-
«Keçmiş Sovetlər Birliyinin ən yaşlı və təhlükəli münaqişəsi olan Dağlıq Qarabağ yenidən püskürür. Ermənistanla Azərbaycanın 1994-cü il atəşkəsinə ciddi təhlükə yaranıb. İki il öncə hərdənbir snayper atəşi açılırdısa, indi minaatıcılar işə düşüb».
Bunu Vaşinqtonda yerləşən Karneqi Beynəlxalq Sülh Fondunun aparıcı əməkdaşı, Qarabağ münaqişəsi haqda iki kitabın müəllifi Thomas de Waal yazır.
Müəllifin fikrincə, hələlik tammiqyaslı müharibəyə qayıdış ehtimalından danışmaq tezdir, ancaq Bakı və Yerevandakı liderlər elə bir hərbi mövqeyə çatırlar ki, sonra bu mövqedən çəkilmək çətin olacaq.
MƏSULİYYƏT DAŞIYAN YOXDUR
«Söhbət «Rusiyanın əli»ndən getmir – hərçənd Rusiyanın davranışından da duruma fayda yoxdur. Qafqazın təhlükəsi ondadır ki, heç kəs məsuliyyət daşımır və Qarabağ Ukraynadan Suriyaya uzanan nizamsızlıq zəncirində bir halqaya çevrilməkdədir. Rusiya bütün bu qarışıqlığa bulaşsa da, buna görə tam məsuliyyət daşımır», - Thomas de Waal yazır.
«1994-cü ildə döyüşlər səngiyəndən Qarabağ münaqişəsi heç vaxt dondurulmayıb. Heç münaqişə Rusiyanın nəzarətində də olmayıb. Başlanğıcını 1988-ci ildən, Gorbachev erasından götürərək lokal xarakter daşıyıb, iki qatı millətçi hərəkatın toqquşmasından alovlanıb. SSRİ dağılanda iki millət müharibəyə başlayıb…».
Müəllifin fikrincə, 1994-cü ildə atəşkəs imzalanandan bəri çözülməmiş qalan münaqişə Ermənistan və Azərbaycanda inkişafı ləngidib, ancaq heç biri də sülh yolunda ağrılı kompromislərə hazır olmayıb: «Ermənistanın yarı-demokratik, Azərbaycanın isə avtoritar liderləri üçün rejimin saxlanması tam prioritet təşkil edir. Onlar dəyişiklikdən qorxur və periodik şəkildə «Qarabağ kartı»ndan faydalanırlar. Son iki ildə prezident İlham Əliyev Azərbaycanı Avropanın ən avtoritar ölkəsinə çevirib, ritorikasını da gücləndirib, ermənilərə «faşist», «terrorçu» deyib. Sentyabrın 26-da isə Ermənistan prezidenti Serzh Sargsyan da öz növbəsində ritorikanı artıraraq Qarabağı «Ermənistanın ayrılmaz hissəsi» elan edib».
YAXŞI PLAN OLSAYDI...
Rusiya bu təhlükəli durumu yönləndirməyə çalışsa da, ipləri dartmır. Ümumilikdə Moskvanın münaqişənin həllində strateji marağı var və bəzən məsuliyyətli sülhməramlı rolunu da oynayıb. Ancaq bu ölkə münaqişədən periodik yararlanaraq həm Ermənistan, həm də Azərbaycan üzərində taktiki üstünlüklər qazanıb, Cənubi Qafqazda mövqeyini də saxlayıb.
Müəllif Rusiyanın Ermənistanla hərbi əməkdaşlığı gücləndirməsindən, eyni zamanda Azərbaycana da ağır texnika satmasından bəhs edir:
«Rusiyayla Qərbin Ukrayna mübahisəsi sülh prosesini zəiflədib, mühiti korlayıb… Rusiyanın yaxşı bir planı olsaydı, bununla məşğul olmaq daha asan başa gələrdi– ancaq hətta Qafqazda və bütün postsovet məkanında plan varsa belə, işləmir. Rusiyanın son vaxtlar hər yerdə törətdiklərindən refleks, PR və improvizasiyanın iyi gəlir, nəinki nəhəng bir strategiyanın. Və hər yerdə də özündən sonra bir qarışıqlıq qoyub gedir».
RUSİYA LAYİHƏLƏRİ
«Prezident Putin 2014-cü ildə Krımı anneksiya etməklə bir xal qələbə qazandı. Ancaq bu məkanda onun nəzarət rıçaqları saysız idi və həmin məqamda Kiyevdə faktiki hökumət də yox idi. Lakin Putin-in Ukraynada daha böyük «Novorossiya» layihəsi iflasa uğradı. Donbas isə Kremlin inanmadığı, kriminal ekstremistlərin idarə etdiyi, qarşısıalınmaz bir xaos içində qaldı».
Müəllifin fikrincə, Rusiyanın 2008-ci ildə tələsik tanıdığı Abxaziya və Cənubi Osetiya da Moskvaya siyasi və maliyyə yükünə çevrilməkdədir. 2011-ci ildə Kreml Cənubi Osetiyada hətta öz namizədini belə seçdirə bilmədi. Başqa heç bir böyük ölkənin tanımadığı bu ərazilərin Gürcüstanla yaxınlaşma şanslarının da üstündən xətt çəkib.
Daha geniş postsovet regionuna baxanda da görürük ki, heç nə plan üzrə getmir. Putin-in qarşısında Rusiyayla münasibətləri kəsmək istəyən bir Ukrayna dayanır:
«Putin-in qarşısında Özbəkistan kimi, xaricilərə qarşı avtokratik qalalar ucaldan liderlər dayanır. Digər liderlər Moskvayla Qərb arasında var-gəl etməkdədir. Bu cərgədə Avrasiya Birliyinin iki əsas üzvünü – Qazaxıstan prezidenti Nursultan Nazarbaev-i və Belarus lideri Alyaksandr Lukashenka-nı görmək olar. Sonuncu ötən həftə BMT-də prezident Barack Obama ilə şəkil də çəkdirdi».
ÖZBƏKİSTAN KATEQORİYASI VƏ MÜHARİBƏ RİSKİ
«Azərbaycan Özbəkistan kateqoriyasında yer alır, Əliyev vətəndaş cəmiyyəti, media və müxalifətdən qalanlara qarşı kütləvi təzyiq kampaniyası aparmaqla rejimini hər hansı dəyişiklik təhlükəsindən qoruyur. Bu, Azərbaycanı Qərbdən uzaqlaşdıraraq Rusiyaya yaxınlaşdırıb. Ancaq özünün enerji maraqları, Türkiyə ilə güclü əlaqələri olan Azərbaycan heç vaxt Rusiyanın müttəfiqinə çevrilməyəcək. Ermənistan isə, Belarus və Qazaxıstan kimi, balans yaradır – formal olaraq Rusiyanın müttəfiqidir, ancaq Gürcüstan, AB, NATO və Birləşmiş Ştatlarla yaxşı münasibətləri saxlamaq fürsətini də qaçırmır».
«Vacib məqam odur ki, Moskva heç bir ölkədə, özəlliklə Qarabağ kimi milli marağa toxunan məsələdə iradəsini yedirdə bilməyəcək. Amma hər iki tərəfə silah satmaqla Rusiya 1994-cü ildə vasitəçilərin əldə etdiyi sülh prosesində sabitsizlik yaradır».
«Qafqaz son illər ərzində ən qeyri-sabit və proqnozlaşdırılmayan bir hala gəlib. Ermənistanla Azərbaycanın sonuncu toqquşmaları isə tərəflərin ciddi insidentə sürüklənməsi riskini artırıb. Yanlış dəyərləndirmələr heç kəsin istəmədiyi, ancaq heç bir tərəfin də geri çəkilməyə hazır olmadığı kiçik müharibəyə gətirə bilər».
«Rusiyanın davranışı bu riski əngəlləməyi çətinləşdirir – amma hazırda başqa heç kimin də həmin qorxulu ssenarini dayandırmağa gücü çatmaz».
Thomas de Waal-ın bu məqaləsi ilk dəfə olaraq «POLITICO Europe» portalında dərc olunub.