Avqustun 22-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın Ağdam və Xocavənd rayonları istiqamətində yerləşən mövqelərini qəflətən iriçaplı atıcı silahlardan, minaatanlardan atəşə tutub.
Məlumatı Azərbaycanın Müdafiə Nazirliyi yayıb. Məlumatda deyilir ki, erməni tərəfi itkiləri xalqından gizlətməyə cəhd etsə də, əslində qarşı tərəfin 5 hərbçisi ölüb, 8 nəfər yaralanıb.
HƏR İKİ TƏRƏF İTKİLƏRİN OLMASINI TƏKZİB EDİR…
Ermənistan tərəfi isə əksinə, Azərbaycan ordusunun itki verdiyini yazır. Hər iki ölkənin müdafiə nazirlikləri itkilərlə bağlı xəbərləri təkzib edir.
Azərbaycanın Müdaifə Nazirliyi bildirir ki, yalnız 3 hərbiçi yüngül qəlpə yarası alıb, onların da vəziyyəti qənaətbəxşdir.
YERLİ SAKİN: "HƏRƏ ÖZ İŞİNDƏDİR"
Ağdamın Zəngişalı kənd sakini Adil Əliyev deyir ki, kəndə hər kəs öz işində-gücündədir, həyat öz axarı ilə davam edir:
“Camaat əkin əkir, heyvanını otarır. Belə bir gərginlik yoxdur”.
MƏQSƏD FİKRİ YAYINDIRMAĞA HESABLANIB…
Politoloq Zərdüşt Əlizadə düşünür ki, cəbhə xəttində son baş verənlər sadəcə, camaat arasında təşviş yaratmaq istəyidir:
“Hakimiyyət bu şəkildə diqqəti yayındırmağa çalışır. Qarabağ kartından uğurla yararlanır».
Erməni politoloq Richard Giragosyan deyir ki, cəhbə xəttindəki son olayların onu təəccübləndirmir:
“Hər ilin avqutsunda biz cəhbə bölgəsində atəşkəsin pozulmasının şahidi oluruq. Ona görə də bu mənim üçün elə də surpriz olmadı. Belə xəbərlər yayılır ki, müharibə ola bilər, amma mən buna inanmıram. Amma cəbhə bölgəsində sonuncu olaylarla əvvəlkilərin bir fərqi var. Ukrayna böhranından sonra tərəflər ATƏT-in Minsk Qurpuna siqnal verirlər. Hər iki ölkənin rəhbərlərinin görüşündə diplomatik vəziyyət də önə çəkiləcək”.
Richard Giragosyan təəssüflənir ki, əslində tərəflərin münaqişənin həll edilməsi üçün danışıqlar aparması yalnız görüntüdür:
“Ötən illərdə münaqişənin diplomatik çərçivədə həllinin mümkünlüyü daha çətinləşdirilib”.