Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:04

Şalvarın heykələ çevrilmək imkanları


Avto Varazi, Sotheby's Qalereyası, 2013
Avto Varazi, Sotheby's Qalereyası, 2013

- Qonşu ölkələrin modern sənət axınları

Tbilisidə modernistlərin bir neçə dalğası olub...

Avto (Avtandil) Varazi (1926-1977) Gürcüstan non-konformizmində böyük rol oynamış bir dissident rəssamdır, o, 1960-70-ci illərdə gənc nəsillər arasında azad cəmiyyət, azad sənət fikirləri yayırdı.

Bir rəssam və fikir adamı kimi onun yetişdirdiyi non-konformistlər nəslinin vahid ideologiyası yox idi. Hərəkatın kökündə spontan meyllər və idealist insanlar dayanırdı.

Hər imkandan istifadə edərək narazı insanları kontrol etməyə çalışan rejim atmosferində yaradıcı isanlar seçim etməli idilər: yaradıcı azadlıq, yoxsa hakim ideologiyaya qulluq etmək.

Belə bir siyasi və ideoloji təzyiq altında Varazi hakimiyyətdən narazı olanları çəkinmədən başına toplayırdı, “Varazinin çevrəsi” adlandırılan bu insanlar sosialist realizmi ideologiyasıyla bağlı olmayan paralel incəsənəti təbliğ edirdilər.

O, təkcə mövzusuna görə azadlıq uğrunda yox, həm də estetik mənada gözlərinin qarşısından sonsuz olaraq keçən rəsmləri ifadə etmək, vizual imkanları genişlətmək uğrunda çalışıb. Avropa modernizmi məktəbinin davamçısı olub.

Bir dəfə dostunun təzə aldığı şalvar Avto (Avtandil) Varazinin diqqətini çəkir.

O, dostuna deyir: “Bu nə yaxşı şalvardır. Ondan yaxşı öküz başı çıxar… İndi bu şalvar sənin əynindədir, sabah mənim olacaq. Ona rəngli əllərimi siləcəm…” Beləliklə, adi təzə şalvar dünyaca məşhur sənət əsərinə - Öküz Başına çevrilir.

Onun iş metodu bir materialı gündəlik işlədildiyi mühitdən çəkib çıxarmaq, onu başqa mühitə salmaq idi.

1976-cı ildə şalvardan hazırladığı Öküz Başı əsəri 70 sm-40 sm ölçüsündə relyefli materialdır. Varazinin məqsədi öküz başına maksimum fiziki bənzətmə yaratmaq deyil.

O, şalvar parçasının heykələ çevrilmək imkanlarından maksimum istifadə edir, məqsədi vizual metafora yaratmaqdır, tamaşaçını semiotik işarəyə, öz interpretasiyasına cəlb edir.

Bu əsər həyatda gördüyümüz öküz başından çox rəssamın psixoloji və emosional vəziyyətini ifadə edir. Çünki Varazı həmişə öküz başına baxaraq, "bu, mənəm, özümü öküz başı kimi hiss edirəm" deyirdi.

Öküz başı mövzusu onun yaradıcılığında başlıca yer tutur. O, bu mövzuya dəfələrlə qayıdıb. Bu mövzu onu son dərəcə həyəcanlandırıb.

Bu gün o Öküz Başı əsəri dünyanın ən nüfuzlu qalereyalarından olan Sotheby's Qalereyasında nümayiş etdirilir. 1963-1977-ci illərdə yaratdığı bir çox öküz başı rəsmləri Nyu York Modern İncəsənət Muzeyində saxlanır. Əksər rəsmləri isə bilinməyən yerlərdədir.

O, öz rəsmlərini imzalamağı mənasız iş hesab edirdi, məbədlərin, freskoların, kətanların imzalanmadığını əsas gətirirdi.

Tbilisidə modernistlərin bir neçə dalğası olub. Birinci dalğa 1910-1920-ci illərdə Parisdə işləmiş David Kakabadze, Lado Gudiashvili, və Elena Akhvlediani kimi rəssamlardır.

Varazi üçüncü dalğa modernistlərdən idi. Modernistlərin ikinci nəslindən olan Niko Pirosmaninin tələbəsi olub.

Qafqazda yeni incəsənət forması yaratmaq ehtiyacından yüksək dərəcədə xəbərdar olan ilk qaranquşlardan olan Avto Varazinin həyat və yaradıcılığı bir-birinə çox bənzəyir. Həyatda da, yaradıcılıqda da azadlıq uğrunda mübarizə aparıb. (Rəsmlər aşağıda)

XS
SM
MD
LG