Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:43

Asif Yusifli: «144 il azadlıqdan məhrum etsələr belə...»


Asif Yusifli
Asif Yusifli

-

«Burada olmağımın səbəbi sırf siyasi mövqeyimlə, siyasətçi kimi apardığım prinsipial və ardıcıl mübarizə, Qarabağ əlillərinin hüquqlarını müdafiə etməyim, bloqqer kimi «Zülm bitsin» adlı bloqumda, «facebook» və «twitter»də yazdıqlarımla bağlıdır».

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli 7 il 6 aylıq həbs cəzası aldığı məhkəmə iclasında son sözünü deyərkən həbsinin əsas səbəblərindən danışıb.

Məhkəmə iyulun 30-da hakim Zeynal Ağayevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

«63 YAŞLI ANAMA PULU KİM QAYTARACAQ?»

Son çıxışında Asif Yusifli ona qarşı irəli sürülən ittihamların saxta olduğunu bir daha qeyd edib:

«Bütün ifadələrdən də göründü ki, heç bir qabaqcadan əlbir olan qrupdan, kiminsə əmlakını ələ keçirməkdən söhbət getmir. Əvvəldə də deyildiyi kimi, zərərçəkənin təhsil haqqı kimi ödədiyi 6 min 500 manat pulu Rafiq Hüseynova vermişəm. Ədalət naminə deməliyəm ki, Rafiq Hüseynovun da məqsədi pulu ələ keçirmək olmayıb, belə olsaydı, pulu almağı ilə bağlı qəbz verməzdi və oğluna məxsus avtomobili də girov qoymazdı. Lakin sonradan Rafiq Hüseynovun həbsi həmin pulun qaytarılmasında problem yaradıb. Ümumiyyətlə, söhbət 6 min 500 manatdan gedir. Qəbzdə də məbləğ o qədər yazılıb. Pul məndə deyil və tərəfimdən mənimsənilməyib. Buna baxmayaraq, Rafiq Hüseynov həbs olunandan sonra həmin şəxslərə bildirdim ki, pullarını geri alacaqlar. Lakin qısa müddət sonra qəzaya düşdüm və il yarım yataqda qaldım. 2014-cü ilin fevralında 1500, avqustunda isə 400 manat qaytarmışam, amma zərərçəkən bunu danır. Əminəm ki, bu danma da «bandotdel»in əməyinin nəticəsidir. Bütün hallarda mənimsəmədiyi pulu hissə-hissə qaytaran adamı başqasının əmlakını ələ keçirməkdə ittiham etmək özü absurddur. Faktiki olaraq burada zərərçəkən yeganə adam mənəm. Zülfüqarova (zərərçəkən- red.) 6 min 500 manat verib, əvəzində 8 min 100 manat alıb. 135 manat təqaüd alan 63 yaşlı anamın bankdan kredit götürüb ödədiyi pulu kim qaytaracaq, bilmirəm».

«OLA BİLƏR Kİ, ƏDALƏT TƏRƏFDARI YENƏ MƏĞLUB OLACAQ, AMMA...»

Daha sonra Asif Yusifli həbsinin nədən irəli gəldiyinə diqqət çəkib:

«Burada olmağımın səbəbi sırf siyasi mövqeyimlə bağlıdır. Mənə qarşı irəli sürülmüş maddənin sanksiyasında 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Amma 7-ni 12-yə vurub 144 il azadlıqdan məhrum etsələr belə, xalqımın, millətimin yolunda qəbul etməyə hazıram. Fəxr edirəm ki, şərin yox, xeyrin tərəfindəyəm. Ola bilər ki, ədalət tərəfdarı yenə də məğlub olacaq, son nəfəsinə kimi qanına qəltan ediləcək, amma ən böyük loğman zamandır. Fərqindəyəm ki, Azərbaycan kimi ölkələrdə ədalət tələb edənlərə münasibət 60-cı illərin aparteid rejimlərində zəncilərə olan münasibətdən heç də yaxşı deyil. Amma bu, məni məyus etmir. Fəxr edirəm ki, cəbhədaşlarımla, Seymur Həzi, İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayıl, Anar Məmmədli, Leyla Yunus və digər haqq-ədalət fədailəri ilə eyni cərgədəyəm.

Kim bilməsə də, «xalqlar həbsxanası», «şər imperiyası»nın (SSRİ) keçmiş sakinləri siyasi repressiyaların nə olduğunu yaxşı bilirlər. 37-ci ildə az qala «ədalət» sözünü nə vaxtsa tələffüz etmiş bütün sovet vətəndaşları Stalinin, Yejovun barmaq işarəsi ilə repressiyaya məruz qalaraq məhv edilirdi. Amma Süleymana qalmayan dünya Stalinə də qalmadı. Unutmayın ki, əziz peyğəmbərimizə, Çingizə, Teymura qalmayan dünya bu həbsin sifarişçilərinə də qalmayacaq. Gec ya tez Pifaqorun dediyi ədalətli cəmiyyəti quracağıq».

HÖKM VERİLDİ

Asif Yusiflinin çıxışı zalda oturan AXCP üzvləri və vətəndaş cəmiyyəti fəallarının ara-sıra alqışları ilə kəsilirdi. Bu isə hakimin etirazına səbəb oldu, alqışlayanları zaldan çıxaracağı ilə bağlı xəbərdarlıq etdi. Bununla belə Asif Yusifli çıxışını sona çatdıran kimi zalda yenə alqışla qarşılandı.

Məhkəmə prosesində Asif Yusifli ilə birgə ittiham olunan Rafiq Hüseynov da son sözünü dedi. Məhkəməni bəzi şahidlərin prosesdə çıxışı zamanı fərziyyə tipli deyilənlərə yox, göz qabağında olan faktlara, sübutlara söykənməyə çağırdı.

Fasilədən sonra hakim hökmü elan etdi. Verilən ittihamlar üzrə həm Asif Yusiflini, həm də Rafiq Hüseynovu günahkar bilərək, AXCP fəalına 7 il 6 ay, Rafiq Hüseynova isə 12 il 6 ay həbs cəzası verdi.

Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

XS
SM
MD
LG