- Küçə rəssamı, əsərlərini anonim çəkib tərk etməsilə tanınan Banksy'nin Britaniyada yaratdığı "Dismaland" adlı müvəqqəti attraksionlar parkının inşası zamanı istifadə olunan tikinti materialları Fransaya göndəriləcək.
"Dismaland"in tikintisində istifadə olunmuş bütün materiallar sığınacaqların tikintisi üçün Kaledəki qaçqın düşərgəsinə göndəriləcək", - parkın səhifəsində bildirilir.
Banksy "Dismanland"in tikintisinə çoxlu rəssamlar cəlb etmişdi. İndi onların əl işləri olan materiallarla Kale şəhərində 1500 qaçqın üçün nəzərdə tutulan düşərgə salınacaq.
Kompleksin tikintisi 2016-cı ildə başlanacaq. Yeni düşərgədə hər biri 12 insanı qəbul edə bilən 120 çadır olacaq.
Dismaland "Disneyland" əyləncə parkına parodiya olaraq yaradılmışdı. Banksy demişdi ki, o, hipster deyil və sırf populyar olduğuna görə "Disneyland" kimi hadisələrə nifrət etmir.
Bu əyləncə parkı 28 sentyabrda bağlandı. Parkda 18 böyük attraksion, Banksy ilə yanaşı, onlarca tanınmış rəssamın əsərləri vardı. Banksy onları email yazaraq, layihəyə bir-bir cəlb etdiyini demişdi.
Dünən həm də Banksy'ninn ABŞ-ın Detroit şəhərində bir divarda çəkib getdiyi rəsm əsəri Kaliforniyada auksionda 137 min 500 dollara satılıb.
Əsərdə bir uşaq taxta kəsiklərinin fonunda əlində qırmızı boya dolu vedrə və fırça tutub, uşağın yanında yazılıb: "Mən bunların ağac olduğu zamanları xatırlayıram."