Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 08:06

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

08:13 1.11.2015
MSK sədri seçicilərə səsləndi

MSK sədri Məzahir Pənahov ümid etdiyini bildirib ki, bu seçkilərdə seçicilər fəal olacaq. O həmçinin deyib ki, komissiya üzvləri səsvermənin Seçki Məcəlləsinə uyğun keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər:

«Biz bütün məntəqələri lazım olan avadanlıqla təmin etmişik. Bu seçkilərdə bütün seçki subyektləri üçün əlverişli şərait yaradılıb. O cümlədən müşahidəçilər üçün. Müşahidəçilərin işinə heç bir müdaxilə olmamalıdır. Eyni zamanda müşahidəçilər də seçki komissiyalarının işinə qarışmamalıdırlar».

08:22 1.11.2015
MSK facebook-u izləyəcək

Məzahir Pənahov deyib ki, seçkinin bütün mərhələləri şəffaf aparılacaq. O, jurnalistlərə də üz tutub. Deyib ki, qanun pozuntuları baş verəcəksə, bu barədə açıqca məlumatlar versinlər.

Məzahir Pənahov qeyd edib ki, MSK işçiləri sosial şəbəkələri də izləyəcəklər:
«Mən sosial şəbəkə istifadəçilərini daha diqqətli olmağa çağırıram».
MSK sədri əlavə edib ki, 2 gün ərzində seçkinin ilkin nəticələri açıqlanacaq.

08:48 1.11.2015
Mətbuat Şurasının «qaynar xətti»

Parlament seçkiləri ilə əlaqədar Mətbuat Şurasının (012) 441 35 96, (012) 441 35 30, (050) 534 93 26 və (055) 201 99 26 nömrələri «qaynar xətt» rejimində fəaliyyətə başlayıb.

Şuradan KİV-ə verilən məlumata görə, peşə fəaliyyətini yerinə yetirən jurnalistlər hər hansı çətinliklə üzləşəcəkləri halda həmin nömrələrə zəng etməklə, məlumat verə bilərlər.

Şura bu gün işini Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq şəraitində quracaq. Seçkini işıqlandıran jurnalistlər üçün hər hansı maneə yaranacağı təqdirdə çətinliyin dərhal aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görüləcəyi vəd olunur.

09:28 1.11.2015
Komissiya üzvləri yoxdur

80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin 19 saylı məntəqəsində komissiya 2, 20 saylı məntəqəsində isə 3 üzvlə işə başlayıb. Bunun səbəbi barədə isə hələ ki, heç nə deyilmir.

Davamı

XS
SM
MD
LG