Bloomberg agentliyinin ekspertləri yaxın vaxtlarda dəyərdən düşə biləcək 12 valyutanı sıralayıb. “Risk qrupu”nda Azərbaycan manatı yoxdur.
Siyahıya 5 MDB ölkəsinin valyutası, o cümlədən Ermənistan dramı, Türkmənistan manatı, Qırğızıstan somu, Tacikistan somonu daxildir. Dünən bu siyahıda olan Qazaxıstan təngəsi artıq devalvasiya etdi.
Ekspertlər bu valyutaların uzuşlaşacağını rus rublunun və Çin yuanının dəyərini itirməsi təzyiqi ilə izah edirlər.
İqtisadçı Vüqar Bayramov Azərbaycan manatının son günlər ABŞ dollarına nəzərən məzənnəsinin “oynamasını” qonşu ölkələrn milli valyutalarının titrəyişlərinin təsiri kimi izah edir. Məhz bu amillər valyuta bazarında ABŞ dollarına olan tələbi artırır.
DOLLAR NİYƏ BAHADIR?
“Son 3 gündə Mərkəzi Bank dolların manata rəsmi məzənnəsini aşağı salmasına baxmayaraq, valyutadəyişmə məntəqələrində dollar ən yüksək kurs ilə təklif edilir”, deyə ekspert bildirir.
Hazırda avro möhkəmlənməkdədir və buna uyğun olaraq rəsmi kursda manat da dolları sıxışdırır. Lakin qonşuluqdakı ölkələrdəki maliyyə bazarlarının vəziyyəti bunun yerli valyutadəyişmə məntəqələrindəki mübadilə məzənnəsində əks olunmasına imkan vermir. Elə bu səbəbdən də manatın yenidən dəyər itirə biləcəyindən ehtiyatlanan vətəndaşları bir müddət bundan öncə olduğu kimi yenidən xaricə valyutayaya üz tuturlar.
BƏLKƏ İNDEKSASİYA?
Bunun neqativ təsirlərini önləmək və dollara tələbi azatlmaq üçün V. Bayramov Mərkəzi Bankı manat əmanətlərini indeksasiya etməyə çağırır. “Mən hələ bu ilin fevralın 9-da MB-yə əmanətlərin indeksasiyasını təklif etmişdim. Amma indeksasiya sisteminin tətbiq edilməməsi ötən müddətdə dollara tələbi artırmaqla manat əmanətlərin mərhələli şəkildə həcminin azalmasına səbəb oldu”, deyə expert xatırladır.
V. Bayramov hesab edir ki, manatın məzənnəsinin “dirənməsinə” yönəlmiş intervensiya xərclərinin bir hissəsi manatla olan əmanətlərin indeksasiyasına yönəldilərsə, MB-nin valyuta ehtiyatlarının sürətli əriməsinin qarşısı qismən alına bilər.
Qeyd edək ki, maliyyə bazarlarında baş verən çaxnaşmalar fonunda manatın dəyərini itiməsindən sığortalanmaq üçün bir çox mütəxəssislər vətəndaşlara öz pullarını bir nüçə valyutada saxlamağı tövsiyyə edirlər. Valyuta səbətini hansı valyutada formalaşdırmaq isə hər kəsdən fərdi yanaşma və maliyyə bazarlarını diqqətdə saxlamaq kimi keyfiyyətlər tələb edir.