- "Bizim böyük bir yorğunluğumuz var, sanki bu xalq uzun müddətli bir istirahətə çıxıb və hələ də bu yorğunluq bizdən getmir."
Tural Şahtaxtinski
Qanunlar və xalq
Bizim insanlar doğulandan saxtakarlığın, yalanın, qanunsuzluğun qurbanı olur. Təsəvvür edin, xəstəxanada valideyn uşağı normal şəkildə dünyaya gəlsin deyə rüşvət verir.
Əgər bir cəmiyyətdə insanlar öz hüquqlarını, yaşadığı ölkənin qanunlarını bilmirsə və ya bilib özü o qanunu pozursa, demək, onlar bu cür yaşamağı sevir.
Həmişə deyilir ki, biz qanunları pozan bir sistemin qurbanıyıq. Bunu mən özüm demək olar ki, hər yazımda demişəm, amma gözümüzlə gördüklərimiz bizə başqa şeyi də deyir.
Qanun o zaman pozular ki, insanlar buna məcbur qalsın, bir də var qanunu sevməmək. Necə yəni sən qanunu poz, amma lazım gələndə qanundan danış və ya heç bir qanunu bilmə, amma sənin yanında kimsə qanunun pozulmasından danışsın?!
Bir nəfər mənə dərdini danışır və məlum olur ki, bu insan qanunları tanımayan, xalqı dolayan bir rejimin qurbanı olub, amma deyəndə ki, buna etiraz et, ortaya başqa problemlər çıxır.
Problem də odur ki, həmin insan haqqının pozulduğuna etiraz etsə, özünün də qanuna uyğun olmayan əməlləri ortaya çıxacaq.
Bəlli, qanunlarla idarə olunmalı ölkədə, demək olar ki, heç bir qanun işləmir və heç bir vətandaş öz yerində deyil. Ümumiyyətlə, çoxları saxtakarlığı sevir, saxtakarlıqla öz yerində olmamağı seçir.
Aylar öncə benzinin qiyməti qalxanda müxalifət “talana son” şüarı ilə mitinq təşkil etmişdi. Sonra ərzağın qiyməti qalxdı, yenə ona oxşar bir mitinq oldu, amma mitinq uğurlu olmadı. Niyə uğurlu olmadı?!
Bütün söhbətləri bir kənara qoyub, qiymətlər qalxması xəbəri yayılanda xalqın ilk atdığı addımı düşünmək lazımdır.
Məsələn, mən gözümün şahidi olmuşam, benzinin qiyməti qalxması xəbəri yayılanda gecə benzindoldurma məntəqələrində yüzlərlə maşın ard-arda düzülümüşdü.
Hamımız bilirik ki, o insanlar benzinin qalxmasından qorxub bir litr də olsa qabağa düşmək məqsədi güdüb. Bir hissə isə dələduzluqla benzini vaxtında ucuz alıb, baha satmaq məqsədilə bu addımı atırdı.
Eyni hadisələr ərzağın qiyməti qalxanda da baş verdi. Uzun-uzadı yazmağın bir adı yoxdur, bu hadisələr hər birimizin gözü qarşısında baş verib.
Yəni xalq belə hallarda qiymətin suni şəkildə qalxmasına etirazı düşünmür, xalq sadəcə bir-birindən irəli düşməyi fikirləşir.
Təhsildə də rüşvətxorluğun, qanunsuzluğun bu qədər yayılma səbəbini bir yazımda izah etmişəm. Maraqlananlar oxuya bilərlər.
Bu ölkədə heç kim öz yerində deyil. Xalq öz qanunları ilə yaşamağı sevir, ona görə də əsl qanundan xəbərsizdir.
Bu qədər saxta yolla sosial yardım əldə edən bir toplumda demək ki, qanunu əzbər bilənlər mütləq var, amma əməl etməyi sevmirlər.
Rüşvət bütün ayıbları örtən bir sistemdir. Təsəvvür edin, rüşvətlə yaxından-uzaqdan əlaqəsi olanmayan adam görənda peyğəmbər sayırıq. Yazının əvvəlində dediyim kimi, biz doğulandan qanunsuzluqla rastlaşan insanlarıq.
Niyə qanuna əməl etməyən, lazım gələndə bütün qanunları pozan bir rejimi dəyişə bilmirik? Çünki bütün bunları xalq tələb edir.
Bizim böyük bir yorğunluğumuz var, sanki bu xalq uzun müddətli bir istirahətə çıxıb və hələ də bu yorğunluq bizdən getmir.
Bəzən insanlar iddia edirlər ki, yazılarda ortaya qoyduğunuz problemlərin çıxış yolu olmur. Bu yazını oxuyan bir insan niyə çıxış yolu axtarıb, tapmasın?! Məgər bütün dediklərim ona işarə deyilmi ki, yaşadığın ölkənin qanunlarını bil və o qanunları pozma.
İnşaatçılar metrosu yaxınlığında bir köşkün qarşısında sahibkarla söhbət edirəm, arada vergidən və digər şeylərdən narazılığını dilə gətirir.
Sual verirəm: “demək olar ki, hər ay düz qarşıda yerləşən stadionda müxalifət mitinq edir, heç getmisənmi ora?” Sualımı gülüşlə qarşılayıb cavab verir: “O mitinqlərin bir xeyri var. Həmin gün satış yaxşı olur. Mitinqə gələnlər sudan, siqaretdən alıb gedirlər.”
Bu sözləri deyən bir vətandaşdır, - rejimdən narazı olan bir vətəndaş.
Bu yaxında qohumlardan bir uşaq universitetə qəbul olunub. Amma buna heç də sevinmir. Mənə deyir ki, istədiyim ixtisası müəllimim seçməyə qoymadı. Valideyinlərim də müəllimin dediyini etdi.
Dedilər ki, oranı bitirəndən sonra sənə yiyə duran olmayacaq, “adam”ın da yoxdur ki, arxanda dura, həmin ixtisas üzrə bir iş tapasan.
Birinci, müəllim, ya valideyin kimdir ki, abuturiyentin yerinə ixtisas seçir? İkincisi, müəllimin nə qədər təhlükəli şəxs olduğu ortaya çıxır.
Burada bir müəllim valideyinlə birləşib tələbəyə hələ universitetə getmədən rüşvəti, qanunu pozmağı, saxtakarlığı öyrədir.
Ən əsası isə özünü adam yerinə qoymamağı öyrədir. Ölkədə səksən faiz tələbə bu yolla universitetə oxumağa gedir. Sonra həmin qayda ilə hansısa dövlət işində işləməyə gedirlər.
Cəmiyyət niyə qanunu sevmir? Çünki qanundan qorxur. Təsəvvür edin, iki yüz manat maaş alan bir insandan rejimə etiraz etməsini istəyirik və etriraz etmir deyə təəccüblənirik.
Burada təəccüb ediləcək bir şey yoxdur. Rüşvətlə işə girən bir işçi sabah rüşvətsiz bir rejimdə həmin işdə qala bilməyəcək.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)