- "Bu gün xəbər tutdum ki, bir general oğlu ofisiant bıçaqlayıb. Nədənsə heç təəccüblənmədim. Amma mənə elə gəldi ki, o ofisinatı təkcə o general oğlu deyil, az qala bütün xalq bıçaqlayıb."
"Ofisiantın üstünə qışqıran, onu acılayan, olan, ya olmayan gücünü ofisianta nümayiş edən adamlar əksər halda şəxsiyyət kimi natamam, özündən güclülər tərəfindən əzilmiş, əzildiyini həzm edə bilməyən, amma nə cavab verə, nə də qisasını ala bilən, bunu da özünə bərk dərd etmiş, nəticədə də qisası rastlaşdığı ilk zəif adamdan çıxan kəslər olur."
Günel Mövlud
Ofisiant olmağın dözülməz ağırlığı
Qadın kimi ağlım kəsəndən kişiləri iki yerə bölürəm – ofisiantın üstünə qışqıranlar və ofisiantla mədəni rəftar edənlər.
Seksizm ehtimalını yoxa endirmək üçün deyim ki, əlbəttə qadınların da servis sektorunda çalışanlara münasibəti mənim üçün çox vacibdir.
Amma həyat belə gətirib ki, son 10-13 il boyu ancaq kişilərlərlə dostluq etmişəm və onların hərəkətlərini müşahidə etmək imkanım dəfələrlə çox olub, nəinki qadınların restoranda davranışlarına fikir vermək imkanım.
Ünsiyyətdə olduğum insanın xidmət sektorunda çalışanlara qarşı münasibəti o adamı bir şəxsiyyət, bir xarakter kimi qiymətləndirmək üçün gözəl indikatordur.
Ümumiyyətlə, qadın, ya kişi, istər həmcinsini, istər əks cinsin nümayəndəsini tanıya bilmək, onun dəyərlərindən, xasiyyətindən, komplekslərindən xəbərdar olmaq üçün özünü çox əziyyətə salmaya bilər.
İki dəfə ictimai iaşə obyektlərinə gedib, davranışlarına fikir versə, bəsdir. Bunu ona görə əminliklə deyirəm ki, yüzlərlə insan bu sınaqdan eyni nəticə ilə çıxıblar.
Ofisiantın üstünə qışqıran, onu acılayan, olan, ya olmayan gücünü ofisianta nümayiş edən adamlar əksər halda şəxsiyyət kimi natamam, özündən güclülər tərəfindən əzilmiş, əzildiyini həzm edə bilməyən, amma nə cavab verə, nə də qisasını ala bilən, bunu da özünə bərk dərd etmiş, nəticədə də qisası rastlaşdığı ilk zəif adamdan çıxan kəslər olur.
Onlar özlərini həm özlərinə, həm də yanlarında olan dostlarına, sevgililərinə, tanışlarına isbat etmək, güc nümayiş etdirmək, yaxşı oğlan, ciddi kişi, sərt adam, fikirli və kədərli dahi kimi göstərməyin yolunu ancaq masalarına xidmət edən ofisantın üstünə qışqırmaqda görürlər.
Belə adamlar ofisiantın üstünə qışqırır, onu təhqir edir, mənasız və absurd sifarişlər verir, masaya gətirilənləri guya heç bəyənmir, gic-gic suallar verərərk, ofisiantın zəhləsini tökürlər.
Belə adamar yaxşı bilirlər ki, nə desə də, hansı təhqiri eləsə də, ofisiant ona cavab verməyəcək. Restoran müdirinin qorxusundan, işini itirmək qorxusundan, maaşsız qalmağın qorxusundan.
Bir çox səbəbə və qorxulardan ofisiant bu danlaqlara, təhqirlərə, ələ salmalara dözəcək, cavab qaytarmayacaq.
Ofisiant təhqir edən adamlar yaxşı blirlər ki, heç kim ağ gündən, kefdən, bekarçılıqdan gəlib ofisiant işləmir bizim ölkədə.
“Kişi stola qulluq eləməz”, “kişi buyruq yerinə yetirməz” kimi seksist, kişimərkəzçi, patriarxal təfəkkürün hökm sürdüyü ölkədə kişi xeylağı ofisiant işləməyə razı olursa, onu buna vadar edən səbəblər var. Bəlkə xəstə bir ana, bəlkə ac uşaq, bəlkə əynini təmin edə bilmədiyi tələbə bacı-qardaş.
Ofisiant üstünə qışqıranlar bunları çox gözəl başa düşürlər. Və o xəstə anadan, ac uşaqdan, tələbə bacı-qardaşdan, ofisiantın boynunun arxasında dayanmış restoran sahibindən, fağırın işini itirmək qorxusundan istifadə edib, özünü hakimi-mütləq hesab edirlər. Başlayır lağa, təhqirə, alçaltmağa.
Maraqlıdır ki, onlar hətta birlikdə gəldiyi xanımlardan utanmır, onların yanında ofisantı alçaltmaqdan çəkinmirlər.
Ən dəhşətlisi isə budur: o qadınlar da bu təhqiri, lağı normal qəbul edir, hətta yanlarındakı kişinin güc nümayiş etdirməyindən qürrələnirlər.
Nə mərhəmətli qadın ürəyi, nə analıq hissləri? Çox fəxrlə bu mənzərəyə tamaşa edir, hətta bəzən təhqirlərə dəstək olurlar.
Bu gün xəbər tutdum ki, bir general oğlu ofisiant bıçaqlayıb. Nədənsə heç təəccüblənmədim. Amma mənə elə gəldi ki, o ofisinatı təkcə o general oğlu deyil, az qala bütün xalq bıçaqlayıb.
Əgər çoxluq ofisiantı təhqir etməyi, danlamağı, döyməyi qınamır, bunu əskiklik saymır, hətta bəzən bunu edənləri alqışlayırsa, bu, bir nəfərin törətdiyi qətl deyil, bütün bir toplumun, mədəniyyətin, davranış kodeksinin səbəb olduğu cinayətdir.
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)