Birləşmiş Ştatlar və Almaniya bildiriblər ki, qonşu Suriyadakı münaqişənin təhlükələrini yenidən qiymətləndirdikdən sonra Türkiyənin cənubunda yerləşdirilmiş “Patriot” raketlərinin bu ölkədən çıxarılmasına qərar verilib.
Ankara və Vaşinqtonun birgə yaydıqları bəyanata görə, Türkiyədə NATO-nun daha geniş missiyası məqsədilə 2013-cü ildə yerləşdirilmiş “Patriot” raketləri təkmilləşdirilmək üçün Birləşmiş Ştatlara aparılacaq.
Almaniyanın müdafiə naziri Ursula von der Leyen bildirib ki, “Patriot” raketləri və ona xidmət edən 250 Almaniya hərbçisi Türkiyə ərazisindən yanvarın 31-dək çıxarılacaq.
Almaniya, ABŞ və Hollandiya Patriot raketlərini 2013-cü ildə NATO üzvü Türkiyənin xahişi ilə onun Suriya ilə sərhədinin möhkəmləndirilməsi üçün bu ölkədə yerləşdirmişdilər. Hollandiya korpusunun missiyası bu ilin əvvəllərində başa çatdıqdan sonra onu İspaniya hərbçiləri əvəz etmişdilər.
“Cihadçıların raketləri yoxdur”
Birgə bəyanatda deyilir ki, “ABŞ və NATO Türkiyənin təhlükəsizliyinin və regional sabitliyin qorunması məqsədlərinə sadiq olaraq qalırlar”.
“Əgər ehtiyac olarsa, raketlər bir həftə ərzində Türkiyəyə qaytarıla bilər” – deyilir bəyanatda.
Əgər ehtiyac olarsa, raketlər bir həftə ərzində Türkiyəyə qaytarıla bilər
Bundan bir qədər əvvəl Türkiyə İslam Dövləti adlanan təşkilata qarşı döyüşən Amerika hərbi təyyarələrinin onun ərazisindəki İncirlik hərbi hava bazasından istifadəsinə icazə vermişdi.
Almaniyanın müdafiə naziri Von der Leyen bildirib ki, Türkiyəyə yönələn hədənin xarakteri son aylarda xeyli dəyişib. Beləki, əvvəllər Ankara üçün prezident Bashar al-Assad təhlükə təşkil edirdisə, indi bu təhlükə cihadçılardan gəlir, cihadçıların isə raketləri yoxdur.
Bununla belə, Almaniya müdafiə Nazirliyinin internet saytında dərc olunmuş bəyanatda bildirilir ki, Berlin regionda sabitliyin qorunması üçün səylərini davam etdirəcək.
Berlin kürdlərlə atəşkəsin pozulmasından narazıdır
Maraqlıdır ki, bundan bir qədər əvvəl Almaniya rəsmiləri Türkiyə prezidenti Recep Tayyip Erdoğanı onun kürd silahlı dəstələri üzərinə hərbi əməliyyatlarına və Kürdüstan İşçi Partiyası - PKK ilə 2012-ci ildə bağlanmış atəşkəs sazişini pozduğuna görə tənqid edirdilər.
“Erdoğan hökuməti kürdlərlə barışıq üçün çox əmək sərf etmişdi. O bu proses nəticəsində qurulmuş bütün körpülərin uçurulmasına yol verməməlidir” – demişdi Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier.
Bununla yanaşı cənab Steinmeier xəbərdarlıq etmişdi ki, Türkiyəni mühakimə etməyə tələsmək olmaz, çünki bu ölkə İraq və Suriyadan gələn qaçqınların yükünü öz üzərinə götürüb və Suriyadakı vətəndaş müharibəsi onun sərhədlərinə doğrudan da təhlükə yaradır.