►İstintaqın qənaətinə görə, Ravil İbayev tanışını tamah məqsədilə öldürüb.
Hadisə Xətai rayonu ərazisində baş versə də, meyit Xəzər rayonu ərazisinə gətirilərək yandırılıb
“Meyiti sandığa qoyub qıfılladım. Sonra dostum Elgünə zəng vurdum. Tapşırdım ki, yük maşınını gətirsin. Ona yalan danışmışdım. Demişdim ki, guya maşın mənə dayımın bəzi əşyalarını Mərdəkandakı bağ evinə daşımaq üçün lazımdır. Gətirdi… Köməkləşib sandığı maşının yük yerinə qoyduq”.
Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayon polis şöbəsinin əməkdaşı Ravil İbayevin məhkəməsi keçirilir. O, elə həmin şöbədə polis nəfəri işləyən, polis serjantı Muxtar Kazımzadəni sandıqqarışıq yandıraraq qətlə yetirməkdə təqsirli bilinir.
Buna da bax: İranın qadın futbol millisinin 8 üzvü kişi çıxdı
“Muxtarı sandıqqarışıq yandırdım”
Bu il aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsində yaşayanlar ərazi polisinə üzərində zorakılıq əlamətləri olan bir gəncin meyitini aşkar etmələri barədə məlumat veriblər. Elə həmin gün müəyyən edilib ki, yandırılan gənc Xətai rayonu ərazisində yaşayan və polis işçisi olan 27 yaşlı Muxtar Nəcəf oğlu Kazımzadədir. Elə həmin gün cinayətdə şübhəli bilinən iş yoldaşı - İmişli Rayon Polis Şöbəsinin sürücüsü Ravil İbayev saxlanılıb.
İstintaqın qənaətinə görə, Ravil İbayev tanışı olan bu gənci tamah məqsədilə öldürüb. Hadisə Xətai rayonu ərazisində baş versə də, meyit Xəzər rayonu ərazisinə gətirilərək yandırılıb. Hakim Əlisultan Osmanov və dövlət ittihamçısının suallarını cavablandıran Ravil İbayev hadisəni anbaan təsvir edib:
“Sandığı dəniz kənarına apardım, Muxtarı sandıqqarışıq yandırdım, sonra da evə qayıtdım. Sandığın məndə qalan açarını da yolda tulladım”.
Ravil İbayev məhkəməyə bildirib ki, Muxtarla Polis Akademiyasında qiyabi təhsil alırlarmış. Aprelin 17-də Muxtarla Ravil sonuncunun maşını ilə Polis Akademiyasına imtahan verməyə gediblər. Bir neçə saat sonra ailə üzvləri Muxtarla əlaqə saxlamağa cəhd etsələr də, boşa çıxıb. Axşam saatlarında Muxtarın telefonuna ümumiyyətlə, zəng çatmaması ailə üzvlərində narahatlığı artırıb.
Buna da bax: "Həzərat, bütün kommunal xidmətlər bahalaşacaq"
Ölənin qohumları dərhal ondan şübhələniblər
Yaxınları onu Ravil İbayevdən xəbər almaq üçün evinə gəliblər. Ravil də Muxtardan bir neçə saat əvvəl ayrıldığını bildirib.
Ancaq Muxtarın qohumları Ravil İbayevdən şübhələniblər. Onlar ifadələrində bu şübhələrinin səbəbindən də danışıblar. Bildiriblər ki, Muxtar hadisədən bir neçə gün əvvəl öz maşınını satıbmış. Ravilə də bu barədə bildiribmiş. Ravil də məhz son günlər Muxtarın yanından çəkilmirmiş. Hətta bu, Muxtarın ailə üzvlərinin də diqqətindən yayınmayıbmış. Ona görə də Muxtarın ailə üzvləri Ravillə bir daha söhbət etmək üçün onun mənzilinə gəlirlər. Bu dəfə də qane edən cavab almadıqda polisə məlumat verirlər. Polis tezliklə Muxtarı aşkar edir – ancaq yandırılmış nəşini…
Muxtar Kazımzadənin yaxınları məhkəmədə bildiriblər ki, o, 3 il əvvəl həmin gün – aprelin 17-də ailə qurubmuş. Bir körpə övladı var. Ailə Muxtarın toyunun 3 illiyində baş vermiş faciəsi ilə barışa bilmir.
Məhkəmə iclası şahid ifadələri ilə davam edir.