-
«Dedilər ki, 3 ay bundan əvvəl deputatlar artıq təyin olunub».
Bunu «Yeni Müsavat» qəzetinə namizədliyi qeydə alınmayan müğənni Elza Seyidcahan deyib.
Müğənni deyib ki, namizədliyini irəli sürdüyü 54 saylı Şabran-Siyəzən seçki dairəsindən ona təzyiqlər olub.
«Dedilər ki, özünü yorma, deputatlar artıq 3 ay bundan əvvəl təyin olunub. Üstəlik deputat olacaq şəxslərin siyahısını da göstərdilər. Dedim ki, mən bunlara inanmıram. BuYeni Azərbaycan Partiyası adına layiq olmayan, seçki qanunvericiliyinə, adına ləkə, şəffaflığına xələl gətirən, mənə qarşı olan təxribatdır».
Elza Seyidcahan ona təzyiqlər edənlərin icra aparatının nümayəndələri olduğunu bildirib: «Bu işdə mənə xüsusilə 6 nəfər kişi təzyiq edirdi. Onlar icra aparatının nümayəndələri idi. Oktyabrın 9-da, günün yarısınadək mənim şikayətim təmin olunmazsa, onların adları, tutduqları vəzifələri barədə mətbuata açıqlama verəcəyəm».
RAYON MAŞINLARININ SÜRÜCÜLƏRİ AYAĞA QALXDI
avtosfer.az saytı yazır ki, ucsuz-bucaqsız tıxaca dözməyən sürücülər maşını Yol polisinin üstünə sürüb.
«Lökbatan qəsəbəsi ərazisində qurulmuş polis postunda avtomobillərin bir-bir və ləng şəkildə yoxlanılması dəhşətli tıxaca səbəb olub. Şahidlərin dediyinə görə, tıxacın bir ucu Səngəçal terminalına çatırmış. Bundan hiddətlənən sürücülər yol polislərinə bir neçə dəfə etiraz edərək yolun açılmasını və ya işin daha sürətlə aparılmasını bildiriblər. Həmin sürücülər arasında Bakıda qeydiyyatda olanlar çoxluq təşkil edib. Lakin onların bəzilərinin maşınlarının nömrəsi 99-la başladığı üçün yol polisləri həmin avtomobilləri də yoxlamağa başlayıb. Elə bu səbəbdən də tıxac yaranıb. Vəziyyəti belə görən sürücülər «Meyvəli» bazarı tərəfdə yol polislərinə hücum çəkiblər. Şahidlərin dediyinə görə, bir neçə sürücü maşını yol polisinin üstünə sürəndən sonra polislər yolu açmalı olublar və bununla da hərəkət bərpa olunub».
HAKİMİYYƏTDƏ «PULT DAVASI»
«Azadlıq» qəzeti yazır ki, Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə telekanallar, xüsusilə ANS arasında yaranan qalmaqal hakimiyyət daxilində telekanallara nəzarət uğrunda savaşın təzahürüdür.
«Əslində məsələ AzTV-nin sədr müavini İbrahim Məmmədovun «vurulması» ilə başlayıb. Daha sonra proses digər telekanallarda başqa formada təzahür edib. Məlumdur ki, hakimiyyətin nəzarətində olan media quruluşlarına direktivlər Prezident Administrasiyasından gəlir. Orada isə bu işə əsasən iki nəfər baxır: Prezidentin köməkçisi Əli Həsənov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev. Ehtimal etmək olar ki, ziddiyyətlər bu şəxslər arasında baş qaldırıb. Bəzi iddialara görə, Ramiz Mehdiyevin səhhətində problemlər yarandığı zaman Əli Həsənov bir qədər də qabağa gedib. Hakimiyyətin nəzarətində olan mediaya təsir imkanlarını artırıb. Bəzi media rəhbərlərinə tərəfinə çəkə bilib. Ramiz Mehdiyev yenidən iş başına qayıtdıqdan sonra isə təşəbbüsü yenidən ələ alıb və beləliklə də, tərəflər arasında problemlər başlayıb».
ÖLKƏNİ ÇƏTİNLİKLƏRLƏ DOLU İL GÖZLƏYIR
«Bizim Yol» qəzeti yazır ki, dövlət büdcəsinin 70 faizdən çoxu neftdən gələn gəlirlər hesabına formalaşır.
«İndiyədək «qara qızıl» 110 dollara satılarkən, Azərbaycan hökumətinin hər bareldən 70-80 dollar arasında qazancı olurdu. İndi həmin mənfəət yarıbayarı aşağı düşüb. Gələn il də eyni vəziyyət davam edəcək. Gələn il Azərbaycanın təkcə iqtisadiyyatında deyil, eyni zamanda, siyasi aləmində də gərginliyin olacağı təkcə prezidentə deyil,hər kəsə bəllidir. Sadəcə olaraq, hökumət indiyədək heç vaxt qarşıda gələn ilin ağır olacağını etiraf etməmişdi».
DAYANIQLI İNKİŞAFI TƏMİN EDƏN SİYASƏT
«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı davam edir.
«Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi, rəqabətqabiliyyətliliyinin yüksəldilməsi, real sektora, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması tədbirləri, təmin edilmiş siyasi və makroiqtisadi sabitlik Azərbaycan iqtisadiyyatının xarici təsirlərə və risklərə dayanıqlılığını şərtləndirən başlıca amillərdir. Dövlət başçısının qeyd etdiyi kimi: «Əvvəllər bizim uğurlarımızı bədxahlar, paxıllar neftlə bağlayırdılar. Deyirdilər ki, Azərbaycanda neft hasil olunur. Ona görə Azərbaycan inkişaf edir. Yaxşı, Azərbaycanda neft hasilatı artmır, düşür. Neftin qiyməti iki dəfədən çox düşüb. Ancaq biz yenə də inkişaf edirik».