ANS-in MTRŞ-a 1-ci məhkəməni uduzdu
Bakı İnzibati-İqtisad Məhkəməsində ANS Teleradio Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı iddiası əsasında məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Müseyib Bayramovun sədrlik etdiyi iclasda MTRŞ-nin ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin qapadılması barədə oktyabrın 5-də çıxardığı qərardan verdiyi iddiaya baxılıb.
ANS-in nümayəndəsi, vəkil Muxtar Mustafayev çıxış edərək bildirib ki, həmin qərarla ANS telekanalında yayımlanan “Salam Azərbaycan” verilişinin yayımı 10 gün müddətinə dayandırılıb və teleşirkətə maddi ziyan dəyib: “Vətəndaşlar həmin verilişə baxırdılar, bu qərar düzgün deyil. Verilişin efirə getməməsi həm də şirkətin reytinqini aşağı salır”.
MTRŞ nümayəndəsi Toğrul Məmmədov isə qərarın qanuni əsaslarla çıxarıldığını deyib və bildirib ki, ANS-in qaldırdığı iddianın heç bir perspektivi yoxdur: “Bizim qərar onların islah olunması üçün verilib. Şura daha sərt qərar verə bilərdi, amma humanist davranıb ki, şirkətə daha çox ziyan dəyməsin”.
Məhkəmə qərarına görə, ANS-in iddiası təmin olunmayıb.
Rus raketlərinin 4-ü İrana düşüb?
Adları çəkilməyən ABŞ rəsmiləri bildiriblər ki, Rusiyanın Xəzər dənizindən Suriyaya atdığı uzaqmənzilli raketlərdən dördü İran ərazisinə düşüb. Bunu USA Today yazır
Raketlərin dağıntı və ya insan tələfatı törədib-törətmədiyi barədə açıqlama verilməyib.
Rusiyanın Müdafiə Nazirliyi şərh verməkdən imtina edib. İranın FARS xəbər agentliyi isə bildirib ki, rəsmi Tehran bu xəbərləri hələlik şərh etməyib.
Çərşənbə günü Rusiya Xəzər dənizindən Suriyadakı hədəflərə 26 uzaqmənzilli raket atdığını bəyan etmişdi.
Facebook-da "Dislike" düyməsi daha olmayacaq
Facebook oktyabrın 8-də elan edib ki, “Dislike” (Bəyənmə) düyməsini tətbiq etməyəcək, əvəzində sosial şəbəkədə “Angry” (Qəzəbli), “Sad” (Qəmgin), “Yay” (Əla; Yaşasın) və "Wow" (Ay, nə gözəl) alternativləri təklif olunacaq.
Yeni variantlar oktyabrın 9-dan İrlandiya və İspaniyadakı istifadəçilərə təklif olunacaq.
Plutonda mavi səma və donmuş su
“Cırtdan” planet adlandırılan Plutonda mavi səma və donmuş su mövcuddur. Bu barədə ABŞ-ın fəza və aeronavtika agentliyi – NASA “Yeni Üfüqlər” (New Horizons) kosmik aparatının müşahidələri əsasnda məlumat yayıb.