-
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu münaqişənin həlli prosesində başlıca maneədir.
Bunu sentyabrın 15-də xarici işlər naziri Elmar Məmmədyarov AŞPA Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Walter-lə görüşündə deyib.
Xəbəri XİN-nin mətbuat xidməti yayıb.
Elmar Məmmədyarov bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması qaçqın və məcburi köçkünlərin geri qayıtmasına, kommunikasiyaların bərpasına, etimadın yaranmasına və regionda sülh və təhlükəsizliyin bərqərarına xidmət edəcək. Buna qarşı isə yalnız Ermənistanın çıxış edir. Yenilənmiş Madrid prinsiplərində bu məqamların əks olunduğunu deyən nazir münaqişənin mərhələli həllinin beynəlxalq ictimaiyyət tərəfindən mümkün həll yolu kimi qəbul edildiyini vurğulayıb.
Nazir deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik tərkibi dəyişdirilir. Suriyadan olan erməni əsilli qaçqınların bir qisminin bu ərazilərdə yerləşdirilməsi Ermənistanın Cenevrə Konvensiyaları və əlavə protokollar əsasında üzərinə götürdüyü öhdəliklərinin kobud şəkildə pozulmasıdır.