Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:41

İlham Əliyev: "Sahibkarlara heç kim maneə olmamalıdır"


-

“Bu gün biznesə mane olmaq istəyən şəxslər Azərbaycana xəyanət edirlər”.

Prezident İlham Əliyev Sumqayıta rəsmi səfəri zamanı belə deyib. Prezident.az saytı yazır ki, ölkə başçısı Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində çıxış edib. Bildirib ki, Azərbaycanda biznes mühitinin yaxşılaşması üçün bütün şərait yaradılır:

“Siyasi iradə var, qanunvericilikdə düzəlişlər edilib, yeni qaydalar tətbiq olunur və əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır. Ölkəmizin uğurlu inkişafı biznesin inkişafından asılıdır. Dövlət siyasəti, prezidentin siyasi iradəsi var. Belə olan halda dövlət qurumları burada maneçilik törətməməlidirlər, əskinə, kömək etməlidirlər, şərait, imkan yaratmalıdırlar ki, biznes inkişaf etsin".

Buna da bax: Prezidentin gömrük haqda fərmanı işləyəcək?- [Fikrini de]​


“BÜTÜN BUNLARA SON QOYULACAQ”

İlham Əliyev bəzi hallarda sahibkarlara qarşı ədalətsizliklərin göstərildiyini, onların işinə müdaxilələr olduğunu, onlara qarşı əsassız tələblər irəli sürüldüyünü, qanunsuz ödəmələr tələb olunduğunu bildirib və əlavə edib ki, bütün bunlara son qoyulur və son qoyulacaq. Bütün hallarda həm inzibati tədbirlər, həm cəza tədbirləri davam etdiriləcək.

Adı çəkilən zavodda yeni qurğuların işə salınmasını qeyd edən ölkə başçısı onu da deyib ki, hazırda Azərbaycanda yaradılan müasir müəssisələr ən yüksək standartlara cavab verir:

“Sənayeləşmə siyasətinin aparılması üçün bizdə güclü iradə var. Eyni zamanda, burada yaradılan və yaradılacaq şəraitdən özəl qurumlar da istifadə edəcək. Çünki biz artıq xammal yox, hazır məhsul ixrac edəcəyik”.

“SAHİBKARLARA HEÇ KİM MANE OLMAMALIDIR”

Prezident vurğulayıb ki, kiçik və orta sahibkarlar üçün də çox böyük imkanlar yaradılacaq:

"O məhsullar ki bu günə qədər idxal edilirdi, artıq Azərbaycanda istehsal olunacaq və bütün bu işləri görmək üçün çox böyük tədbirlər planı icra edilir. İlk növbədə, Azərbaycanda investisiya iqlimi müsbətdir, digər tərəfdən, dövlət vəsaiti qoyulur, özəl sektor da bu işlərdə fəal iştirak edir".


İlham Əliyev sahibkarlığın inkişafının vacibliyindən də danışıb:

"Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”.

XS
SM
MD
LG