Sözünü kəsdilər
Hakim Ramella Allahverdiyeva son sözlə çıxış edən jurnalistin sözünü kəsərək mahiyyəti üzrə danışmadığını bildirib. Buna baxmayaraq jurnalist çıxışına davam edib. Amma hakim ona 3 dəfə çıxışın məzmununa görə xəbərdarlıq edib. Sonda isə jurnalistin çıxışın bitirməsinə imkan verməyib.
Hakim jurnalistin çıxışını kəsdikdən sonra hökm üçün müşavirəyə gedib. Onun hökmü sentyabrın 1-i, ya da 2-də elan edəcəyi gözlənir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısı
Xədicə İsmayılın məhkəməsini izləmək istəyən xeyli sayda siyasətçi, fəal, jurnalist var.
Ancaq məhkəmə işçiləri onları içəri buraxmırlar.
Almaniya, ABŞ və Norveç səfirliklərinin əməkdaşları məhkəmə zalına buraxılsa da, Böyük Britaniya, Fransa səfirliklərinin, Avropa Birliyinin təmsilçiləri çöldə qalıblar.
Hökm gözlənilir
Avqustun 31-də AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsində son sözlə çıxış edəcək.
O, son sözə hazırlaşmaq üçün bir həftə vaxt istəsə də, hakim bununla razılaşmayıb, həmin müddəti 5 günə endirmişdi.
Xədicə İsmayıl da, vəkilləri də məhkəmədə ittihamları qəbul etməyiblər.
Avqustun 26-da müdafiə nitqi ilə çıxış edən vəkillər jurnalistə irəli sürülən 5 ittihamın sübuta yetirilmədiyini bildiriblər, ittihamı saxta, qərəzli adlandırıblar və Xədicə İsmayıla bəraət verilməsini tələb ediblər.
Dövlət ittihamçısı jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Avqustun 31-də Xədicə İsmayılla bağlı hökm olacağı gözlənir.
Bu arada bir sıra beynəlxalq qurumlar da jurnalistin hakim ailənin biznesini araşdırdığı üçün həbs olunduğunu bildirir və onun azadlığa buraxılmasını tələb edirlər.
«İttiham aktını hökmə köçürəcəklər»
Vəkil Fariz Namazlı hesab edir ki, məhkəmə qanunsuz sübutlara qiymət verdi: «Məhkəmə prosesində biz 30-dan çox vəsatət qaldırdıq. Bu vəsatətlər təmin olunsaydı, Xədicə İsmayılın təqsirsizliyini təsdiqləyəcəkdi. Amma məhkəmə heç bir vəsatəti təmin etmədi. Güman ki, məhkəmə işdə olan saxta sübutlara istinad edərək ittiham aktında olanları hökmə köçürməklə hökm çıxaracaq».
Xədicə İsmayılın anası Elmira İsmayılova bildirib ki, qızı məhkəməni gülərək izləyib: «O dedi ki, belə də gözləyirmiş, yuxarıdan hansı sifariş verilibsə, o da yerinə yetirildi».