- "Təsadüfi oxucunun kitaba ödədiyi 5 manatı Aqil Abbasın gənc yazarın bir kitabına şirinlik kimi verdiyi 50-100 manatından daha qiymətlidir."
"Bizdə düşünmək mexanizmini sındırıblar. Bu ən adi məişət səviyyəsində özünü göstərir, məsələn kitabın qiymətinə baxır, sonra soruşur neçəyədir, sən deyirsən 10 manat..."
Günel Mövlud "Qanun" nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu ilə söhbətləşib
- Şahbaz bəy, on, on beş il əvvəlki kitab bazarı ilə bugünki kitab bazarında, oxucuda, kitaba yanaşmasında hansı dəyişikliklər var?
- 2000-ci illərdə demək olar ki, bədii ədəbiyyat nəşr olunmurdu. Biz o zaman da işlək nəşriyyat idik, amma daha çox hüquq sahəsinə üstünlük vermişdik.
Çünki hüquqi bazanı təşkil edən məcəllələr və qanunlar o vaxt qəbul edildi, onları sistemləşdirib satışını təşkil etmək bizim əsas işimizə çevrildi.
Biz bu kitabları qapı-qapı, səyyar, telefon zənglər ilə, eləcə də adi qaydada, kitab dükanları və qəzet köşkləri vasitəsi ilə yayırdıq. Yeni qanunlar qəbul edildikcə hər kəs onları əldə etməyə can atırdı, insanlarımız hüquqi müdafiənin olacağına çox inanırdılar, konstitusion bir dövlətdə özlərini güvəncli hiss edəcəkdilər.
O illər hüquq institutlarının formalaşmasının pik nöqtəsi idi, - sürətlə yeni qanunlar qəbul olunur, vəkillik İnstitutu formalaşır, hakimlərin seçilməsi və təyinatı məsələləri, media haqqında, QHT-lər haqqında qanunlar qəbul olunurdu.
Qanunyaratma prosesində həm dövlət, həm vətəndaş cəmiyyəti, həm də Avropa təşkilatları çalışırdılar, bu da hüquqi yolla özünü müdafiəni aktuallaşdırmışdı.
Nəşriyyat olaraq yaşamağın yeganə yolu məhz bu sahədə fəaliyyəti gücləndirmək idi, hətta dövlət nəşri çıxmamış biz yeni qanunu kitab halında yayırdıq. Bəzən qalın bir kitabı bir günə nəşr edirik.
- Bədii ədəbiyyatla bağlı vəziyyət necə idi?
- Kitab dükanları bədii ədəbiyyatdan tam imtina etmişdi. O dövrün ən populyar yazıçısı Orxan Pamuk idi, Nobel mükafatı alıb, dünyanın hər yerində onun kitabları hadısə kimi qarşılanır, təbii, biz də nəşr etdik, amma kitab dükanları yayıma almadılar, çünki tələb yox idi.
Sovet dövründə satış reytinqləri qırmış “46 Bənovşə”, “Yad qızı” Əlibala Hacızadənin əsərləri belə, satılmadı. O dövrün sabit alıcı çevrəsi rusdillilər idi, onlar əvvəllər necə oxuyurdular, eləcə də davam edirdilər.
İndiyə qədər yaşayıb gələn kitab dükanları məhz rus kitablarına borcludurlar. Bizim dildə satılanlar əsasən, namaz, dualar (dualar bölünürdü iki hissəyə- “bəd dualar”, bir də “xeyir- bərəkət” duaları), yuxuyozmalar, cadu kitabları, falabaxma, mərsiyələr, yasin, möcüzələr və sair bunlara bənzər kitablardı.
Belə bir vəziyyətdə biz bədii ədəbiyyatın nəşrinə başladıq. Tərcümələr, gənclərin kitabları, təqdimatlar, özü də bu təqdimatları akademik salonda mürgüləyən çevrə də deyil, kitab dükanları, kitab dükanlarının önünə şux bir əhvalla gətirdik.
Kitaba pul verib almağı təbliğ etdik. Kim öz hesabına kitab nəşr edirdi aparıb dostlarına hədiyyə edir, dostları arasında olan imkanlılar da 100-200 manat verir və bununla da məsələ həll olurdu.
- Bəs o kitabların taleyi necə olurdu?
- Pul vermədiyin meyvə evində çürüyər, üzünə də baxmazsan, kitab da elədi, oxucu ona pul verib almasa heç zaman oxumayacaq. Hələ də bizim yazarlara elə gəlir ki, bir gün, yaxud bir həftə özü kitabının arxasında durub alıcılara satmaq, həm də kitabı haqqında danışmaq ayıbdır.
Mənə görə təsadüfi oxucunun kitaba ödədiyi 5 manatı Aqil Abbasın gənc yazarın bir kitabına şirinlik kimi verdiyi 50-100 manatından daha qiymətlidir.
Bir məsələnin xüsusilə altından xətt çəkirəm, dünyanın heç yerində oxucu müzakirə mövzusu deyil, oxucu tənqid olunmur, oxucu söyülmür, təriflənmir, oxucu yoxdur deyə bir anlayış da yoxdur.
Söhbət kitabdan getməlidir, heç yazıçıdan da getmir. Ya kitab var, müzakirələr edilir, yazılar yazılır. Ya da yoxdur. Heç gördünüzmü tələbə yaxşı mühazirəni tərk etsin, yaxşı səs dinləndiyi kimi yaxşı söz mütləq oxunur.
Yazara oxucu lazımdır, oxucuya yazar yox. Yazar öz oxucusunu qapı-qapı axtarmalıdır. Mənə naşir kimi həm yazar həm də oxucu lazımdır.
Bütün bacarığım bu iki qütbü bir-birinə yaxınlaşdırmaqdır. 2000-lərdən sonra yeni hüquqi baza cəmiyyətə tətbiq oluna bilmədi, arzular uğurzusluğa düçar oldu, məmurlar qanunları bir tərəfə atıb istədikləri kimi rəftar etməyə başladılar.
İnsanlarımız təəssüflə dərk etdilər ki, güvənə bildikləri qanunlar onların əleyhinə işləyir. Bunu həm qanunla işləyənlər həm də ümid kimi qanuna üz tutanlar tərk edirdi. Bu hüquqi nihilizmim tam oturuşmasıdır.
Umid, təsəlli, arzular yaradan bir istiqamət var, o da kitabdır. İlk günlər küçələrdə yarmarka edəndə yolladan keçənləri saxlayıb kitab təklif edir, kitab haqqında danışırdıq.
İndi artıq bəziləri bütün kitablarımızı oxuyub, onlar özləri yarmarkalara gəlib yeni oxuculara məlumatlar verirlər. Kitab artıq gənclərin özünü göstərmə və özünü müdafiə formasıdır.
Bu olduqca önəmli məsələdir. Diplomlu avara toplumundan xilas olmaq istəyən gənc mütləq kitaba üz tutmalıdır. Uğur kitabdan güc almaq və aldığın gücü bilgini, insanlarla paylaşmaqdadır.
Kitab oxumayan qalan su kimidir, bir müddətdən içini, düşüncəsini zir-zibil basar, qohumu, dədəsi hara düzəltsə, orda işləyəcək və çürüyəcək, kobud bənzətməyə görə üzr istəyirəm, amma kitab oxuyan daim axtarışlarda olacaq, o, minlərlə insanın içində parlamağı bacaracaq.
Məncə, indi kitabın əhəmiyyətini bilənlər, ona dəyər verənlər daha çoxdur, kitabın rolunu öz həyatlarında sınaqdan keçirənlər daha çoxdur nəinki əvvəllər.
- Son bir neçə ildə kitab tanıtma, sevdirmə, oxutma cəhdləriniz xüsusilə gücləndi. Bu illərin nəticələr barədə bir az danışa bilərsinizmi?
- Əvvəllər daha çox işləyirdim. Özümə çox sərt qrafik müəyyən etmişdim. Yayım işlərinə başqaları baxırdı.
Sonra başa düşdüm ki, əsas gücümü yayıma verməliyəm, oxucularla üz-üzə dayanmalıyam, nə istədiyim, nə etdiyimi səmimi olaraq onlara göstərməyə çalışdım.
Günlərlə səhərdən axşamadək kitablar haqqında danışmışam. Oxuduqlarım, bildiklərim, kitabın əhəmiyyəti haqqında.
Tövsiyəmə əsasən kitab alanlar bir müddət sonra bizə yarmarkalarda kömək edən dostlara çevrildilər.
Gördüyün işə ürəyini qoymasan, bacarığını tam səfərbər etməsən, heç zaman uğurlu nəticə olmayacaq.
Bir də əsas məsələ açıq olmaq, söhbətə, təkliflərə, iradlara, tənqidlərə- bu bir işin uğurlu alınması üçün çox vacib məsələdir.
Kitab alan bir oxucunun əlini sıxmaq mənə görə ən şərəfli andır. Sən "Facebook"-da çağırış edirsən, o uzun yolu qət edib gəlir, sonra sənə inanıb tövsiyənə əsasən kitab alır.
Oxucunun inamı sınsa kitabın qəddar düşməni olacaq. Bunu bilirəm, ona görə kitaba müraciət edən insanları ilk olaraq dinləməyə üstünlük verirəm.
Onlar oxuduqları, yaxud heç oxumadıqları sadəcə oxumaq istədikləri haqqında danışırlar. Sonra onun istəyinə uyğun kitab deyirəm.
Mən sadəcə yarmarkaya gələnlərə öz istəklərinlə tez çatmağa yardım edirəm. İşin digər bir tərəfi isə kitab satmağı məqsəd kimi qarşıya qoymamaqdır, öz qarşına gələn alıcını kitablar haqqında danışmaqla heyrətləndirməkdir.
Kitab əgər bir cümləsi ilə kimsənin yaddaşında qalırsa demək o artıq böyük müəlliflərlə yarışa hazırdır.
Kitab oxuyanlar arasında 10-13 yaşında olan dostlarım var, onlardan sistemli məktublar alıram, oxuduqları kitablar haqqında fikirlərini paylaşırlar.
Belə məktublar mənə inanılmaz güc verir. Yəni, kitab oxuyanlarla birbaşa ünsiyyət əsas şərtdir. Bu hər vasitə ilə bu mümkündür, yarmarkalar, sosial şəbəkələr, məktublaşma və sair.
- Oxunan kitabların mahiyyətində dəyişikliklər varmı? Məsələn illər əvvəl səhv etmirəmsə, “Oğru dünyası” adlı bir kitab seriyası buraxdınız və o seriyadan olan kitabların yaxşı satıldığını deyirdiniz.
İlkin baza, intellekt tələb etməyən ədəbiyyata maraq hələ də müqayisəyəgəlməz dərəcədə çoxdur, yoxsa müəyyən bir irəliləyiş var tələb olunan kitabların məzmununda?
- Mən “Zerkalo Klara”nın həyatını dinləyəndə başa düşdüm ki, elə heyrətamiz həqiqətlər var, ədəbiyyat onlara məğlub olur.
Cümhuriyyəti quran insanların övladlarının həyatı, onların sonrakı dəhşətli yaşantılarını hələ bizim ədəbiyyat yaza bilməyib.
Gerçəklik ədəbiyyatdan güclü, təsirli və gözlənilməz olanda kitab öz marağını itirir. Elə indiki dövrümüz o qədər sürətlə dəyişir, hadisələr oz qədər çevik dövr edir ki, ədəbiyyat onları yazmağı çatdırmır.
Mən oğru dünyasının kitablarını onları təbliğ etmək üçün nəşr etmədim, sadəcə divarların o üzündə çürüyən insan həyatına diqqət çəkmək istədim.
Oradakı amansızlıq azadlıqda rəhmi artıra bilərdi. Biz öz oxucularımızı, danışıq tərzi, rəftarı, geyimi, əllərindəki kitabı ilə lap uzaqdan tanıyırıq.
Detektiv oxuyan üçün bütün variantları təklif edirik, Agata Kristidən, Konan Doyldan Den Brauna və Yo Nesboya qədər. Hər bir yeni nobelçini dərhal tərcümə edirik.
Partik Modianonon 3 kitabını nəşr etdik. Sovet dövründə üstündən keçilən böyük bir ədəbiyyat xəzinəsi var, onları tədricən nəşr edirik, hətta Dostoyevski (bəlli əsərlərini çıxmaq şərti ilə), Platonov, Soljenitsin, Dovlatov yeni nəşr olunur. Ceyn Osten, Şarlotto Bronte, Floberin əsərləri yeni tərcümələrdir.
Paulo Koelhodan, Begbederdən yaxud Mark Levidən başlayan bu gün Buzottini, Antonio Tabukini, Haruki Murakami, Milan Kunderanı, Xalid Huseynini oxuyan üçün Pəriniş Sənin, Varis Dirie, Amin Maalof, İsgəndər Pala və sair yazarları təqdim etmişik.
Sevgi romanları, tarixi mövzular, düşüncə ədəbiyyatı, fərdi inkişaf kitabları, bunlar hamısı sistemli şəkildə seçilərək nəşr olunur.
Burada bir meyar var; oxucuya ən yaxşını təqdim etmək, doğru bir istiqamət vermək, qalanın o özü gedəcək. Nəinki özü gedəcək, hətta sənə - nəşriyyata da yardım edəcək.
Dünyada mövcud olan ədəbiyyatı mümkün qədər yaxşı izləməyə çalışırıq. Oxucu kitab bolluğunda özünü hiss etməlidir. Yoxdur kəlməsi çox az istifadə olmalıdır.
- Nəşriyyatın fəaliyyətininin yoxlanması, cərimələr və bu kimi işinizi çətinləşdirən halları nə ilə izah edirsiniz? Bu, Sizə, müstəqil biznesə, yoxsa konkret olaraq kitaba təzyiq, yoxsa normal prosedurlardı?
- Neçə illərdi kitab nəşr etdiyimə görə izahatlar verirəm, məhkəmə, vergi, prokurorluq, gömrük, polis qarşısında.
Əgər kitab nəşr etməsəydim bu qədər sorğu-sual olardımı, əlbəttə olmazdı.
Müstəqil biznes, müstəqil fəaliyyət, müstəqil adam - bu kimi kəlmələr gərək dövlət qurumlarında qıçıq yaratmasın. Dövlətin gücü vətəndaşlarının müstəqilliyi ilə ölçülür.
Yalnız müstəqilliyi olan dövlətlərdə müstəqil insanlar yaşayır və yaradır. Qapalı, avtoritar rejimlərin düşünən adamları yalnız xaricə, Avropaya köçür.
Tarixi araşdıranda görürsən insanlığın ən humanizm dövründəyik. Bu mədəniyyətin, kitabın xidmətidir.
Kitab öz imkanlarını, qabiliyyətini, hətta öz dəyərini kəşf etmək imkanıdır. Kitab araşdırıldıqca, oxunduqca insanlıq imkanlarının tükənməz olduğunun şahidi olursan.
Mən elə düşünmürəm kitaba düşmən münasibəti məqsədlidir, sadəcə cəmiyyətdə düşüncə krizi var. İnsanlarımız düşünmək istəmir. Piyadalardan tutmuş böyük vəzifəlilərə qədər, əksəriyyət eyni gündədir.
Məsələn, sən bir vergi müfəttişinə hansısa dəyərdən danışırsan, o səni dinləyir, sonra birdən dərk edir ki, o dinlədikcə dəyişir və dərhal söhbətə son qoyur, yox, müəllim, bizilik deyil, bizə deyiblər biz də edirik.
Yəni bu adam hətta həqiqəti dərk etməkdən belə qorxur. İnsan düşünəndə onun mərhəmət hissi inkişaf edir. Bizdə düşünmək mexanizmini sındırıblar.
Bu ən adi məişət səviyyəsində özünü göstərir, məsələn kitabın qiymətinə baxır, sonra soruşur neçəyədir, sən deyirsən 10 manat, 20% endirim et, təkrar soruşur onda neçə edəcək.
Maksimum dərəcədə az düşünməyə üstünlük verir. Bunlar hamısı kulturoloji problemlərdir. Dinləmək, düşünmək, qərar qəbul etmək bu kimi hərəkətlər bizi tərk edib.
Hər kəs instinktlə hərəkət etməyə üstünlük verir. Amma instinkti hərəkətə gətirən mexanizm çox ibtidaidir. O yalnız dağıtmağa, məhv etməyə meyillidir.
Teatra, kinoya, mədəniyyətin digər sahələrə nisbətdə kitab daha uğurlu mövqedədir.
Bəzi dövlət təşkilatlarını çıxmaq şərti ilə dövlətin kitaba münasibəti pis deyil, dövlət xətti ilə xeyli sayda kitablar nəşr olunub, kitabxanalara paylanıb.
Amma təhsil müəssisələrinin kitaba münasibəti tam dəyişməlidir. Ali təhsil ocaqları demək olar ki, kitabxanasız fəaliyyət göstərirlər.
Elə universitetlər var ki, bir neçə korpusu, böyük binaları, xeyli sayda tələbələri olduğu halda kitabxanaları yoxdur. Bakıda fəaliyyət göstərən türk və ingilis məktəblərinin kitabxanaları bizim universitetlərin kitabxanalarından xeyli zəngindir.
- Vergi və cərimələmələrdən başqa, nəşriyyat adətən hansı problemlərlə üz-üzə qalır?
- Əgər yoxlamaq səlahiyyəti olan təşkilatları obrazlı təhlil etsək, ilk hücumu vergi edir, o dərhal boğazdan tutur, hesabları bağlayır. Hesabı bağlanan təşkilat ölümə bərabər vəziyyətdədir.
Belə bir vəziyyətdə olan heyvanı sizcə ona hücüm edənlərin mənsubiyyəti maraqlandırırmı, sizcə onun üçün əhəmiyyəti varmı, pələngdən sonra çaqqallar, tülkülərin sonra yırtıcı quşların növbəsidir, o hətta onu da düşünmür ki, öncə hansı hissəsini şakkayacaqlar. O həmin məqamda hətta bütün digər orqanlarını verməyə hazırdır təki nəfəsi qayıtsın.
- Son günlərdə bağlamağa məcbur olduğunuz filialla bağlı paylaşım etmiş və bir növ maliyyə hesabatı vermişdiniz. İşlər pis olanda bu işi bitirib, başqa fəaliyyət növünə keçmək fikrinə düşürsünüzmü?
- Kosmik kəmilərin bir qaydası var, bir peykdən qopmadan digərinə birləşə bilməz. Bir işi tamamlanmadan digər işə başlamaq olmur. Məncə görəcəyim iş hələ tamamlanmayıb.
Sədərək bir variant idi, orda uğur qazanmaq etimalı belə yox idi. Biz bir toplum olaraq çox ağır dövrləri addamaqda davam edirik.
Məsələn, çox zaman sovet dövrünü onun verdiyi təhsilə görə tərifləyirik, amma o dövrdə buraxılan, əksər tərcümə olan kitabların mövzusu düşünmək üçün deyil, sadəcə düşüncəni kütləşdirmək üçündür. İnsanı mexaniki bir varlığa çevirmək baxımdan mükəmməl idi.
Düşüncə nə qədər iti olsa belə, davamlı dəmirə dəyən balta kimidir, o hər gün eyni şeyi görəndə kütləşir. Sizə əminliklə deyirəm, Avropanın inkişafının, indiki səviyyəsinin təməlində kitab və çox mütaliə durur.
Məhz buna görədir ki, 100 illərdir dünya üzərində intellektual “müstəmləkəçiliyini” davam etdirir.
Bir tərəfdən çox tez-tez əlifbaların dəyişməsi, deyək, gürcülərin əlifbasının 5 min ildən çox tarixi var, ermənilərin də elə, indi aramızdan 100 il əvvəlin kitablarını oxuyan birini güclə tapırıq, digər tərəfdən dünyəvi dəyərlərdən uzaq düşməmiz kitaba münasibəti formalaşdırır.
Əgər bir yapon ilə ortalama 3 kitab, bir ingilis 4 kitab oxuyursa daha 3 min azərbaycanlıya bir kitab düşməsi faktı əlbəttə faciədir. Gürcülərdə 20 %, bizdə 0.3 oxuma faizidir.
Kitab hər yerdə olmalıdır, bazarlarda, parklarda, duracaqlarda, vağzallarda.
Əgər dünya insanları ilə eyni düşüncəni paylaşmaq istəyiriksə, ilk növbədə onlara eyni kitabları oxumalıyıq. Əks halda anlamaq və anlatmaq çətin məsələdir.
Mən sizə əminliklə deyirəm, bizim toplumu çox qısa bir dövrdə dünyanın ən çox kitab oxuyan toplumu etmək mümkündür.
Bunu öz təcrübəmdə görmüşəm. Bəzən kitabdan danışdığımız bir auditoriya söhbətin sonunda hamı kitab dükanına gedib.
Buna görə sadəcə çox işləmək lazımdır. Danışıq tərzimiz mütləq dəyişməlidir. Artıq şikayət etmək effektli yol deyil. Daim gərək anladasan. Danışasan, izah edəsən.
Əgər bir dövlət qurumunu inandıra bilsək, ona kitabxana mütləq lazımdır, orda işləyənlər həftə sonuna kitab götürüb oxusunlar, bu artıq böyük uğurdur.
Biz keçən il məktəbliləri nəşriyyata ekskursiyaya dəvət etdik. Kitabın nəşriyyatda hazırlanması, sonra mətbəədə başa gəlmə yollarını göstərirdik.
Sonradan ən yadda qalan səyahət hansı olub sualına cavab nəşriyyat olub. Nə qədər kiçik olsaq belə, demək, onlarda maraq yarada bilmişdik.