-
Azərbaycanda həbsxana jarqonu
Həbsxana jarqonu təzyiq altında olan insanların sözlərin mənasını saxtalaşdırması nəticəsində yaranır. Adi həyatda bir məna verən söz orada tamam başqa mənanı verir.
Həbsxana jarqonları dövrdən dövrə, ölkədən ölkəyə, hətta həbsxanadan həbsxanaya görə dəyişir.
Məsələn, ABŞ həbsxanalarında yeni gəlmiş məhbuslara verilən “balqabaq” adı yalnız oranın lokal jarqonudur, çünki yalnız orada yeni gələn məhbuslar narıncı rəngli geyim geyinirlər.
Yaxud bir zamanlar Azərbaycanda həbsxana divarlarını aşaraq məşhur olmuş “nara – həbsxana çarpayısı” kimi sözləri bugünkü məhbuslar işlətmirlər.
Azərbaycan məhbuslarının öz həyatı, bu həyatın öz yeni dili var. Bu jarqonlar ölkənin həbsxana sistemindəki mühit haqda çoxlu məlumat daşıyır özündə.
Yolu Azərbaycan həbsxanalarından keçmiş gənc siyasi məhbusların köməyilə yeni Azərbaycan həbsxana jarqonları lüğətini toplamaqdayıq.
Lüğət
Siçan soku – antidepressant
Dizel terapiyasi - bir həbsxanadan başqasına köçəndə maşınla gedilən yol
Antilop – həbsxanadan qaçmaq təcrübəsi olan adam
Proqul – gəzinti sahəsi
Xata – kamera
Zolotoy – söhbət aparmaq üçün stol
Obşak – toplum
Reşka – gəzinti sahəsindəki barmaqlıq
Nadzor – nəzarətçi
Vurulma – alçaldılmış elan edilmə
Qat - ən aşağı səviyyəli adam
Suka – satqın, zabitlərə, nəzarətçilərə xəbər daşıyan dustaq
Şustryak – təmizlik işləri ilə məşğul olan dustaq. Onlar zabitlərin deyil, dustaqların otaqlarını təmizləyirlər
Kormuşka – kameranın qapısında yemək vermək üçün nəzərdə tutulan düzbucaq dəlik
Sever – tualet
Mujik – adi dustaq. O, avtoritet olmağa da can atmır, amma ciddi söhbətlərdə iştirak etmək səlahiyyəti var
Oğru – “Qanuni oğru” adını almış adam
Sxodka – qanuni oğruların və avtoritetlərin iştirak etdiyi, qaydaların müəyyən edildiyi iclas
Stremit – avtoritet və ya oğru olmaq üçün çalışmaq. Bunun üçün həbsdə də, azadlıqda da həyatını buna uyğun qurmaq lazımdır.
Stremlyaqa – stremit edən adam
Malyava – məktub
Praqon – oğru(lar) tərəfindən göndərilən, əmr, göstərişlər yazılmış məktub
Kursovka – avtoritet və ya vəziyyətə baxan tərəfindən göndərilmiş, dustaqları hansısa vəziyyətdən, hadisədən xəbərdar edən məktub
Kurs olmaq – söhbətə qoşulmaq. Söhbətə yalnız "kurs olmaq səlahiyyəti olanlar" kurs ola bilər. Məsələn, dostun və ya “qardaş” adlandırdığın adam sorğu-suala çəkilibsə, qoşula bilərsən. Kurs olduğun söhbətdə məsuliyyəti də bölüşürsən.
Razborka – mübahisə, söhbət
Aydınlıq, aydınlığını vermək – hərəkətinin, sözünün mənasını izah etmək
(Ardı var)