►Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin işi üzrə təkrar ekspertiza təyin olunub.
Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə sentyabrın 28-də keçirilən məhkəmə iclasında bu barədə qərar qəbul olunub.
Qərar Günel Həsənlinin vəkili Adil İsmayılovun vəsatəti əsasında verilib.
Rəylər arasında ziddiyyət var
Adil İsmayılov təkrar ekspertiza keçirilməsi barədə vəsatətində göstərib ki, ibtidai istintaq zamanı əldə olunmuş ekspert rəyinin məzmunu natamam, ziddiyyətli və şübhəlidir.
Vəkilin sözlərinə görə, qanunvericiliyin tələblərinin pozulması ilə əldə olunub, bu səbəbdən də mötəbər sübut kimi qəbul oluna bilməz:
Hematoma və hemartroz tamamilə fərqli şeylərdir.
"Bu iş üzrə hökmdə, Günel Həsənlinin təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərarda, ittiham aktında göstərilib ki, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ədilə Səlimovada sol diz oynağının, sol baldırın hematoması aşkarlanıb. Ekspertizanın rəyində isə Səlimovada hemartroz müəyyən edildiyi göstərilib. Hematoma və hemartroz tamamilə fərqli şeylərdir. Bundan başqa, eyni şəxs tərəfindən iki ayrı-ayrı rəy verilib. Bu rəylər arasında da ziddiyyətlər var. Ədilə Səlimovanın ekspertizadan könüllü, yoxsa məcburi keçirildiyi də aydın deyil. Rəydən görünür ki, ekspertə istintaq tərəfindən heç bir sənəd təqdim olunmayıb. Deməli, ekspertin öz rəyində istinad elədiyi sənədlər qanunsuz əldə olunub. Qanun ekspertə müstəqil şəkildə material toplamağa icazə vermir. Belə bir zərurət varsa, ekspert bununla bağlı vəsatət qaldırmalıdır. Vəsatət də olmayıb. Ekspertin rəyi kifayət qədər əsaslandırılmayıb, məzmunu şübhə doğurur. Ona görə də xahiş edirik, təkrar məhkəmə-tibb ekspertizası təyin olunsun".
Buna da bax: “Bu sexləri bağlasalar, acından öləcəyik”
Proses qeyri-müəyyən vaxta təxirə salınıb
Prokuror vəsatətin əleyhinə çıxıb.
Məhkəmə təxminən on dəqiqəlik müşavirədən sonra vəsatətin qismən təmin olunduğunu və əlavə tibbi ekspertizanın təyin edildiyini açıqlayıb.
Bu səbəbdən də Günel Həsənlinin işi üzrə məhkəmə prosesi ekspertizanın rəyi məlum olunana qədər təxirə salınıb.
Yasamal rayon Məhkəməsi fevralın 22-də avtomobil qəzası ittihamı ilə Günel Həsənlini 1 il 6 ay müddətinə məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edib.
Buna da bax: Sabunçu polisinə çağrılan şəxs ölüb
Cəmil Həsənli özünün siyasi fəaliyyətinə görə qızının cəzalandırıldığını bildirib.
Zərərçəkən 87 yaşlı Ədilə Səlimova isə mətbuata deyib ki, özünü yaxşı hiss etmədiyi üçün müvazinətini itirərək yıxılıb və bu zaman Günel Həsənli avtomobili ilə ona yüngülcə toxunub. Sürücü daha sonra onu həkimə aparıb və rentgen müayinəsi zamanı hər hansı çıxıq, sınıq, əzik qeydə alınmayıb.