Bacısı çöldə qalıb
Məhkəmə binasını onlarla polis əməkdaşı mühasirəyə alıb.
Xədicənin bacısı Səbinə Rəhimova da məhkəmə zalına daxil ola bilməyib: «Dedilər ki, yoxlayırıq, sonra dedilər ki, içəri dolub, buraxmadılar».
Zala daxil olan səfirliklərin, beynəlxalq təşkilatların təmsilçilərinin tərcüməçiləri də içəri keçə bilməyiblər.
Siyasətçilər məhkəmədə
Qəsdən edirlər, amma əbəsdir
Jurnalist Samirə Əhmədbəyli deyir ki, o da qapı arxasında qalan jurnalistlərdən biridir:
«Hər şey çox pis, məncə qəsdən pis təşkil olunub. Əslində Xədicə İsmayılın məhkəməsinin ictimai maraq kəsb etdiyi hər kəsə bəllidir. Bilirdilər ki, çox adam gələcək və yerli, o cümlədən xarici jurnalistlər üçün də maraqlıdır. Bundan başqa prosesə xarici diplomatlar və təşkilat nümayəndələri, yerli ictimai fəallar gəlib. Proses üçün isə kiçik bir məhkəmə zalı seçilməsi, içəri girənlərin yoxlamasının çox naşı aparılması, güman edirəm ki, qəsdən olub. İstəyiblər ki, Xədicənin işi mümkün qədər az dairədə işıqlandırılsın, ictimailəşməsin. Ancaq mənə elə gəlir ki, bu, əbəs bir şeydir. İnformasiya əldə etmək bu gün üçün çətin bir şey deyil. Hansı jurnalist ki, bura prosesdən yazı yazmağa gəlib, bunu çöldə qalsa belə edəcək».
Arif Hacılı: «Süni gərginlik yaradılır»
Prosesi izləmək imkanı olan Müsavat başqanı Arif Hacılı deyir ki, hazırda prosesdə fasilə yaranıb, hakim heyəti vəkillərin qaldığı vəsatətləri müzakirə etməyə gedib: «Biz çıxanda dedik ki, əvəzimizə kimisə buraxın, dedilər, yox, olmaz».
Arif Hacılının fikrincə, bu məhkəmə də əvvəlki siyasi motivli proseslərə bənzəyir, ancaq indi həm də süni gərginlik yaradıldığı hiss olunur:
«Vəkillərin qaldırdıqları vəsatətlər rədd edilir. Məsələn, Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılıb, vəkillər vəsatət qaldırırlar ki, bu maddə üzrə cinayət işi xətm edilsin. Orda zərərçəkən şəxs qismində iştirak edən Tural adlı şəxs bu cinayət işinin xətm olunmasına etiraz etmədiyini bildirdi. Yəni, bir zərər çəkən şəxs var, o da imtina edir şikayətindən. Prokuror bu vəsatətin təmin olunmaması barədə məsələ qaldırdı».
Arif Hacılı deyir ki, bu məhkəmə prosesində də qərarlar siyasi olacaq: «Xədicə İsmayıl görünür, özünü yaxşı hiss edir, o, verilən ittihamların ona heç bir dəxili olmadığını qısa, aydın sübutlarla bildirdi. Ancaq görünür ki, məhkəmə siyasi sifarişə əsasən qərar verəcək».