43 yaşlı ı5 uşaq atası Əhməd Suriyanın Deraa şəhərindən qaçıb. İzmirdəki məsçidlərdən birində istidən daldalanan onlarca adamdan biridir. O nə məsçidin içində, nə də çölündə tək deyil. Burda onunkimi suriyalılar çoxdur.
20 nəfərlik qayıqlara 40-50 nəfər doluşur. Deyirlər ki, qorxmurlar: “Nədən qorxacağıq ki? Biz ölümün içindən gəlmişik”...
Suriyalılar Deraadan, Raqqadan, Hələbdən gəliblər. Almaniyaya, Danimarkaya, İsveçə getmək istəyirlər.
Qatar stansiyasının və avtobus firmalarının yerləşdiyi meydan çantalarla doludur. Çantaların içində pal-paltar və dərmandan başqa bir şey yoxdur. Bu çantaların sahiblərinin məqsədi Avropanın qapısı saydıqları, İzmirin kəndlərindən bir neçə saat uzaqlıqda yerləşən yunan adalarına çatmaqdır.
Çantaların sahibləri ya ucuz otellərdə, ya da elə divarların dibində gecələyirlər.
“Türkiyədə bahaçılıqdır, işləməyə icazə yoxdur”
Suriyada vətəndaş müharibəsi başlayandan bu yana rəsmi rəqəmlərə görə Türkiyəyə 2 milyon suriyalı qaçqın gəlib. Hələ gələnlər çoxdur. Suriyalıların çoxu isə Türkiyədən tranzit ölkə kimi istifadə edirlər. Suriya-Türkiyə sərhədini keçib İzmirə gələnlər burdan Yunanıstana keçməyə çalışırlar. Onlardan biri, Əhməd deyir ki, Türkiyədə qalmaq istəyərdi, ancaq burda bahaçılıqdır: “Həm də uşaqlar təhsil ala bilmirlər. İşləməyə icazəmiz yoxdur”.
Ağac kölgəliyində dincələn iki gənc suriyalı da bunu deyir, məsçidin həyətindəki Abdulkərim də eyni şeyi söyləyir.
"Ölüm qayığı"
Raqqadan 8 dostu ilə gələn Abdulkərimin gözlərində ümid var. Raqqada məcburən uzatdığı saqqalını təraş edib. İŞİD-dən qaçıb canını qurtardığına görə çox sevinir.
Məsçidin həyətindəki gənclər də özləri haqda danışır. Biri fizika mühəndisliyi oxuyurmuş, o biri müəllimlik. Onları sahil qəsəbələrinin birindən Yunanıstana aparacaq qayığa “ölüm qayığı” deyirlər. Çünki 20 nəfərlik qayıqlara 40-50 nəfər doluşur. Deyirlər ki, qorxmurlar: “Nədən qorxacağıq ki? Biz ölümün içindən gəlmişik”...
Bu ilin ilk 7 ayında 27 min qaçqın xilas edilib
Türkiyə Sahil Təhlükəzilik İdarəsi keçən il 22 min qaçqını sulara qərq olmaqdan xilas edib. Bu ilin ilk 7 ayında isə xilas olanların sayı 27 minə çatıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı keçən həftə 124 min qaçqının Aralıq dənizi yoluyla Avropaya getdiyini bildirib. Yunan adalarına sevinclə çatan mühacirləri isə naməlum həyat gözləyir.
Təkcə suriyalıların deyil, əfqanların, iranlıların, iraqlıların və afrikalıların ümid dayanacağı olan İzmir-Yunanıstan xətti kimlərisə xəyallarına, kimlərisə ölümə qovuşdurur.