi problemlər və siyasi sabitsizlik yaşayan Ermənistana geosiyasi problem yaradır. Rəqibləri – Türkiyə və Azərbaycan arasında mövqe tutmuş Ermənistanın sərhədləri yalnız şimalda Gürcüstan və cənubda İranla açıqdır. Hərbi təlimlərlə eyni vaxtda Ermənistanla Azərbaycan arasında toqquşmalar da artır, son bir neçə ay ərzində Dağlıq Qarabağda təmas xəttində Ermənistan xeyli itki verib və hərbi avadanlığı dağılıb. Azərbaycan prezidenti İlham Əliyev bu yaxınlarda bəyan edib ki, ölkəsinin qüvvələri Ermənistan əsgərləri üzərində “tam üstünlük” qazanıb. Mayda Azərbaycanın qərb anklavı, Ermənistanın cənubqərb sərhədində yerləşən Naxçıvanda türk hərbi qüvvələri ilə birgə taktiki təlimlər keçirilib. Bu, Azərbaycan tərəfdən Yerevana iki-cəbhədən hücum təhlükəsini mümkün edir. Böyük hərbi münaqişə olarsa, Türkiyə də müdaxilə edə bilər”.

“Ən maraqlısı Gürcüstanın hərbi təlimlərdə iştirakıdır. Ermənistan üçün Gürcüstan ərazisi Rusiyaya yeganə birbaşa darvazadır; Ermənistanın Avrasiya Birliyinə girməsindən sonra bu dəhlizin qorunmasına ehtiyac da güclənib. Ermənistanın nöqteyi-nəzərindən baxanda, Gürcüstanın üçtərəfli sazişlər və təlimlər vasitəsilə hərbi fəallığını artırması Ermənistan ərafında hərbi kəmər yaradır. Bu hərbi fəaliyyətə Ermənistan mediası və dövlət rəsmiləri qeyri-adi dərəcədə az diqqət ayırıblar. Ermənistanın Müdafiə Nazirliyi qısa bəyanat verərək ümidini bildirib ki, Gürcüstanın Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlığı Ermənistanla münasibətlərinə təsir etməyəcək”.

RUSİYA VƏ TÜRKİYƏ

“Apreldə Rusiya Ermənistan, Abxaziya, Cənubi Osetiya və Qırğızıstanda hərbi bazalarını gücləndirmək planlarını elan edib. Bu addım təsadüfi də ola bilər. Ancaq Moskva bu yaxınlarda Yerevana hərbi avadanlıq üçün 200 milyon dollar borc verib. Bu məbləğ Yerevanın illik müdafiə xərcinin demək olar yarısıdır. Bundan başqa, Moskva burada Iskander yer-yer tipli ballistik raketlər yerləşdirməyi nəzərdən keçirir. Ola bilsin, Moskva Yerevanın 3 qonşusunun əməkdaşlığından dolayı qorxusundan istifadə edərək bu ölkədə hərbi iştirakını artırır. Moskva bu yaxınlarda Orta Asiyada da bu cür davranıb. İslam Dövləti silahlı qruplaşmasının yaratdığı təhlükəni bəhanə edib”.

“Stratfor” yazır ki, “Türkiyə son vaxtlar Cənubi Qafqazda geosiyasi mövqeyini gücləndirməyi çək-çevir edir. Rusiya-Gürcüstan müharibəsindən sonra Ankara Rusiyanın bölgədə hərbi iştirakının artmasından, eləcə də Gürcüstanın iki separatçı bölgəsində qüvvələrini artırmasından narahatdır. 2010-cu ildə Rusiya Gümrü hərbi bazasının icarəsini 2044-cü ilədək uzadıb, Cənubi Qafqazda dəstəklədiyi separatçı regionlarda daimi təlimlər keçirib”.

Maddi-texniki təchizatı, yeni hərbi avadanlığa çıxışı nəzərə alsaq, Azərbaycan hələ də Moskvadan çox asılıdır. Hərbi təchizatının 85 faizi Rusiyadan gəlir və bu tendensiya dəyişənə oxşamır

“Rusiyalılara balans yaratmaq üçün türklər də Gürcüstan və Azərbaycanla hərbi əməkdaşlığı artırmaqdadır. Ancaq maddi-texniki təchizatı, yeni hərbi avadanlığa çıxışı nəzərə alsaq, Azərbaycan hələ də Moskvadan çox asılıdır. Hərbi təchizatının 85 faizi Rusiyadan gəlir və bu tendensiya dəyişənə oxşamır”.

ENERJİNİN ROLU

“Ola bilsin, Türkiyə və Azərbaycan Gürcüstan ərazisindən Türkiyəyə uzanan Trans-Anadolu, Trans Adriatik. Bakı-Tbilisi-Ceyhan və Cənub Dəhlizi marşrutlarını qorumağa çalışır. Bu kəmərlərə qoruma lazımdır, hərbi münaqişə enerji xətlərinə təhlükə yarada bilər. 2008-ci ilin avqustunda, Rusiya-Gürcüstan müharibəsi vaxtı ruslar Qori şəhərini tutaraq ölkəni yarıya bölə bildilər və kəmərlərə xeyli yaxınlaşdılar. Qərb operatorları qabaqlayıcı tədbir kimi onları bağlamalı oldular”.

Araşdırmalar mərkəzi bildirir ki, daha bir qorunmalı layihə Bakı-Tbilisi-Axalkalaki-Qars dəmiryol xəttidir. Bu xətt Xəzər dənizi regionunu Türkiyənin şərqinə birləşdirir və hesablamalara görə, Asiyadan Avropaya ilkin olaraq 6.5 milyon ton yük daşıya biləcək.

“Azərbaycanın müdafiə naziri Zakir Həsənov 2014-cü ilin avqustunda Naxçıvanda Gürcüstan və Türkiyədən həmkarları ilə görüşdə deyib ki, təlimlərin əsas məqsədi 3 ölkə ərazisindən keçən kəmər və dəmiryol infrastrukturunun mühafizəsidir. Uzunmüddətli perspektivdən baxanda, Türkiyə, Gürcüstan və Azərbaycanın sıx enerji əməkdaşlığı təchizat xətlərinin qorunması üçün hərbi qüvvə tələb edəcək. Bütün bu faktorlar birlikdə üç ölkəni hərbi əlaqələrini dərinləşdirməyə sövq edir”.

XS
SM
MD
LG