2005-ci ildə keçirilmiş gey paradın iştirakçılarını bıçaqladığına görə 10 il həbs çəkmiş və həbsxanadan bu günlərdə buraxılmış ifrat mömin yəhudi builki parada da hücum edib.
O bu dəfə 6 yürüşçünü bıçaqla yaralayıb.
Təcili tibb yardımı xidmətinin məlumatına görə yarallılardan ikisinin vəziyyəti ciddidir.
Adamlar tərəfindən yerə yıxılan Yishai Schlissel mərkəzi Yerusəlimdə polis tərəfindən həbs edilib.
Cənab Schlissel 10 il əvvəl gey paradın üç iştirakçısını yaraladığına görə qətlə qəsd ittihamı ilə məhkum edilmişdi. O “Allahın adı ilə öldürməyə gəldiyini” deyib.
Xəbər verilir ki, Yerusəlimdə hər il keçirilən homoseksual parad şəhər sakinləri tərəfindən birmənalı qarşılanmır.
İstər yəhudi, istərsə də müsəlman və xristian çevrələrdə homoseksuallığa qarşı düşmən münasibət var.
Əslində Yerusəlimdə gey paradın keçirilməsi bir neçə il bundan əvvəl çıxarılmış məhkəmə qərarı iləmümkün olub.
Bundan əvvəl şəhər şurası homoseksualların illik yürüşünün keçirilməsinə icazə vermirdi. O vaxtlar homoseksualların aksiyaları stadionlarda keçirilirdi.
Təhlilçilər bildirirlər ki, İsrail rəsmiləri ölkənin demokratik imici xatirinə belə tədbirlərə dözümlü yanaşmağa çalışırlar.
Cümə axşamı baş vermis hücumu pisləyən baş nazir Benjamin Netanyahu deyib ki, “fərdi seçim azadlığı İsrailin təməl dəyərlərindəndir”.