-
"Bizdə bu artıq həyat tərzinə çevrilib. Atəş açılan vaxtlar qadınlar evdə köhnə vedrədən istifadə edir, kişilər pəncərədən qaçıb tualetə gedir."
Uşaqları kənddən çıxarıblar
"Əlibəyli viran qalıb, Əlibəyli arı pətəyinə dönüb:deşik-deşikdir, Əlibəylidə salamat ev qalmayıb..."
Tovuzun cəbhə xəttinin yaxınlığında yerləşən Əlibəyli kəndinin sakinləri sentyabrın 2-dən bəri davam edən erməni silahlı qüvvələrinin hücumundan sonra kəndi belə təsvir edirlər:
“Pəncərələri yenicə düzəltdirmişdim, hamısı sındı, qapılar, divarlar deşik-deşikdir. Axşam saat 7-dən sonra başlayırlar atmağa - gecə yarısına kimi. İki nəfər yaralanıb. Birinin yanından gəlirəm, vəziyyəti pisdir.
Məcbur olduq uşaqları çıxartdıq kənddən rayon mərkəzinə. Uşaqların hərəsi bir qapıdadır. Biz özümüz kəndimizi, evimizi qoyub getmək istəmirik”, deyə 60 yaşlı Rafiq Cəfərov bildirir.
Atəşkəs razılaşmasından sonra ən qanlı hücum?
Mənim uşaqlığım qorxu içində keçib, indi uşaqlarım da eyni həyatı yaşayırlar.
29 yaşlı Nuranə deyir ki, o, 1994-cü il atəşkəs sazişindən sonra kəndə belə iri miqyaslı hücum görməyib: “Mənim uşaqlığım qorxu içində keçib, indi uşaqlarım da eyni həyatı yaşayırlar”.
Nuranə deyir ki, onların evi qarşı tərəfin postuna yaxındır: “Ermənilərin toyuğu qaqqıldayanda biz eşidirik. Çox qorxuruq, qorxu içində yaşayırıq”.
Qadınlar evə vedrə qoyur, kişilər pəncərədən qaçır
Üç uşaq anası Şəfiqə Cəfərovanın dediklərindən:
- Qorxumuzdan çıxıb həyət-bacanı suvara bilmirik ki, başlayacaqlar atmağa. Atışma başlayan kimi qaçıb gizlənirik evdə qapının arxasında.
- Bəs tualetə necə gedirsiz?
- Bizdə bu artıq həyat tərzinə çevrilib. Atəş açılan vaxtlar qadınlar evdə köhnə vedrədən istifadə edir, kişilər pəncərədən qaçıb tualetə gedirlər.
Hərbi ekspert Üzeyir Cəfərov AzadlıqRadiosuna deyir ki, bütün sərhədboyu kəndlərdə sığınacaq tikilməsinə ehtiyac var.
Kənd sakinləri deyirlər ki, onlar mülki sığınacaq istəyirlər. Rafiq Cəfərov deyir ki, əgər bu yazını prezident bə başqa hökumət üzvləri oxuyacaqlarsa, xahişi budur ki, onların həyatını asanlaşdıracaq sığınacaqların tikilməsini arzu edirlər.
Hərbi ekspert Üzeyir Cəfərov AzadlıqRadiosuna deyir ki, bütün sərhədboyu kəndlərdə sığınacaq tikilməsinə ehtiyac var: “Sığınacaqlar uzunmüddətli yaşayış üçün də nəzərdə tutulmalı, burda ehtiyat qida saxlanılmalıdır”.
1200 ailəyə 700 nəfərlik sığınacaq?
Sentyabrın 4-də Tovuz Rayon İcra Hakimiyyətindən AzadlıqRadiousunun yazılı sorğusuna cavab olaraq bildiriblər ki, kənddə hər biri 300-400 tutumluq iki müdafiə sığınacağı var, yeni sığınacaqların tikilməsi üçün danışıqlar aparılır.
Hərçənd, AzadlıqRadiosu ilə danışan azı dörd kənd sakini sığınacaqların mövcudluğundan xəbərsiz olduqlarını deyiblər.
İcra Hakimiyyəti sığınacaqların yararlılıq vəziyyəti, mülki müdafiə təlimlərinin keçirilməsi intensivliyi və s. ilə bağlı sualları cavabsız buraxıb. Fövqəladə Hallar Nazirliyinin Bakıdakı baş ofisi gün ərzində zənglərimizə cavab verməyib.
P.S. Güllədən qorunan avtobus dayanacağı, orta məktəb
İsrailin Qəzzə zolağına yaxın şəhərlərində isə sakinlər üçün nəinki müdafiə sığınacaqları var, hətta betonla qorunan avtobus dayanacağı, orta məktəb binaları da tikilib. Dayanacağın fotosunu təqdim edirik.