Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 16:55

Hökumət büdcəni niyə gizli saxladı?


Baş nazir Artur Rasizadə
Baş nazir Artur Rasizadə

-

«Azadlıq» qəzeti bu suala cavab axtarır.

Sentyabrın 1-də Nazirlər Kabinetində 2016-cı il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri müzakirə edilib.

Qəzet büdcənin nəzərdə tutulan gəlirləri, xərcləri və kəsiri barədə heç bir məlumat verilməməsinə diqqət çəkir.

«Büdcə zərfinin məxfi saxlanılması bəzi mülahizələrə yol açıb. İlkin ehtimal odur ki, ümumiyyətlə, maliyyə böhranına görə hələ büdcə zərfi tərtib olunmayıb. Artur Rəsizadənin sədrliyi ilə keçirilən müzakirə də formal xarakter daşıyır. Digər ehtimal isə odur ki, büdcədə böyük kəsirlər var. Seçki ərəfəsi olduğu üçün hakimiyyət bunu açıqlamaq istəmir. Maliyyə böhranının hökm sürdüyü, sosial durumun acınacaqlı olduğu bir vaxtda bunu açıqlamaq əlbəttə ki, hakimiyyətin əleyhinə işləyə bilər. Başqa bir ehtimal isə hansısa qurumların ləğvi ola bilər», - qəzet yazır.

İqtisadçı Məhəmməd Talıblı baş verənləri gəlirlərin azalması ilə izah edib. Eyni zamanda, büdcə xərclərinə qənaət məqsədilə dövlət strukturlarında ixtisarlar aparıla və bəzi dövlət qurumları birləşdirilə biləcəyini də söyləyib.

İqtisadçı Qubad İbadoğlu da Nazirlər Kabinetində keçirilən iclasla bağlı mətbuata informasiya verilməməsini qınayıb: «Burda maraqlı olan iclasın özü deyil, onun nəticələri barədə məlumatın gizli saxlanılmasıdır. Çox maraqlı və təəssüfedicidir ki, Nazirlər Kabineti iclas keçirir, gələn il üçün büdcə layihəsini müzakirə edir, amma onun hətta konturları ilə bağlı mətbuata heç bir açıqlama verilmir. Elə bil ki, onların müzakirə etdiyi büdcə xalqın, dövlətin deyil, hakimiyyətin, hökumətin büdcəsidir, onun bizə heç bir dəxili yoxdur».

Dollar.
Dollar.

DOLLAR DAHA DA BAHALAŞA BİLƏR

«Bizim yol» yazır: «Manata bir təhlükə də ABŞ-dan gözlənilir».

«Neftin ucuzlaşması ilə yanaşı, manata qarşı daha bir təzyiq ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələri ilə bağlı çıxaracağı qərar ola bilər. Məlumdur ki, ötən ilin aprel ayından etibarən FED uçot dərəcələrinin artırılması üçün bir neçə toplantı çağırsa da, bu məsələ hər dəfə ertələnib. İndi bütün birjaların diqqəti ABŞ Mərkəzi Bankının sentyabr ayında keçirəcəyi toplantıdadır.

Dünya birjaları, beynəlxalq təşkilatların nədən bütün diqqəti FED-in qərarına yönəlib? Dollara, dünya bazarına, milli valyutalara, xüsusilə manata hansı təsirləri ola bilər?» – qəzet sual edir.

Ekspert Samir Əliyev «Bizim Yol»a bildirib ki, FED faiz dərəcələrini artırarsa, bu, dolların növbəti dəfə bahalaşmasına gətirib çıxaracaq: «Eyni zamanda, neftin qiymətinə və ümumilikdə əmtəə bazarına müsbət təsir göstərəcək».

İqtisadçının dediyinə görə, bunun Azərbaycan üçün də neqativ təsirləri olacaq: «Həmin neqativ təsirlər özünü ən azı neftin qiymətinin ucuzlaşmasında göstərəcək. Manatla bağlı proqnoz söyləyəndə isə devalvasiya məsələsi əsas diqqət mərkəzində olur. Bu baxımdan manatın devalvasiyası təhlükəsi gündəmdədir».

BRİTANİYA SƏFİRİ AZƏRBAYCANDA SABİTLİYİ POZUR

Virtualaz Böyük Britaniyanın diplomatından yazır: «Britaniya səfiri Azərbaycanda sabitliyi pozur».

Böyük Britaniyanın Azərbaycandakı səfiri Irfan Siddiq.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Irfan Siddiq.

Müəllif yazısına Qərb diplomatları Steinar Gil-i, Herbert Quelle-ni, Richard Morningstar-ı yada salmaqla, onların «siyasi fəallığından» sonra ölkələr arasında münasibətlərin soyumasını xatırlatmaqla başlayır. Qəzet adıçəkilən diplomatların ölkədən sürgün edildiklərini də xüsusi vurğulayır və daha sonra Böyük Britaniya səfirinin fəallaşmasına diqqət yönəldir:

«Və budur, siyasətdən uzaq lal-dinməz, sakit səfir qəfildən irimiqyaslı fəaliyyətə başlayır. Görünməmiş siyasi fəallıq və siyasi yetkinlik nümayiş etdirir. Amma londonlu müsəlmanın bu fəallığı yalnız müxalifət formatı ilə məhdudlaşır. Ən təəccüblüsü də odur ki, bu fəallaşma parlament seçkiləri ərəfəsinə təsadüf edir».

Məqalə müəllifi Britaniya səfirinin müxalifət liderləri Arif Hacılı, Əli Kərimli və REAL Hərəkatının, NİDA-nın nümayəndələri ilə görüşünə, bu görüşlərdən sonra adıçəkilən siyasi təşkilatların parlament seçkilərini birgə müzakirə etməsinə də toxunur: «Belə görünür ki, amerikalılar bu dəfə britaniyalılar vasitəsilə hərəkət etmək qərarı veriblər.

...İkinci əsas nəticə: son nəfəsini verən dağılmış müxalifəti birləşdirib dirçəltmək ideyası da Qərbdən gəlir.

...Müsavatçıları satqınlıqda və sazişçilikdə ittiham edən AXCP-ni inandırmaq hər halda son anda da mümkün olmadı. Ona görə də onu «Sağ sektor»un Azərbaycan modeli olan «kokteyl NİDA»sı ilə əvəz etməli oldular.

...Və budur, REAL qəfildən milli-demokratlarla, hətta cəbhəçilərin və digər radikal qüvvələrin satqın adlandırdığı müsavatçılarla eyni ittifaqda yer alır. Aydın məsələdir, bunu REAL-a qərbli diplomatlar məsləhət görüb.

Görünür ki, Qərb hakimiyyətin üstünə eyni vaxtda iki koalisiyanı - Müsavat-REAL-NİDA və AXCP-Milli Şura koalisiyasını göndərməyi nəzərdə tutaraq seçki ərəfəsində britaniyalıların əli ilə yeni qarışıqlıq hazırlayır».

Məqalə müəllifi hesab edir ki, hakimiyyət «yeni fors-major vəziyyətinin yaranmasına yol verməmək üçün ciddi önləyici tədbirlər görməlidir».

Yerevanda elektrik enerjisi tariflərinin artırılmasına etirazlar – 24 iyun 2015
Yerevanda elektrik enerjisi tariflərinin artırılmasına etirazlar – 24 iyun 2015

ERMƏNİSTANIN TƏNƏZZÜLÜ DAHA DA SÜRƏTLƏNİR

«Azərbaycan» qəzeti qonşu ölkəyə diqqət yönəldir: «Ermənistanın tənəzzülü daha da sürətlənir».

«Ermənistanda baş verən son hadisələr bir daha bu ölkənin idarə olunmasında repressiyalardan əsas üsullardan biri kimi istifadə olunduğunu təsdiqlədi. «Ayağa qalx, Ermənistan» vətəndaş hərəkatının keçirmək istədiyi aksiyanın zor gücünə qarşısının alınması, xeyli sayda fəalın həbsi bunun real göstəricisidir. Hakimiyyət fəalların etiraz aksiyasının böyüyəcəyindən ehtiyat edərək tədbirin baş tutmasına imkan verməyib», – qəzet yazır.

Məqalədə daha sonra deyilir ki, Serzh Sarkisian iqtidarının ona qarşı çıxanlara müqaviməti uzun çəkməyəcək. «Çünki hakimiyyətin bütün resursları getdikcə tükənir. Ölkə iqtisadiyyatında miqyası genişlənən problemlər isə iqtidar üçün daha böyük çətinliklərə yol açır.

Xüsusən Rusiyadan gələn sərmayələrin miqdarının azalması Ermənistanı daha sürətlə fəlakətə sürükləyir. Ermənistanda investisiya mühitinin bərbad durumda olması da xarici ölkələrdən sərmayələrin həcmini sürətlə azaldır. Hətta erməni iş adamları belə öz ölkələrinə sərmayə yatırmaqdan boyun qaçırmağa başlayıblar. Aydındır ki, Ermənistan rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə iqtisadiyyatında yaranmış böhranlı vəziyyət, əhalinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması, işsizliyin tüğyan etməsi iş adamlarını bu ölkədən qaçırır».

XS
SM
MD
LG