Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:32

Vəkil: «Rasimi görüşə çağırmaqda Cavidin məqsədi olub»


Cavid Hüseynov
Cavid Hüseynov

-

«Rasim Əliyevin onu döyən həmin adamlarla görüşünün təşkilatçısı Cavid Hüseynovdur. O görüşdə nə baş veribsə, deməli, onun təşkilatçısı da Cavid Hüseynov olub. Ona görə də biz vəsatət qaldırmışıq ki, Cavid Hüseynovun tövsifinə yenidən baxılsın».

Jurnalist Rasim Əliyevin vəkili Əshabəli Mustafayev AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, heç kim bu işdə futbolçunun günahının olmadığını söyləyə bilməz.

Vəkil başqa vəsatət də qaldırdıqlarını söyləyir. Ancaq istintaqın gedişinə mane olmamaq üçün bunu açıqlamır.

Cavid Hüseynovun vəkili Adəm Məmmədov noyabrın 3-də mətbuata deyib ki, jurnalistin döyülməsi və ölümündə Cavid Hüseynovun günahı yoxdur. O bildirib ki, Cavid Hüseynovla bibisi oğlu Elşən İsmayılov arasında «Whatsapp» yazışmaları da bunu göstərir.

Əshabəli Mustafayevsə həmkarının dediklərinə belə cavab verir: «Nəzərə almaq lazımdır ki, ilk tanışlıq Rasim Əliyevlə Cavid Hüseynov arasında olub. İlk o zəng edib jurnalistə. Sonradan digər şəxslər Cavid Hüseynov tərəfindən məlumatlandırılıb. Kimə məlumat veribsə, Cavid Hüseynov verib».

«ONA GÜVƏNİB GEDİB»

Vəkil onu da xüsusi vurğulayır ki, mərhum jurnalisti görüşə dəvət edən də məhz Cavid Hüseynov olub: «O, bir neçə dəfə zəng vuraraq israrla Rasim Əliyevi görüşə çağırıb. O deyib ki, belə görüş lazımdır. Bununla bağlı zənglər, mesajlar qalıb. Rasim «məsələ həll olunub» deyərək imtina etsə də, axırda razılaşıb. O, Cavid Hüseynovun sözünə inanıb. Bu respublikada tanınan adamdır, uşaq deyil, ona güvənib gedib. Cavid Hüseynovun onu görüşə çağırmaqda məqsədi olub. O, həmin adamların jurnalistdən üzr istəyəcəyini söyləsə də, görünür, məsələ başqa cür olub».

Əshabəli Mustafayev bir məqama da diqqət çəkir: «Cavid Hüseynov, dediyim kimi, tanınan adam idi, ətrafına böyük təsiri var idi. İnandırıcı deyil ki, ətrafındakı adamlar onun sözündən çıxsın, onlar özbaşına hərəkət etsinlər. Biz istintaqa vəsatət də vermişik ki, Cavid Hüseynovun tövsifinə yenidən baxılsın. O görüşün təşkilatçısı odur».

Vəkil Cavid Hüseynovun və yaxınlarının davranışına da münasibət bildirir: «O adamların ucbatından bir gənc ölüb, nakam gedib. Bu adamların, heç olmasa, mənəvi əziyyət çəkdiyini görmürük. Sabah barışıq üçün bu peşmançılıq hiss olunmur. Sözlərindən belə çıxır ki, öz ölümündə Rasim Əliyev özü günahkardır».

ÖZÜNÜMÜDAFİƏ RƏYİ?

O ki qaldı, jurnalistin ölümündə həkim səhlənkarlığı ilə bağlı tibbi ekspertizanın rəyinə, Əshabəli Mustafayev deyir ki, ondan xəbərsizdir: «Ekspertizanın rəyi ilə ilk növbədə təqsirləndirilən tərəf tanış olur. Ona görə həmin rəyi hələ görməmişəm. Ancaq biz belə bir rəy gözləyirdik. İstənilən halda bu rəyi Səhiyyə Nazirliyi verib və hadisə də nazirliyin nəzdindəki xəstəxanada baş verib. O da özünümüdafiə etmək üçün belə bir rəy verməli idi».

Ancaq vəkil deyir ki, belə bir rəy varsa, onu mübahisələndirəcəklər. Bununla bağlı artıq istintaqa vəsatətlər də veriblər.

Vəkil Adəm Məmmədov deyib ki, Rasim Əliyevin ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizasının rəyinə görə, həkimlər günahsız olub.

Avqustun 8-də Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Rasim Əliyev Bakının Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülüb. O, çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, avqustun 9-da keçinib.

Hadisədən sonra «Qəbələ»nin keçmiş oyunçusu Cavid Hüseynov və daha 5 nəfər həbs olunub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, jurnalisti futbolçunun qohumları ölümcül döyüblər. Tərəflər arasında mübahisəyə səbəb Cavid Hüseynovun əcnəbi jurnalistlə davranışına Rasim Əliyevin sosial şəbəkədə bildirdiyi münasibət olub.

XS
SM
MD
LG