Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:55

İŞİD Inc: cihadçılar neftdən necə qazanır


İraqda neft yatağı.
İraqda neft yatağı.

-

«The Financial Times» yazır ki, «İslam Dövləti» (İD, əvvəlki adı İŞİD) silahlı qruplaşmasının neft əməliyyatları hətta düşmənlərini də onlarla ticarətə məcbur edir.

Suriyanın şərqində, əl-Ömər neft yatağı üzərindən hərbi təyyarələr uçur. Aşağıda isə 6 km uzunluğunda maşın növbəsi dayanıb. Bəzi sürücülər xam neft doldurmaq üçün bəzən bir ayadək gözləməli olurlar.

Burası İŞİD torpağıdır. Bu qruplaşma ilə savaşan beynəlxalq koalisiya neft ticarətini əsas hədəfi elan etsə də, hələ ki, bu ticarətə xələl gəlməyib.

Suriyalı ticarətçilər, neft mühəndisləri, Qərb kəşfiyyatçıları ilə müsahibələr İŞİD-in neft biznesinin böyüdüyünü göstərir. Getdikcə daha bacarıqlı fəhlələr, mühəndislər, təlimçilər, menecerlər işə götürülür.

İŞİD-in nəzarətində olan ərazilərdə sutkada 34-40 min barrel xam neftin istehsal olunduğu bildirilir. Bu neft elə yerindəcə çəlləyi 20-45 dollara satılır. Beləliklə yaraqlılar günə ortalama 1.5 milyon dollar qazanmış olurlar.

«Bu durum həm gülməlidir, həm də ağlamalı», - Hələbdə üsyançıların komandiri deyir. O, da İŞİD-in ərazisində dizel alır, baxmayaraq ki, başçılıq etdiyi qüvvələr cəbhə xəttində bu qruplaşma ilə savaşır: «Ancaq başqa çarəmiz də yoxdur. Yalın əllə inqilab edirik. Bizə başqa yanacaq təklif edən var ki?».

«The Financial Times» yazır ki, xam neft satışı İŞİD-in ən böyük gəlir mənbəyidir:

«Qlobal terrorçu şəbəkəsi olan «əl-Qaidə» varlı xarici sponsorlardan asılıydısa, İŞİD nəzarətində olan ərazilərdə istehsal olunan əsas məhsulun inhisarçısı olmaqla, maliyyə gücünü artırıb. Hətta onu ixrac edə bilməsə belə, Suriya və İraqdakı böyük «əsir» bazarı bəsidir».

Qaz kəmərinin təməlqoyma mərasimi.
Qaz kəmərinin təməlqoyma mərasimi.

TÜRKIYƏYƏ DƏYƏN QLOBAL ENERJİ BAZARINA DƏYİR

Türkiyədə oktyabrın 10-da 99 nəfərin ölümüylə nəticələnmiş terror hücumu dünyada enerji maraqları qalasının necə kövrək olduğunu üzə çıxardı. Bunu «Stratfor» Araşdırmalar Mərkəzi yazır. Bu hücum – istər, hökumətin dediyi kimi, islamçı yaraqlıların, istər «paralel dövlət» casuslarının, istərsə də bəzi müxalifət liderlərinin işi olsun – Türkiyəni çulğalayan daxili gərginliyin qəddar sifətini ortalığa qoydu.

Bu, eləcə də dünyaya sərt bir xəbərdarlıq oldu ki, bir neçə həftəyə Türkiyənin strateji tərəfdaşlığa uyğun konsepsiyası da radikal dəyişə bilər. Türkiyə Birləşmiş Ştatlar və Avropanın dəstəklədiyi, eləcə də Rusiyanın hazırladığı nəhəng neft-qaz layihələrində tərəfdaş sayılır.

Türkiyədə sabitlik məsələsi də gündəmə gəlir. Ölkə ən kritik seçkiyə yaxınlaşır. Cəmiyyətdə gərginlik artmaqdadır. Demokratik prosesin zərbə altında qalacağı, yeni bir vətəndaş müharibəsinin baş qaldıracağı sarıdan narahatlıq artır.

Yazıda vurğulanır ki, Türkiyənin coğrafiyası bu problemi daha da mürəkkəbləşdirir. Cənubda – Suriya və İraqda çoxtərəfli münaqişələr gedir. Şimalda və şərqdə Moldova və Ukraynadan tutmuş Rusiya, Qafqaz və İranadək böhran və qeyri-müəyyənlik qurşağı uzanır.

Müəllif qeyd edir ki, Ukrayna, Rusiya, Azərbaycan, İran və İraqdan böyük həcmdə neft və qaz Türkiyədən keçən, yaxud Türkiyədə bitən kəmərlərlə axır. Türkiyənin içində və ya ona yaxın ekstremist qruplar bu kəmərlərin bəzilərini təhdid ediblər. İŞİD Kərkükdən gələn xəttə hücum edib, PKK isə Türkiyənin şərqində Azərbaycan və İran qazını Türkiyəyə daşıyan kəmərlərə təhlükədir.

Ankara terroru bir əlamətdirsə, durum daha da pisləşə bilər. Ölkə boyunca daxili sabitliyə təhlükə yaranıb. Təkcə mövcud xətlər deyil, hazırlanmaqda olan layihələr də zərbə altındadır.

Vladimir Putin.
Vladimir Putin.

RUSİYA DONDURULMUŞ ZONALARDA NÜFUZUNU SAXLAYIR

«The New York Times» qəzeti Rusiyanın postsovet məkanında dondurulmuş münaqişələrdə təsir gücünü necə qoruyub saxlamasından bəhs edir. Yazıda Rusiyanın Ukrayna, Krım, Cənubi Osetiya və Abxaziya, Dnestryanı bölgəyə müdaxilə etdiyi, «Soyuq müharibə» dövründən sonra da təsir dairəsini genişləndirmək iştahasının azalmadığı vurğulanır.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qeyd olunur ki, bu ərazi Azərbaycanın bir hissəsi kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınıb: «Dağlıq Qarabağ Respublikası 1990-cı illərin əvvəllərindən de-fakto müstəqil ölkə kimi çıxış etsə də, BMT-nin heç bir üzvü tərəfindən tanınmayıb».

Rusiya özünü münaqişəni bitirməyi hədəfləyən sülh danışıqlarının lideri kimi aparır, ancaq tənqidçilər onu alovu daha da qızışdırmaqda ittiham edir. Azərbaycanda belə bir narahatlıq var ki, separatçı respublikaçıya qarşı qətiyyətli addım atsa, Rusiya Ermənistana kömək məqsədilə müdaxilə edə bilər.

XS
SM
MD
LG