-
«Yeni Müsavat» qəzeti yazır ki, Azərbaycan məmurlarının, deputatlarının açıqlamalarından onların Avropa Parlamentində səslənən sanksiyalardan çəkinmədikləri müşahidə edilir.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu «Yeni Müsavat»a açıqlamasında Avropa Birliyi tərəfindən sanksiyalara məruz qalan məmurlar üçün həmin sanksiyaların ciddi problemlər ortaya çıxardığını bildirdi: «Hər hansı nazirə, məmura sanksiya tətbiq olunanda həminşəxs Avropa Birliyinə daxil olan ölkələrə gedə bilmir. Həmin şəxslərin bank hesabları dondurulur. Nəzərə alsaq ki, bizim bir çox nazirlər, məmurlar dincəlməyə, müalicəyə də həmin Avropa ölkələrinə getməyə üstünlük verirlər, sanksiyalar onlar üçün ciddi problemlər yarada bilər. Rusiya Krımı işğal edəndən sonra tətbiq edilən sanksiyalar məmurlara ciddi təsir etdi. Məsələn, Rusiyanın məşhur müğənnisi Iosif Kobzon tez-tez Donbasa gedirdi, onun da adını Avropa Birliyi qara siyahıya salmışdı. İlk vaxtlar deyirdi ki, bu sanksiya ona təsir etmir. Amma həmin İosif Kobzon xərçəng xəstəliyindən əziyyət çəkirdi və hər il Almaniyada müalicəyə gedirdi. Sanksiyadan sonra gedə bilmədi, vəziyyəti ağırlaşdı və məsələyə hətta Rusiya prezidenti Vladimir Putin qarışmaq məcburiyyətində qaldı».
ƏLİYEVİN AVROPADAN ÜZ DÖNDƏRMƏSİNİN SİRRİ
«Azadlıq» qəzeti eyniadlı məqalədə yazır ki, Azərbaycan hökumətinin antiqərb siyasəti sırf demokratiya məsələləri ilə bağlıdır: «İlham Əliyevin xarici səfərləri, yaxud Avropa nümayəndələrinin Azərbaycan səfərləri zamanı müşahidə olunub ki, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, iqtisadi əməkdaşlıq yüksək səviyyədədir və yalnız demokratiya məsələsində ziddiyyətlər var. Yəni Azərbaycan hökuməti sırf şəxsi maraqlara görə dövlətin maraqlarını qurban verir. Və bütün bu antimilli siyasəti Avropanın qərəzi, ikili standartları, islamofobiyası, ksenofobiyası kimi təqdim etməyə çalışıblar».
Qəzet prezidentin səfərləri zamanı səsləndirdiyi fikirləri, bəyanatları təhlil edib və bu qənaətə gəlib ki, Avropa ilə münasibətlərin korlanması sırf demokratiya və insan haqlarına görədir: «Azərbaycan hökuməti öz avtoritar idarəetməsini möhkəmləndirmək üçün həm Qarabağ məsələsini, həm ölkə iqtisadiyyatını, həm də dövlətin imicini qurban verib. Bütün faktlar onu göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycan hökumətindən demokratik islahatlar tələb edir. Milli Məclisdəki həngamənin, telekanallardakı antiqərb havasının, mətbuatda Avropanın söyülməsinin yeganə səbəbi budur».
DAHA BİR NEÇƏ BANK BAĞLANA BİLƏR
«Bizim yol» yazır ki, bu ilin sonuna kimi bağlanan bankların sırasına daha bir neçəsi qoşula bilər.
İlin əvvəlindən indiyədək iki bankın lisenziyasının ləğv olunduğunu xatırladan qəzet hesab edir ki, növbəti qara buludlar «Bank Technique», «Yunayted Kredit Bank» və «Bank of Azerbaijan»ın başı üzərində dolaşır.
«İqtisadi Təşəbbüslər Yardım» İctimai Birliyinin eksperti Samir Əliyev «Bizim Yol»a şərhində bildirib ki, bankların bağlanmasının başlıca səbəbi devalvasiya və getdikcə böyüyən iqtisadi böhrandır: «Manatın ucuzlaşmasından sonra bankların vəziyyəti daha da pisləşib. Devalvasiyadan sonra bütün banklar zərərə düşdü. Onların bəziləri zərəri müəyyən qədər qaldıra bildi, bəziləri ziyanı geridə qoymaq ərəfəsindədir, bir qismi isə çox böyük bir zərərlə üzləşiblər. İlin əvvəlindən indiyədək iki bank bağlanıb. Amma 2-3 bankda da vəziyyət olduqca kritikdir. Azərbaycan Mərkəzi Bankı vəziyyətdən istifadə edərək, bankların birləşdirilməsinə çalışır. Lakin onlar birləşməyə getmədiklərinə görə qurum bankların lisenziyasını geri alır. Bu ilin sonuna kimi 2-3 bankın və bir o qədər də bank olmayan kredit təşkilatının lisenziyasının ləğvini gözləyirəm».
ADLAR VƏ SOYADLAR HAQDA AYRICA QANUN QƏBUL EDİLƏ BİLƏR
«Azərbaycanda uşaqlara adların verilməsi ilə əlaqədar tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyələr müzakirə olunur». «Yeni Azərbaycan» qəzeti yazır ki, bu fikri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki,tövsiyələrdə uşaqlara iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət görülmür. Onun fikrincə, adların milli mənsubiyyəti olmalıdır.
«Eyni zamanda, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyə olunmur. Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub. Həmişə çalışılıb ki, yeni nəsilə milli və mürəkkəb olmayan adlar qoyulsun. Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq. Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə dair müzakirələr aparılır. Biz Milli Məclisin Mədəniyyət komitəsi olaraq bu fikirdəyik ki, hətta Nazirlər Kabinetinin qərarından sonra da «Adlar və soyadlar» haqqında ayrıca bir qanun qəbul edilsin. Yəni, bəzən qərar gələcək nəsillərə çatmır, amma qanunun əsasında sonrakı dövrdə də çoxlu qərarlar qəbul oluna bilər»- deyə, komitə sədri vurğulayıb.