- "İndoneziyalı nazir bir neçə yazıçını, onların əsərlərini təqdim etdi və bu müəlliflərin tezliklə Avropada da tanınacaqlarına ümidvar olduğunu dedi.
"Sərgidə Azərbaycan yazıçılarından Anarın “Beşmərtəbəli evin altncı mərtəbəsi” və Elçinin “Ağ dəvə” romanları almanca türkiyəli mühacir Yıldırım Dağyelinin təşkil etdiyi “Dağyeli” nəşriyyatının stendində nümayiş etdirilirdi."
Vüqar Dəmirbəyli
67-ci Frankfurt Beynəlxalq Kitab sərgisi
Oktyabrın 14-dən 18-dək Almaniyanın Frankfurt şəhərində növbəti, 67-ci Kitab sərgisi keçirildi, bir gün əvvəl isə sərginin açılış mərasimi oldu.
Yazıçı Salman Rüşdinin sərginin açılışı ilə bağlı mətbuat konfransına dəvət olunmasına bir qədər əvvəl İran rəsmi səviyyədə kəskin etirazını bildirmiş və buna görə sərgidə iştirakdan imtina etmişdi.
Sərgi rəhbərliyini isə təkcə İranın boykotu yox, həm də Nobel mükafatının ədəbiyyat üzrə sonuncu laureatı Svetlana Alexievich-in sərgiyə gəlməməsi məyus etdi; Alexievich həmin ərəfədə Berlinə gəlsə də, Frankfurt sərgisinə qatılmaqdan imtina etdi.
Bu il sərgidə əsas ölkə kimi İndoneziya təmsil olunmuşdu. Açılış mərasimində ilk nitqi söyləyən Frankfurt Kitab sərgisinin direktoru Jürgen Boss və Alman Kitab ticarəti birləşmiş birjasının sədri Heinrich Riethmüller kitab bayramından daha çox Almaniyada və Avropada yaranmış qaçqınlar problemindən danışıb, vəziyyətin gərgin olmasından şikayətləndilər.
Bu dəfəki açılış mərasiminin sürprizlərindən biri də Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmayer'in bu tədbirdə iştirak etməməsi oldu.
Qeyd edək ki, hər il Frankfurt Kitab sərgisinin açılış mərasimində Almaniyanın xarici işlər nazirinin iştirakı bir ənənədir.
Bu dəfə Almaniyanın Mədəniyyət və Media üzrə dövlət naziri professor Monika Grütters hökumətin adından qonaqları salamladı.
Xanım Grütters'in çıxışında ən çox vurğuladığı məqam İndoneziyada islam demokratiyasının təntənəsi oldu.
İndoneziyalı qadın müğənni öz oxu tərzi və ifası ilə qonaqları məftun edəndən sonra söz alan İndoneziyanın ədəbiyyat təmsilçisi Goenavan Mohamad öz ölkəsində ədəbiyyatın son ildəki uğurlarından danışdı.
Bir neçə yazıçını, onların əsərlərini təqdim etdi və bu müəlliflərin tezliklə Avropada da tanınacaqlarına ümidvar olduğunu dedi.
Sonuncu natiq isə İndoneziyanın təhsil və mədəniyyət naziri Dr. Anied Rasyid Basvedan oldu. O, Avropada qaçqınlara bağlı yaranmış böhrana işarə edərək bildirdi ki, bu qitə üçün yenə də mədəniyyətləri birləşdirmək imkanı yaranıb.
Azərbaycanın stendi
Azərbaycan Mədəniyyət və Turizm Nazirliytinin stendi MDB ökələrinin və Türkiyənin də olduğu xarici nəşriyyatlar üçün nəzərdə tutulmuş 5.0 holunda yer almışdı.
Bu il Nazirlik “Dədə Qorqud” dastanının alman dilinə ilk tərcüməsinin 200 illik yubileyinin qeyd edilməsini planlaşdırmışdı.
Tanınmış ədəbiyyatşünas Şamil Sadiq “Dədə Qorqud” dastanından söz açdı. Dastanın Homerin “Odisseya” əsərinə göstərdiyi təsirdən danışdı və “Basatın Təpəgözü öldürdüyü boy”u buna sübut kimi göstərdi.
Şamil Sadiq həmçinin Dədə Qorqudun müxtəlif nüsxələrindən, Heinrich Friedrich von Diez'in 200 il öncə diqqətini çəkən bu dastandan alman dilinə etdiyi ik tərcümədən danışdı.
Sərgidə Azərbaycan yazıçılarından Anarın “Beşmərtəbəli evin altncı mərtəbəsi” və Elçinin “Ağ dəvə” romanları almanca türkiyəli mühacir Yıldırım Dağyelinin təşkil etdiyi “Dağyeli” nəşriyyatlnın stendində nümayiş etdirilirdi.
Bundan başqa, mənim “İlanlar padşahı”, “İsgəndərin buynuzu var, buynuzu...” hekayələrim "Größenwahn" nəşriyyatının toplularında bu nəşriyyatın stendini bəzəyirdi.
Rəsmi statistika
Frankfurt Kitab sərgisininin mətbuat xidmətinin verdiyi xəbərə görə, bu ilki sərgidə 100-dən artıq ökədən gəlmiş 7100-dən çox nəşriyyatların və başqa təşkilatların nümayəndələri iştirak ediblər.
Sərgiyə gələnlərin sayı isə bu il 280 min nəfərə yaxın olub.
Frankfurt Beynəlxalq Kitab sərgisinin gələn il əsas mövzusu Hollandiya və Flandriya (Flandiya qismən Hollandiyada, qismən də Belçikada yerləşir) olacaq.
2018-ci ildə isə bu şərəfə qonşü Gürcüstan nail olacaq.