-
«Əgər müəllimin problemi varsa və bu problem yerli təşkilatlarda həll olunmursa, təbii ki, daha yuxarı təşkilatlara müraciət etmək zərurəti yaranır».
Tovuz rayonu, C.Sadıqov adına Qədirli kənd tam orta məktəbində 14 ildir müəllim çalışan Nüsrət Nəsirli təhsil nazirinin diqqətini sosial problemlərə çəkir.
DƏRS SAATLARI ƏDALƏTSİZ BÖLÜNÜR
«Hər dərs ili başlayanda stressə düşürəm. Çünki bizim məktəbdə dərs saatları ədalətsiz bölünür. Tarix fənnini 6 müəllim tədris edir. Onlardan üçü sırf tarix ixtisaslı, üçü isə qeyri-ixtisas (müəllim deyillər) sahibi olmaqla, yəni sonradan 6 aylıq kurs «keçməklə» «müəllim» olublar. 14 ilin müəllimi olsam da, mənə cəmi 10 dərs saatı verilir, qeyri-ixtisaslılarsa nədənsə daha çox dərs saatı alırlar».
N.Nəsirli dərsləri İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) əsasında kompüter və proyektorla keçən tək müəllim olduğunu deyir:
«Öz zəhmətimlə bir sinif otağını təmir etmişəm və elektrik xətti çəkmişəm. Hətta məktəb direktoru bəzən mənə irad da tutur ki, elektrik enerjisindən çox istifadə etmə, işıqpulunu ödəyə bilmirəm. Anlamıram, yəni məktəblərdə elektrik enerjisinin haqqını Azərbaycan dövləti ödəmir?».
MÜƏLLİMİN DƏRDİNİ ÖYRƏNƏCƏKLƏR
Müəllim şikayətlənir ki, Təhsil Problemləri İnstitutu (TPİ) ona interaktiv lövhə hədiyyə edib. Ancaq məktəb direktoru bu lövhədən istifadəyə icazə vermir. Lövhə bir otağa qoyulub, qapısı da qıfıllandığından istifadəsiz qalıb.
Kənd müəllimi deyir, problemlər bu sadaladıqlarıyla bitmir. Təhsil nazirindən xahiş və tələb edir ki, bu günlərdə ona ünvanlanan məktubunu cavabsız qoymasın.
Tovuz rayon təhsil şöbəsindən bildiriblər ki, müəllimin problemləri ilə maraqlanıb narazılığını araşdıracaqlar.