-
Yazıçı Anarın «Seçilmiş əsərləri» Budapeştin «Harmattan» nəşriyyatında nəfis şəkildə çap olunub.
Azərbaycanın Macarıstandakı səfirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, səfirliyin təşəbbüsü ilə çıxan kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı, müasir Azərbaycan və dünya oxucusunun maraq və diqqətini çəkən əsərləri daxil edilib.
Anarın povest və hekayələrini macar dilinə Marqarita Herinq, Anna Vandor, Laslo Zahemski kimi peşəkar tərcüməçilər çeviriblər.
Kitabın redaktoru tanınmış macar azərbaycanşünası, Budapeştin ELTE universitetinin müəllimi Mariya Keneşidir.
Macarıstan Yazıçılar Birliyinin sədri Yanoş Sentmartin azərbaycanlı həmkarının kitabına ön söz yazıb.
Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin «Otuz il sonra, yaxud «köhnə» Anarla yeni görüş» adlı son sözündə isə ilk əsərləri macar dilinə hələ 30-35 il əvvəl çevrilən yazıçının aradan keçən illər ərzindəki yaradıcılıq yolundan, ictimai fəaliyyətindən, türk xalqlarının mədəniyyətinə verdiyi töhfədən danışılır. Onun əsərlərini macarlar üçün də yaxın, anlaşıqlı edən cəhətlərə toxunulur.
Kitabda gedən «Anarın portret cizgiləri» icmalı macar mətbuatının vaxtilə xalq şairləri Rəsul Rza və Nigar Rəfibəyli, habelə Anar haqqında çap etdiyi materiallar əsasında hazırlanıb və məşhur sənətkar ailəsini müasir macar oxucularına daha yaxşı tanıtmağa xidmət edir.