Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Tıq-tıq xanım (pyes)


Rahman Əlizadə
Rahman Əlizadə

- T I Q-T I Q X A N I M

İki hissəli məzəli operanın librettosu

A.Şaiqin “Tıq-tıq xanım” mənzum nağılının motivləri əsasında.

İŞTİRAK EDƏNLƏR:

TIQ-TIQ XANIM

AŞIQ DÖZƏN DOZANLI

AĞSAQQAL DOZANQURDU

DOZANQURDLARIN XORU və baleti

MƏRCAN XORUZ

ÇİLLİ

GÜLLÜ onun toyuqları

KƏKİLLİ

TOPLAN ÇOBAN

QOYUNLARIN XORU və baleti

SİÇAN BƏY

YENGƏ

SİÇANLARIN XORU və baleti

ATLILAR

ORKESTR və DRİJOR

BİRİNCİ HİSSƏ

O R K E S T R. Çalğıçılar bir-bir gəlib əyləşirlər. Hərə öz alətini kökləyir. Drijor gəlir, tamaşaçılara baş əyir, sonra çalğıçılara çönür. Çalğıçılar hazır vəziyyət alırlar. Drijor işarə edir, çalğıçılar operanın uverturasını çalırlar.

P ə r d ə a ç ı l ı r.

D O Z A N L I kəndində meydan. Dozanlı əhli aramla rəqs edib oxuyur.

DOZANQURDULARIN XORU

Bizim güzaranımız

Özümüztək qaradır.

Özümüz də bilmirik

Mənzilimiz haradır.

AĞSAQQAL DOZANQURDU

Əzizlərim, səbr edin,

Qəm yeməyin, dözünüz.

Əvvəl-axır, inanın

Xoş keçəcək gününüz.

Aşıq Dözən başıalovlu gəlir.

AŞIQ DÖZƏN

Dərdə saldı məni həyat,

Durammaram mən farağat.

Nə bədbəxtmiş bizim elat!

Bura gəlin, ay camaat!

Meydanda vurnuxma və həyacan.

DOZANQURDLARIN XORU

Nə olub, nə olub, aman?

Kimdir batan, kimdir yanan?

AŞIQ DÖZƏN

Nə batan var, nə də yanan.

Fəryadın olmadı bəlli.

Atıb gedir məni canan.

Yandım aman, ay aman!

DOZANQURDLARIN XORU

Danış hər şeyi əməlli.

Verək sənə biz təsəlli.

AŞIQ DÖZƏN

Ay camaat, eşidin,

Baş veribdir fəlakət!

Tıq-tıq xanım eləyir

Yalqızlıqdan şikayət.

Soğan qabıqlarından

Çadra tikibdir, şıq-şıq!

Fındıq qabıqlarından

Başmaq geyinib, tıq-tıq.

Bəyənmir, saymır bizi,

Çıxıb gedir obadan,

Küsüb gedir obadan.

Yandım, aman, ay aman!

DOZANQURDLARIN XORU

Ola bilməz! Ola bilməz!

Naxələfin, nankorun

Bu dünyada üzü gülməz!

TIQ-TIQ xanım əlində bağlama nazlanaraq gəlir.

TIQ-TIQ XANIM

Ətir vurmuşam başıma,

Qara yaxmışam qaşıma,

Sürmə çəkmişəm gözümə,

Bəzək vermişəm özümə.

Naz ilə şıq-şıq gəzərəm,

Tıq-tıqam, tıq-tıq gəzərəm.

AŞIQ DÖZƏN

Yandım, aman, ay aman! (hönkürür)

AĞSAQQAL DOZANQURDU

(Aşıq Dözənə)

Ağlama, oğlum, ağlama...

(Tıq-tıq xanıma)

Əlinə alıb bağlama

Tıq-tıq xanım, hara belə?

DOZANQURDLARIN XORU

Tıq-tıq xanım hara belə?

Niyyətini gətir dilə,

Söylə elə, söylə elə!

TIQ-TIQ XANIM

Elə nə qalıb hara gedirəm!

Hara gedirəm?

Gora gedirəm!

Sizə nə düşüb hara gedirəm!!!

Gətirdiniz məni zinhara,

Ayağım hara, başım da ora!

DOZANQURDLARIN XORU

A, a, a!..

Canın yanmasın belə qız!

AĞSAQQAL DOZANQURDU

Gəl ağ olma sən elə, qız!

El atanı aləm atar!

Elsiz qalan çöldə yatar!..

DOZANQURDLARIN XORU

El gücü –

Sel gücü,

Yel gücü!!!

El ağzı faldır!

Eldən küsən paymaldır!

TIQ-TIQ XANIM

Bəsdirin! Bəsdirin!

Verməyiniz çox əngə!

Gətirdiniz məni təngə!

Ədəbsizlər, nadanlar!

Həşaratlar, heyvanlar!

Sizə ikrah edirəm!

Bu diyardan gedirəm!

(Gedir)

DOZANQURDLARIN XORU

Getdi! Getdi! Nankor getdi!

Hamımızı təhqir etdi!

AŞIQ DÖZƏN

(saz çalıb fəryad edir)

Yandım, aman! Yandım, aman!

Küsüb getdi nazlı canan.

Sənsiz qoy dağılsın cahan,

Tıq - tıq xanım, Tıq - tıq xanım!

Aşıq Dözən ağlar zar-zar,

Nə bağ qaldı, nədəki, bar!

Ürəyim sənsiz partlayar,

Tıq-tıq xanım, Tıq-tıq xanım!

AĞSAQQAL DOZANQURDU (ağlamsınaraq)

Ağlama, oğlum, ağlama,

Vəfasıza bel bağlama.

(növrəstələri göstərir)

Eldə çoxdur cüvənəzən,

Birini seç, toy et, evlən.

AŞIQ DÖZƏN

Yox, yox, ağsaqqal,

Indən belə mən,

Kimsəni sevməm

Inan mənə sən.

Bəxtim gülmədi

Bu eldə mənə.

Qoy bilsin aləm,

Mən dönəcəyəm

Tıq-tıq xanımın

Ah, kölgəsinə.

O R K E S T R. Drijor üzünü zala tutub hönkürür. Cib dəsmalı ilə göz yaşını silir.

DRİJOR (tarçalana)

Çal, əmoğlu, “Segah” çal.

Tarçalan “Segah” çalır.

AŞIQ DÖZƏN (oxuyur)

Getdi Tıq-tıq xanımım, qan ağlasın gözüm mənim,

Görməsəm gül üzünü gülməyəcək üzüm mənim.

AĞSAQQAL DOZANQURDU

Can, ay yetim, can! (hönkürür)

DOZANQURDLARIN XORU

Can, ay bala, can! (hönkürürlər)

AŞIQ DÖZƏN

Onun eşqində bu gündən Məcnunam, ay camaat,

Yarıma fəda olsun sazım mənim, sözüm mənim!

Özüm mənim!

O R K E S T R. Həyacanlı, çılğın musiqi. Aşıq Dözən sazını yerə çırpıb sındırır. Paltarlarını cırıb tökür. Saçını üzünə dağıdıb məcnunanə görkəm alır.

AŞIQ DÖZƏN

Əlvida, ah, əlvida!

Məni salarsan yada,

Uşaqlıq və cavanlıq

Illərimin həmdəmi

Doğma Dozanlı kəndim!

Getdim! Getdim! Ah, getdim!

(Səhnədən çıxır)

AĞSAQQAL DOZANQURDU

(sınıq sazı yerdən götürür)

Eşqin odu ram edilməz, yandırar hər yanı,

Eşqə düçar olanın eşq özüdür dərmanı.

DOZANQURDLARIN XORU

Elədir, ağsaqqal, elədir...

Eşqə düşən talan olar,

Halı onun yaman olar.

Gəzər çölü, biyabanı,

Işi ahfəğan olar.

Səhnə qaranlıqlaşır.

O R K E S T R. Musiqinin mövzusu dəyişir, getdikcə şən və oynaq olur, beləki çalğıçılar özləri də dingildəşirlər. Səhnə işıqlanır.

TOYUQLARIN HİNİ. Mərcan xoruz xoruzlanaraq gəzir. Çilli, Güllü, Kəkilli və başqa toyuqlar onun yövrəsində rəqs edib oxuyurlar.

TOYUQLARIN XORU

Adı Mərcan xoruza,

Pipiyi qan xoruza

Olub hində təsəlli

ÇİLLİ

Çilli!

GÜLLÜ

Güllü!

KƏKİLLİ

Kəkilli!

TOYUQLARIN XORU

Bir xoruza üçü yar!

Çox vəfalı toyuqlar.

ÇİLLİ

Çilli!

GÜLLÜ

Güllü!

KƏKİLLİ

Kəkilli!

Toyuqlar rəqs edib qaqqıldaşırlar.

MƏRCAN XORUZ

Bəsdiriniz saldız həşir,

Səs-küydən beynim şişir.

Belə getsə üçünüzü də...

ÇİLLİ

Əvvəlcə məni!

GÜLLÜ

Yox, əvvəl məni!

KƏKİLLİ

Lap əvvəl məni!

Toyuqlar hay-küy salıb qaqqıldaşırlar.

MƏRCAN XORUZ

Boşayacağam! Boşayacağam!

ÇİLLİ (Güllünü göstərir)

Əvvəlcə bunu!

GÜLLÜ (Kəkillini göstərir)

Lap əvvəl bunu!

KƏKİLLİ

Axırda məni!

TIQ-TIQ xanım hinin barısından boylanır.

TIQ-TIQ XANIM

Gəzirəm çöl-çəməni,

Gözünüz görsün məni.

Mənim kimi bir sənəm

Görməyib hələ aləm.

MƏRCAN XORUZ

Ay dozanqurdu bir dayan,

Söylə gəlirsən hardan?

TIQ-TIQ XANIM

Aç gözünü yaxşı bax,

Pis görürsən eynək tax.

Kudunun biri kudu,

Özünsən dozanqurdu.

Qələt olmaz bu boyda,

Mənə eldə, obada

Tıq-tıq xanım deyərlər,

Şıq-şıq xanım deyərlər.

MƏRCAN XORUZ

Tıq-tıq xanım,

Sən mənim canım,

Başına dönüm,

Qarşında ölüm.

Gəl incimə heç,

Taqsırımdan keç.

Ey nazlı canan,

Qaşları kaman,

Gözləri qara,

Gedirsən hara?

TOYUQLARIN XORU

Sənə nəvar! Sənə nəvar!

MƏRCAN XORUZ

Kəsin səsinizi, toyuqlar!

TIQ-TIQ XANIM

Aydan arı bir qızam,

Əfsus, təkəm, yalqızam.

Ömürlər çox gödəkdir,

Mənə yoldaş gərəkdir.

MƏRCAN XORUZ

Ay qaragöz, qaraqaş,

Mənim kimi bir yoldaş

Vəfalı dost, sadiq ər

Görməyib hələ ellər.

(toyuqlara)

Düzdürmü?

TOYUQLARIN XORU

Əvət, əvət!

(kənara)

Düzsə atana lənət!

MƏRCAN XORUZ

Gəl yanımda qalginən,

Dünyadan kam alginən.

TIQ-TIQ XANIM

Acıqlandırsam səni,

Nəylə döyərsən məni?

MƏRCAN XORUZ

Nə ilə? Nə ilə?

(toyuqlara)

Nə ilə döyərik bunu?

TOYUQLARIN XORU

Nə ilə döyərik bunu?

Döymərik!

MƏRCAN XORUZ

Doğrudan? Bəs neylərsiz?

TOYUQLARIN XORU

Dənlərik! Dənlərik!

MƏRCAN XORUZ

Sonra da dimdiklərik!

Mərcan Xoruz və Toyuqlar qaqqıldaşıb Tıq-tıq xanımı dimdikləyirlər.

TIQ-TIQ XANIM

Yırtıcılar, qəddarlar!

Tutmaram burda qərar!

(Gedir)

MƏRCAN XORUZ və TOYUQLAR

Ha-ha, ha-ha, Tıq-tıq xanım!..

Dayan, qaçma, Şıq-şıq xanım!..

Aşıq Dözən məcnunanə görkəmdə gəlir.

AŞIQ DÖZƏN

Deyin, kimdi fəryad edən,

Təlaş ilə burdan gedən?!

TOYUQLARIN XORU

Kim olacaq, Tıq-tıq xanım,

Qaşı qara sırtıq xanım!

Özgə hinə girib ləçər,

Axtarırdı özünə ər!

AŞIQ DÖZƏN

Necə, necə, Tıq-tıq xanım?!

Səhnə qaranlıqlaşır, ancaq Aşıq Dözən işıqlanır.

Eylədi məni avara,

Ürəyimə vurdu yara,

Kirpiyi ox, qaşı qara,

Tıq-tıq xanım, Tıq-tıq xanım.

Aşıq Dözən edər həzər,

Məcnuntək səhranı gəzər,

Dilində olubdur əzbər

Tıq-tıq xanım, Tıq-tıq xanım. (hönkürür)

Səhnə tam qaranlıqlaşır. Qaranlıqda tütək səsi... Səhnə işıqlanır, örüş. Toplan Çoban tütək çalır, Qoyunlar oxuyub rəqs edirlər.

QOYUNLARIN XORU

Südümüz-süd, yunumuz-yun,

Könüllü olmuşuq qoyun.

Bilməyirik oyun-moyun,

Mələyirik məmnun-məmnun.

Mə - mə - mə...

TOPLAN ÇOBAN

Alıram sizdən ilham,

Vəcdə gəlirəm, ham-ham!..

QOYUNLARIN XORU

Kimki qoyundur,

Əndamı yundur.

Bilməz yağış, qar,

Otlar bəxtiyar.

Olandan qoyun,

Siyasət, oyun

Nədir bilmirik,

Hey mələyirik.

TOPLAN ÇOBAN

Alıram sizdən ilham,

Vəcdə gəlirəm, ham-ham.

TIQ-TIQ xanımın musiqisi səslənir. Tıq-tıq xanım gəlir.

TIQ-TIQ XANIM

Gəzib əldən düşmüşəm,

Yamanca üşümüşəm.

Ilahi, bunlar kimdir,

Gəlib hara düşmüşəm?

TOPLAN ÇOBAN

Tərk eləyib doğma yurdu,

Hara belə, dozanqurdu?

TIQ-TIQ XANIM

Dilin yansın, ay Toplan,

Vallah, kobudsan yaman.

Bir yaxşı aç gözünü,

Bil dediyin sözünü.

Mənə eldə, obada

Tıq-tıq xanım deyərlər.

TOPLAN ÇOBAN

Bağışla, nazlı dilbər.

Qurban o şirin dilə.

Hara gedirsən belə?

TIQ-TIQ XANIM

Aydan arı bir qızam,

Əfsus təkəm, yalqızam.

Ömürlər çox gödəkdir,

Mənə yoldaş gərəkdir.

TOPLAN ÇOBAN

Ay qaragöz, qaraqaş,

Mənimkimi bir yoldaş,

Istiqanlı, xoşavaz

Bu yerlərdə tapılmaz.

Alaram səndən ilham,

Vəcdə gələrəm, ham-ham!

Gəl burda qal, dost olaq,

Aləmi seyrə dalaq.

TIQ-TIQ XANIM

Acıqlandırsam səni,

Nəylə döyərsən məni?

TOPLAN ÇOBAN

Necə, acıqlandırsan?

TIQ-TIQ XANIM

Hə də, acıqlandırsam səni,

Nəylə döyərsən məni?

TOPLAN ÇOBAN

Yaxşısı budur, ham-ham,

Acıqlandırma məni...

QOYUNLARIN XORU

Acıqlandırma onu! Mə-mə...

TIQ-TIQ XANIM

Birdən acıqlandırdım!

TOPLAN ÇOBAN (acıqlanır)

Dedim ki, acıqlandırma, ham-ham!..

QOYUNLARIN XORU

Ağəz, acıqlandırma da! Mə-mə...

TIQ-TIQ XANIM

Birdən keyfim istədi, acıqlandırdım!

QOYUNLARIN XORU

Vaxsey, şaxsey, evimiz yıxıldı!...

TOPLAN ÇOBAN (hirslənir)

Acıqlandırsan məni,

Bax bununla, çomaqla

Şil-küt edərəm səni!

TOPLAN ÇOBAN çomağı başı üstə qaldırıb dolandırır, nərə çəkir.

TOPLAN ÇOBAN

Dedim ki, acıqlandırma!!!

Dedim axı, dedim axı,

Acıqlandırma, acıqlandırma!!!

TIQ-TIQ XANIM

Aman, aman, ay aman!

Öldürdü məni Toplan!

(Qaçır)

TOPLAN ÇOBAN çomağını hərlədərək cövlan edir.

TOPLAN ÇOBAN

Yaman çıxmışam özümdən

Ildırım çaxır gözümdən!!!

TOPLAN ÇOBAN çomaqla qeyri-ixtiyari olaraq orkestrdəki çalğıçıları kötəkləyir. Bu vaxt Aşıq Dözən pəjmürdə gəlir, çomaq onu orkestrə atır.

AŞIQ DÖZƏN

Vay, dədəmin dədəsi, vay!

Yar yolunda ölürəm, ay!..

(tarçalana)

Əmoğlu, bir dənə “Şahnaz”!

Yolunda Tıq-tıq adlı bir mələyin, ah, ölürəm!

Başımdan dəydi çomağı fələyin, ah, ölürəm!

(Özündən gedir)

DRİJOR

Pərdəni bağlayın, fasilə!

QOYUNLARIN XORU

Mə-mə-mə?! Nə, nə?

TOPLAN ÇOBAN

Antrakt!

QOYUNLARIN XORU

Necə, antrakt?!

TOPLAN ÇOBAN

Antrakt!!!

Hart-hart!!!

QOYUNLARIN XORU

Mə-mə, mə-mə...

Hə-hə, hə-hə...

PƏRDƏ

İKİNCİ HİSSƏ

ORKESTR. Başları sarıqlı çalğıçılar və drijor gəlirlər. Drijor dəbilqəsini başına qoyur, çalğıçılar da dəbilqələrini geyinirlər. Drijor işarə edir, çalğıçılar çalırlar.

Pərdə açılır.

SİÇANBƏYİN dəbdəbəli zəngin mənzili. Əynində bahalı xalat olan Siçanbəy narahatdır.

SİÇANBƏY.

Var-dövlətim başdan aşır,

Adım dünyanı dolaşır,

Fəqət dərdim aşıb-daşır,

Çünki təkəm-yalqızam mən,

Subaylıqdan halsızam mən.

YENGƏ gəlir.

YENGƏ

Salam, Siçanbəy, salam!

Keyfin kök olsun, balam.

Sənə qədd-qamətli,

Məlahətli, ismətli,

Dədələri hörmətli,

Nəcabətli, dövlətli

(şəkilləri göstərir)

Gör necə qız tapmışam.

SİÇANBƏY

Ver bir baxım.

YENGƏ (şəkilləri bir-bir göstərir)

Bunun atası bəzzazdır.

SİÇANBƏY

Apar qaytar, qulaqları palazdır!

YENGƏ

Bunun dədəsi baqqaldır!

SİÇANBƏY

Yox, yox, ağzı bir çuvaldır!

YENGƏ

Bununku kəndxudadır.

SİÇANBƏY

Gözləri yaman xırdadır.

YENGƏ

Bunun dədəsi xandır.

Qızın adı Mərcandır.

SİÇANBƏY

Vay, burnu badımcandır!

Uzaqdan TIQ-TIQ xanımın mahnısı eşidilir.

SİÇANBƏY (son dərəcə həyacanlı)

Yengə, qulaq as!

Nə incə avaz!

Nə ecazkar səs!

Eşitsə hər kəs

Neytək inildər,

Özündən gedər...

(Qəşş edib özündən gedir)

YENGƏ

Vaxsey, ölür deyəsən!

SİÇANBƏY

Yengə, tez ol sən,

Tez çıx bayıra,

Söylə o yara,

Qoy insaf etsin,

Dadıma yetsin!

YENGƏ

Döz, gəlirəm, bu saat!

(Çıxır)

SİÇANBƏY

Olmaram rahat,

O yara hərdəm

Olmasam həmdəm!

TIQ-TIQ xanımla YENGƏ gəlirlər.

TIQ-TIQ XANIM

Kimdir burda sino gedən,

Yolçuları yoldan edən?

SİÇANBƏY

Nə incə səs, nə şirin dil...

Ya rəb, susmaq mümkün deyil.

Saçı uzun, Suray xanım,

Boyu uzun, Buray xanım,

Sığal verib qara telə,

Kəmər taxıb incə belə,

Hara gedirsən belə?

Çıxdı canım, söylə, söylə!

TIQ-TIQ XANIM

Aydan arı bir qızam,

Əfsus təkəm, yalqızam.

Mənim kimi bir sənəm

Görməyib hələ aləm!

Gəzirəm çöl-çəməni,

Yalqızlıq sıxır məni.

Nəcabətli Siçanbəy,

Axtarım tapım gərək

Özümə layiq yoldaş.

SİÇANBƏY

Ay qaragöz, qaraqaş,

Mənimkimi arkadaş

Yer üzündə tapılmaz.

Gəl bu qədər etmə naz!

Ailə qurub gəl yaşayaq,

Keyfi kök, damağı çağ.

Cavab ver, kirpiyi ox!

TIQ-TIQ XANIM

Hə, razıyam, sözüm yox.

Ancaq başa sal məni,

Acıqlandırsam səni

Nəylə döyərsən məni?

SİÇANBƏY

Döyərəm?..

TIQ-TIQ XANIM

Hə, də!

SİÇANBƏY

Yox, döymərəm,

Döymərəm heç vaxt.

TIQ-TIQ XANIM

Bəs neylərsən, əzizim?..

SİÇANBƏY

Neylərəm, ey dili nabat?

Quyruğumu bükərəm,

Qara sürmə çəkərəm

Qaşlarına, gözünə,

Fəda olaram özünə.

Söylə, buna sözün nə?

TIQ-TIQ XANIM

Sözüm yoxdur, gəl evlənək.

SİÇANBƏY

Ah, evlənək! Ah, evlənək!

Yengə, durma, bu gün gərək

Bildirəsən qohumlara,

Təcili gəlsinlər bura!

Bəli, başlansın toy-büsat,

Evlənirəm mən bu saat!

YENGƏ

Lap bu saat?

ÇALĞIÇILAR

Lap bu saat?!

SİÇANBƏY

Bəli, bəli, lap bu saat!

Maestro!

DRİJOR

Bəli!

SİÇANBƏY

Vurçatlasın!

DRİJOR

Oldu, vurçatlasın!

DRİJOR işarə edir. Şən, çılğın musiqi. Siçanların baleti rəqs edir. Siçanların xoru gəlir. Siçanbəylə Tıq-tıq xanım gedirlər.

SİÇANLARIN XORU

Toydur bu gün, toy!

MÜĞƏNNİ

Bu gün iki gənc birləşir,

Ay ilə günəş görüşür.

Qazanlarda plov bişir

Bizim eldə toydur bu gün, toydur!

SİÇANLARIN XORU

Toydur bu gün toydur!

YENGƏ

Gəlinlə bəy gəlirlər!

“Vağzalı”!

Vağzalı çalınır. Siçanbəylə Tıq-tıq xanım toy paltarında gəlib rəqs edirlər.

YENGƏ

Anam, bacım, qız gəlin!

Əli, ayağı, düz gəlin.

Yeddi oğul istərəm,

Bircə dənə qız gəlin!

Siçanbəylə Tıq-tıq xanım rəqs edərək gərdəyə girirlər. Musiqi susur. Aşıq Dözən qoltuq ağaclarıyla ölümcül halda gəlir.

SİÇANLARIN XORU

Kimdir bu fəqir?

Kimdir bu həqir?

Kimdir bu zəlil?

Kimdir bu əlil?

AŞIQ DÖZƏN

Zəliləm, öz yarımın zəliliyəm!

Əliləm, nigarımın əliliyəm!

Bilin, Tıq-tıq xanımın həqiriyəm, fəqiriyəm!..

SİÇANLARIN XORU

Ha-ha, ha-ha!

Gədaya baxın!

Bundakı ədaya baxın!

Tıq-tıq xanımdan əl çək!

O ərə gedir!

AŞIQ DÖZƏN

Necə, ərə gedir?!

Kimə ərə gedir?!

SİÇANLARIN XORU

Şiri-nərə ərə gedir!

Siçanbəyə ərə gedir!

AŞIQ DÖZƏN

Necə? Necə? Siçanbəyə?!

(qoltuq ağaclarını bir tərəfə tullayıb əllərini göyə qaldırır)

Dağıl ey taqi-səmavi, çatla, dağıl!

Sən ey günəş, yağışın yağdır ey bulud, ağla!!!

(çalğıçılara)

Çalğıçılar!

ÇALĞIÇILAR

Bəli...

AŞIQ DÖZƏN

Mənim yanıqlı ariyamı!

ÇALĞIÇILAR

Oldu yanıqlı ariya! (çalır)

AŞIQ DÖZƏN

Eşqə düşsən Kərəmtək alışarsan.

Sənan kimi ildırımdan aşarsan.

Məcnun olub səhralarda yaşarsan.

Həzər, həzər, gözəllərdən min həzər!

Nifrət qadınlara!

Səhnə tam qaranlıqlaşır, orkestr işıqlanır.

ÇALĞIÇILAR

Nifrət! Nifrət! Çalmırıq! Çalmırıq!

Tətil! Tətil!

DRİJOR

Kəsin səsinizi! Çalın!

ÇALĞIÇILAR

Siçanbəylə Tıq-tıq xanım rədd olsun!

Yaşasın Aşıq Dözən Dozanlı!

DRİJOR

Sakit!!

Siz işinizdə olun! Bu dünyada hərə öz əməlinin meyvəsini dadıb,

dadır, və dadacaq.

ÇALĞIÇILAR

Belə de...

Drijor işarə edir. Çalğıçılar çalırlar. Səhnə işıqlanır. Tıq-tıq xanım göldə qayıq sürür.

TIQ-TIQ XANIM

Nə cah-cəlal,

Nə dövlət-mal,

Nə keyf-büsat

Ürəyimi etməyir şad.

Yengə gəlir.

YENGƏ

Niyə qanın qaradır?

Bəs Siçanbəy hardadır?

TIQ-TIQ XANIM

Təzələmə dərdimi gəl,

Daha mənə qoymur məhəl.

Oturmur evdə bir hovur,

Veyillənməkdən yorulmur.

Gah toya gedir, gah yasa gedir,

Bir yerdə durmur, harasa gedir.

Indi də xan evindədir,

Yəqin şənlənir, keyf edir.

(külək qalxır, qayıq çevrilir)

Boğuluram, kömək elə!

YENGƏ

Tıq-tıq xanım, döz bir təhər,

Qaçım ərinə verim xəbər.

Üzmək bacarmıram hələ!..

(Qaçır)

TIQ-TIQ XANIM

Boğuluram, boğuluram...

(Atlılar gəlirlər)

ATLILAR

Biz sevinə-sevinə,

Gedirik xan evinə.

Bu gün xanın evində

Qonaqlıq var, yemək var.

Şəkər, noğul, qatlama,

Fətir, yağlı çörək var.

Biz sevinə-sevinə

Gedirik xan evinə.

TIQ-TIQ XANIM

Tarap-turup atlılar,

Atları qanadlılar,

Xan evinə gedərsiz,

Siçanbəyə deyərsiz,

Saçı uzun Suray xanım,

Boyu uzun Buray xanım

Düşüb göldə burulğana,

Tez özünü yetir ona!

ATLILAR

Bu ki, Tıq-tıq xanımdır!

Əlini bizə bəstərəcik.

TIQ-TIQ XANIM

Yox, mən sizdən küstərəcik.

ATLILAR

Niyə?

TIQ-TIQ XANIM

Məni yalnız Siçanbəy

Xilas eləsin gərək.

ATLILAR

Aydındır!

Əhsən belə gəlinə!

Göldə boğulub ölsə də

Əli dəyməz naməhrəm əlinə!

Biz sevinə-sevinə,

Gedirik xan evinə.

(Gedirlər)

TIQ-TIQ XANIM

Boğuluram, kömək edin!

ORKESTR işıqlanır.

ÇALĞIÇILAR

Əlini bizə, bəstərəcik!

TIQ-TIQ XANIM

Yox, mən sizdən küstərəcik!

ÇALĞIÇILAR

A, a, daha bizdən niyə?

TIQ-TIQ XANIM

Əşi, zurnanızı çalın,

Qoyun boğulaq özümüz üçün də!..

DRİJOR

Doğru deyir, çalın!

ÇALĞIÇILAR

Oldu.

ÇALĞIÇILAR həyacanlı musiqi çalırlar, Siçanbəy gəlir.

SİÇANBƏY

Əlini mənə bəstərəcik!

TIQ-TIQ XANIM

Yox, mən səndən küstərəcik!

SİÇANBƏY

Əlini mənə bəstərəcik!

TIQ-TIQ XANIM

Yox, mən səndən küstərəcik!

SİÇANBƏY

Axı, niyə, nə olub?

TIQ-TIQ XANIM

Sən məni yalqız qoyub

Hər gün evdən gedirsən.

Daha məni sevmirsən.

SİÇANBƏY

Gic-gic danışma!

Əlini mənə bəstərəcik!

TIQ-TIQ XANIM

Dedim ki, səndən küstərəcik!

SİÇANBƏY (qəzəblənir)

Küstərəcik?! Küstərəcik?!

TIQ-TIQ XANIM (hikkə ilə)

Hə, küstərəcik, küstərəcik!

Küs-tə-rə-cik!!!

SİÇANBƏY belindən tapançanı çıxarıb Tıq-tıq xanıma tuşlayır.

SİÇANBƏY

Küstərəcik a, küstərəcik,

Sənə bir güllə endərəcik!

Aşıq Dözən qəflətən araya atılıb Siçanbəyin biləyindən yapışır.

AŞIQ DÖZƏN

Dayan!

Nadan!

Nə qanırsan!

Nədir canan!!!

Aşıq Dözən bir-neçə fənd işlədib Siçanbəyi orkestrə tullayır.

TIQ-TIQ XANIM

Boğuluram! Boğuluram!

AŞIQ DÖZƏN

Yarım batır dəryada!

Gərək tez çatım dada!

Təlatümlü musiqi. Aşıq Dözən özünü gölə atır. Musiqi daha da şiddətlənir. Nəhayət Aşıq Dözən qolları üstündə Tıq-tıq xanımı sahilə çıxarır. Musiqi dəyişib sırf lirik səciyyə alır.

TIQ-TIQ XANIM

Mənim Aşıq Dözənim,

Öz eşqinə dözənim.

Apar məni evimizə,

Dozanlı kəndimizə.

AŞIQ DÖZƏN

Bu dünyada hərənin öz yarı var,

Yarısını tapanlar, yaşayarlar bəxtiyar!..

Aşıq Dözənlə Tıq-tıq xanım əl-ələ verib səhnənin dərinliyinə gedirlər. Onlar uzaqlaşdıqca əvvəlki səhnələrdə iştirak edənlər gəlib düzülürlər.

XOR

Eşq oduna qalannam,

Yar başına dolannam,

Elimdən ayrı düşsəm

Viran ollam, talannam.

PƏRDƏ

XS
SM
MD
LG