-
Bir neçə gün əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmovla bank rəhbərlərinin görüşündə kredit faizlərinin azaldılması ilə bağlı məsələ müzakirə olunub.
Qafqazinfo-ya daxil olan məlumata görə, baş bankirin bank rəhbərlərinə verdiyi tövsiyələrdən biri də istehlak kreditlərinin faizinin aşağı salınması ilə bağlı olub. E.Rüstəmov təklif edib ki, istehlak kreditləri üçün maksimum hədd 29 faiz olsun.
«Manatın devalvasiyasından sonra manatla verilən kreditlərin faizində yüksək artım müşahidə olundu… Manat kreditinin faizi 30-u da keçdi və bəzi bank olmayan kredit təşkilatlarında bu rəqəm 35-40 faiz arasında dəyişdi… Mərkəzi Bankın komisyon haqlarının 1 faizə endirməsi ilə bağlı verdiyi qərardan sonra manat kreditlərinin faizi daha da bahalaşdı… Komissiya haqlarının bir faizə salınması ona gətirib çıxardı ki, banklar komisyon haqlarının itirdiyi pulu faizlərlə kompensasiya etdilər. Bu da kredit faizlərini daha da bahalaşdırdı. Ona görə də Mərkəzi Bank inzibati yolla bankları məcbur etdi ki kredit faizlərini aşağı salsın və bu rəqəm maksimum 29 faiz olsun» - deyə iqtisadçı Samir Əliyev vəziyyəti Qafqazinfo-ya şərh edib.
Ekspert hesab edir ki, inzibati metod haradasa effekt verə bilər, amma bu effekt, çox təəssüf ki, qısamüddətli olacaq.
AZƏRBAYCANLILAR YUNANISTANDA EV ALIR
axar.az yazır ki, Yunanıstanda ağır iqtisadi böhran azərbaycanlılar üçün daşınmaz əmlak bazarında yeni pəncərə açıb: «İş adamları, sahibkarlar, imkanlı şəxslər bu qədim Avropa ölkəsinə axışaraq mülk almağa üstünlük verirlər.
Azərbaycanlıların Türkiyədən sonra daşınmaz əmlak üçün üz tutduğu əsas ünvan Yunanıstandır. Hazırda bu ölkədə daşınmaz əmlakın ucuzlaşması əlverişli fürsət yaradıb və təqribən 30-40 min dollara 3-4 otaqlı mənzilə sahiblənmək mümkündür.
AĞIR DURUMDA OLAN AXCP-Çİ İSTEFA VERDİ
«Yeni Müsavat»da oxuyuruq ki, AXCP-nin Nərimanov şöbəsinin Məclis üzvü Maarif Mehdiyev ağır xəstədir, zirzəmidə birotaqlı evdə yaşayan partiya fəalı ölümlə üz-üzə qalıb.
Partiyadan yardım görmədiyini söyləyən cəbhəçi istefa verdiyini və rəsmi qurumlardan yardım istədiyini bildirib.
Qəzet yazır: «Gördüyümüz mənzərədən sarsılmamaq mümkün deyildi. Ev balaca bir daxmanı xatırladırdı. Səhhətinə görə işləyə bilməyən AXCP Məclisinin üzvünün yalnız həyat yoldaşı çörəkpulu qazanır. Maaşın azlığı onların yalnız gündəlik tələbatlarını güclə ödəyir».
Maarif bəy həyat hekayəsini «Yeni Müsavat»a belə nəql etdi: «52 yaşım var. 1988-ci ildən fəal siyasətdəyəm. AXCP üzvüyəm. 7 ildən artıqdır xəstəliyimlə əlaqədar ciddi əziyyət çəkirəm. Qohumlarım bu illər ərzində az da olsa, kömək etdilər. Son üç ildə isə, ümumiyyətlə, kömək edən yoxdur. Əsas xəstəliyim bağırsaqdır. Ayağıma şiş verir.
... Ümidlə yaşadım ki, bəlkə partiyadan nəsə köməklik olar. AXCP rəhbərliyi vəziyyətimi bilir, ammakömək etmirlər. Kömək üçün televiziyaya çıxmaq istədim. Amma çox utandım. Çünki dilənçi gözü ilə mənə baxılmasını istəmirəm. Partiyadan Məmməd İbrahimə dedim ki, səhhətimlə bağlı rəhbərlikdə kimə müraciət etməliyəm. Açıq şəkildə dedi ki, heç kimdə imkan yoxdur».
BEYNƏLXALQ BANK ÖZƏLLƏŞDİRİLİR?
«Azadlıq» qəzeti «Cahangir Hacıyevi bitirən ilginc sənəd» haqqında yazır.
«Bu sənəd həm də Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin bitirilməsini şərtləndirib.
Redaksiyamıza daxil olan sənəddən aydın olur ki, Beynəlxalq Bankın kreditləri ilə bağlı sərt addımlar atılacaq. Məlumat üçün deyək ki, Azərbaycanda kredit portfelinin 60 faizi Beynəlxalq Bankın payına düşür. Hazırda kreditlərlə bağlı ciddi problemlər var. Elə bir müddət əvvəl Beynəlxalq Banka külli miqdarda borcu olan xeyli oliqarx DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdı. Sonradan borcunu ödəyənlər sərbəst buraxıldı, ödəməyənlər barədə isə həbs qərarı seçildi. «Kredit qalmaqalı» adını almış bu proses hələ də bitməyib. Sənəddə aydın olur ki, hakimiyyət bu məsələdə güzəştə getmək niyyətində deyil. Kredit borcu olanların pulu yoxdursa, əmlakları əllərindən alınacaq. Bundan başqa sənəddən aydın olur ki, Beynəlxalq Bankın özəlləşdirilməsi planı var. Bu, bankı xilas etməyin yollarından biri kimi göstərilir».