-
Avqustun 20-də Mingəçevir şəhər Polis Şöbəsində ölüm hadisəsi olub. Şöbəyə çağırılan 27 yaşlı Bəhruz Hacıyevin bir müddətdən sonra ölüm xəbəri gəlib.
Bəhruz Hacıyev polis idarəsinə dindirilmək üçün aparılıbmış. Amma polislər B.Hacıyevin nə məqsədlə dindirilməsinin səbəbini açıqlamayıblar.
Hadisədən sonra Bəhruz Hacıyevin qohumları ilə yerli polis arasında qarşıdurma yaranıb. Adının çəkilməsini istəməyən Mingəçevir şəhər sakini AzadlıqRadiosuna bildirib ki, qarşıdurma zamanı polis dəyənək və qalxandan istifadə edib.
Mingəçevir polis şöbəsindən isə dedilər ki, polislə camaat arasında heç bir qarşıdurma olmayıb. Bəhruz Hacıyev dindirməyə çağırılıbmış. Qəfildən özünü pəncərədən atıb və ölüb.
Yaxınları Bəhruz Hacıyevin döyülərək öldürüldüyü qənaətindədir.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bildirib ki, intihar hadisəsi ilə bağlı hazırda araşdırma aparılır: «Mingəçevir şəhər Prokurorluğundan bizə dedilər ki, onun üzərində zorakılıq əlamətləri aşkar edilməyib».
Elçin Behbudov avqustun 26-da Mingəçevirə gedib hadisənin necə baş verməsini araşdıracağını da dedi.