-
Ombudsman Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlama və istintaq təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov, konfliktoloq Arif Yunus və başqaları ilə təkbətək görüşüb.
Bu haqda Ombudsman Aparatının saytında məlumat verilib. Məlumatda deyilir ki, təklikdə söhbət zamanı həmin şəxslər bu müəssisədə saxlanılma şəraiti, habelə müəssisə əməkdaşlarının rəftarından şikayət etməyiblər, keyfiyyətli qida və tibbi xidmətdən razılıqlarını bildiriblər.
Ombudsman Aparatından bildirirlər ki, başçəkmədə məqsəd saxlanılma şəraiti və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsindən ibarət olub.
Saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.
Ötən il saxlanılan jurnalist Rauf Mirqədirov dövlətə xəyanətdə təqsirləndirilir.
Arif Yunus və xanımı Leyla Yunus dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar. Arif Yunus 7, Leyla Yunus 8 il yarım azadlıqdan məhrum edilib.Onlara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.
Yunuslar ittihamları qəbul etmir, həbslərini siyasi sifariş sayırlar.